ABŞ Senatında Azərbaycana görə qalmaqal yaşandı – erməni lobbisi məyusdur

0
232

ABŞ Senatında Cənubi Qafqazla bağlı keçirilən dinləmələrdə qalmaqal yaşanıb.

E
rməni lobbisini üzvləri Dövlət Departamentinin nümayəndələrindən Azərbaycana verilən dəstəyin kəsilməsini, ermənilərə dəstəyin artırılmasını tələb ediblər. Diplomatların cavabı isə onları qane etməyib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst demokrat senator Bob Menendez ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Kern Donfrid və Qafqaz üzrə xüsusi nümayəndə Filip Rikerə Ermənistanın maraqlarına uyğun suallar ünvanlayıb.

– 44 günlük müharibədən sonra ABŞ Azərbaycana hərbi dəstəyi niyə davam etdirir?
– Dövlət Departamenti bu yardımın Ermənistana qarşı yönəlmədiyinə əmindirmi, sentyabr döyüşlərindən sonra Vaşinqton Azərbaycana hansı qiymət verib?

Menendez iddia edib ki, Vaşinqtonun siyasəti 907-ci düzəlişə ziddir. Rəsmi mənbələrə görə, son 20 ildə ABŞ Azərbaycana ümumilikdə 800 milyon dollardan çox yardım edib.

“Dövlət Departamenti Azərbaycana sonuncu yardımı sentyabr döyüşlərindən bir neçə ay öncə təsdiqləyib. Bu, qəbuledilməzdir”, – Menendez “erməni ağzı” ilə danışıb.

Donfrid cavabında bildirib ki, qərar qəbul edilərkən hər şey nəzərə alınıb, Ermənistana qarşı istifadə olunmayacaq yardımlar edilib.

“Biz sərhəd təhlükəsizliyi üçün öldürücü olmayan avadanlıqlar veririk. Bu, İrandan gələn transmilli təhlükələri və Cənubi Qafqaz, Rusiya və Avropa qaçaqmalçılıq marşrutlarının nəzarətdə saxlanılmasında əhəmiyyətli nəticələr verib. Ona görə, inanıram ki, bu, sərhəd təhlükəsizliyinə dəstək verəcək”, – dövlət katibinin müavini deyib.

Menendez replika ataraq, “bu, həm də Azərbaycana Ermənistanın faktiki sərhədlərini pozmağa imkan verəcək” iddiasını irəli sürüb. Onun bu yersiz replikası cavabsız qalıb.

Növbəti məsələ Qarabağda separatçı-terrorçulara “humanitar dəstək” adı ilə göstərilən maliyyə yardımı ilə bağlı olub. Menendez “ermənilər üçün hansı işlər görülür?” deyə soruşub.

Dövlət katibinin Qafqaz xüsusi nümayəndəsi Filip Riker bildirib ki, ABŞ hökumətinin “humanitar missiyaları”nın Qarabağa çatması son dərəcədə məhduddur.

“Hətta mən Xankəndinə də gedə bilməmişəm”, – Riker mövcud vəziyyəti bu sözlərlə izah edib.

F.Riker əlavə edib ki, Azərbaycan və Ermənistanın münasibətlərini tənzimləmək üçün tarixi imkanları var: “ABŞ və Avropa İttifaqı yalnız təmasları dəstəkləyir, gündəmi isə tərəflər özləri formalaşdırır. Tərəflər sülh sazişinin beş prinsipi ilə bağlı razılığa gəlib. Ermənistan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsini altıncı prinsip olaraq daxil etmək istəyirdi. Açığı bu, Qarabağdakı ermənilərlə Bakının arasında müzakirə edilməsi olan bir şeydir və mən bunun üçün beynəlxalq mexanizmin lazım olduğunu bildirmişəm”.

Diplomatların cavabı erməni lobbisinin üzvləri olan senatorları qane etməyib. Məlumata görə, sual-cavab sessiyası gərgin keçib, senatorlar tez-tez diplomatların sözünü kəsib, yaxud çarpaz suallar veriblər.

Və məyus olublar, çünki əvvəlki kimi, Vaşinqtonun siyasətinə təsir edə bilmirlər. Menendez də məyus olduqlarını etiraf edib və ABŞ hökumətini Azərbaycanla “filört etməkdə” ittiham edib.

Bu dinləmə bir daha göstərir ki, bəzi senatorlar erməni maraqlarını ABŞ-ın milli maraqlarından daha çox müdafiə edir. Lakin həm də onu təsdiq edir ki, erməni maraqları ətrafında birləşən şəbəkə, proseslərə əvvəlki qədər təsir edə bilmir.