ABŞ səfirliyinin əməkdaşlarına Rusiyanı tərk etmək öhdəliyi qoyulub

0
376

ABŞ səfirliyinin üç ildən artıq Moskvada olan əməkdaşları 2022-ci il yanvarın 31-nə kimi Rusiyanı tərk etməlidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

“Biz ABŞ-ın tələbini məhz ölkədən çıxarılma kimi qiymətləndiririk və buna uyğun reaksiya vermək niyyətindəyik. ABŞ səfirliyinin üç ildən artıq Moskvada olan əməkdaşları 31 yanvar 2022-ci ilə qədər Rusiyanı tərk etməlidirlər”, – deyə Zaxarova bildirib.

O, bunun Rusiyanın deyil, ABŞ-ın seçimi olduğunu vurğulayıb.

“Gələn ilin iyulun 1-nə qədər Vaşinqton üç illik qaydadan əl çəkməsə və güzəştə getməsə, Dövlət Departamentinin elan etdiyi rusların sayına uyğun olaraq yenə işçilər yollanacaq”, – deyə Zaxarova əlavə edib.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun Rusiyaya qarşı neqativ münasibətinin dəyişmədiyini bildirmişdi. Onun sözlərinə görə, yanvar ayında 27 rusiyalı diplomat ailələri ilə birlikdə ABŞ-ı tərk etməlidir.

“İki ölkə arasında viza problemi hələ də həll olunmamış qalır və Rusiya ciddi “kadr aclığı” yaşayır”, – deyə o bildirib.

Antonov həmçinin Vaşinqtonu Rusiya səfirliyinin 100-ə yaxın rəsmisi üçün ABŞ vizalarının və ya ölkəyə giriş icazələrinin yenilənməsini gecikdirməkdə ittiham edib.