ABŞ prezidentlərinin düşdükləri 10 gülünc vəziyyət

0
658

Dövlət başçısı olmaq bir sıra keyfiyyətlərə malik olmaq deməkdir. Bunlardan biri də insanlarla ünsiyyət qurmağı bacarmaqdır. Bu bacarıq bütün ölkələrin rəhbərlərinə xas olmalıdır. ABŞ kimi dünya iqtisadiyyatı və siyasətinə müstəsna təsirə malik olan bir ölkənin prezidenti isə bildiyimiz kimi, daim dünya KİV-lərinin nəzarəti altında olur. Buna baxmayaraq, ABŞ tarixində bu nəhəng ölkənin prezidentlərinin gülünc vəziyyətə düşdüyü məqamlar az olmayıb.

 ABŞ rəhbərlərinin düşdükləri 10 gülünc vəziyyəti təqdim edirik:

Corc Buş və Yaponiyanın Baş naziri

Corc Buş-ata 1992-ci ildə düz Yaponiyanın Baş naziri Kiiçi Miyaszavunun üzərinə qusur, daha sonra isə ürəyi gedərək qonşusunun üzərinə yıxılır. Onun köməyinə həyat yoldaşı Barbara Buş, keşikçilər və hətta məxfi xidmətin əməkdaşları özlərini çatdırırlar.

Bir neçə dəqiqədən sonra Buş özünə gəlir və üzrxahlıq edərək otağı tərk edir.

Bill Klintonun saç əhvalatı

Los-Angelesin Beynəlxalq hava limanında 1993-cü ilin mayın 18-də bütün reyslər gecikirdi. Bu gecikmələr prezident Bill Klintonun „Air Force One”nın göyərtəsində saçını vurdurmağı ilə bağlı idi. Belə ki, bu zaman aeroportun dörd uçuş zolağından ikisi bağlanmışdı.

“Federal Aviation Administration”nın (FAA) verdiyi məlumata əsasən, həmin an bir neçə təyyarə hava limanının üzərində dövrə vuraraq, dispetçerdən eniş üçün icazə gözləyirdi.

Corc Buş və qapı

Corc Buş-oğul 2005-ci ildə Çinə rəsmi səfəri zamanı qapını aça bilməyərək gülünc vəziyyətə düşüb.

Mətbuat konfransı zamanı jurnalistlərdən biri Buşa sual verir ki, onun hansı problemləri var. Belə ki, görüş zamanı prezident elə bil darıxırdı və sanki görüşdən sonra getməyə tələsirdi. Buş jurnalistə cavabında bildirir: “Siz saat qurşaqlarının dəyişməsi haqqında nəsə eşitmisinizmi?”

Bu cavab jurnalisti qane edir. O, növbəti sualı verməyə hazırlaşanda Buş mətbuat konfransını cəld bitirir və qapıya tərəf tələsir. Lakin qapı açılmır. O, bir neçə dəfə qapını açmağa cəhd etsə də, faydası olmur. Buş pərt vəziyyətdə boynuna alır ki, qaçmağa çalışırdı. Sonra isə o, başqa qapıya tərəf gedir.

Endrü Conson və İsa Məsih

Endrü Conson məhz Linkoln öldürülən zaman vitse-prezident olduğu üçün prezident olmuşdu. O, vəzifə başına keçən vaxt ölkə, demək olar, parçalanmış, Vətəndaş müharibəsindən sonra yenicə özünə gəlməyə başlamışdı.
Cəmiyyət arasında güclü gərginlik hiss olunur, yeni vətəndaş müharibəsinin başlanmaq təhlükəsi vardı.

O zaman ölkədə irqçilik zəminində yüksək zorakılıq  mövcud idi. Prezident isə buna göz yumurdu. O, öz problemlərində ətrafdakıları günahlandıran irqçi idi.

O, dəfələrlə konqreslə mübahisə edir və bu zaman konqressmenlərə divan tutmağı təklif edirdi. O, bir dəfə hətta içərək özünü İsa Məsihlə müqayisə edir.

Konqress 1867-ci ildə Consona insanları tutduğu vəzifədən çıxartmağı qadağan edən qanun qəbul edir. Konqressmenlər bilirdilər ki, Conson qanunu pozacaq, lakin onlar prezidentə impiçment elan etmək istəyirdilər.

Onların gözləntiləri özünü doğruldur və 1868-ci ildə ona impiçment elan olunur.

Corc Buş və İspaniyanın Baş naziri

Corc Buş-oğul 2001-ci ildə İspaniyanın Baş naziri Hose-Mario Asnarı canlı yayımda səhvən “qaz” adlandırır. Belə ki, Buş ispan telekanalına müsahibəsində Baş nazirin soyadını “Ansar” kimi tələffüz edir ki, bu da ispan dilində “qaz” deməkdir.
Bundan savayı, o, Baş nazirə prezident deyə müraciət edir. Məsələ ondadır ki, İspaniya konstitusiyalı monarxiyadır, orada prezident deyil, kral var.

İspaniya kralı da borclu qalmır. Corc Buş və ABŞ-ın dövlət katibi olan Kondoliza Rays ilə görüşündə, o, xanım Raysa ispan sözü olan “arroz” deyə müraciət edir ki, bu da “düyü” deməkdir.

Riçard Nikson və təhlükəsizlik xidmətinin uniforması

Riçard Nikson 1970-ci ilin yanvarında Ağ evi qoruyan  təhlükəsizlik xidmətinin əməkdaşlarının qara uniformasını yenisi ilə əvəzləmək qərarına gəlir.

O, yeni uniforma ideyasını Avropadan gətirmişdi. O, həmçinin ABŞ-a rəsmi səfər etməyə hazırlaşan Britaniyanın Baş naziri Harold Vilsona xoş təəssürat bağışlamaq istəyirdi.

Beləliklə, qızılı çiyinləri olan ağ tunika, qara şalvar, qara iti uclu papaq və silah alınır. Nəticədə bu uniforma Niksonu gülüş hədəfinə çevirir.

Bəzi KİV-lər yeni geyimi şveytsarların (binalarda qapıçı – red.) uniforması  ilə müqayisə edir, bəziləri isə nasist paltarı adlandırırdı.

Nəticədə qısa zamanda uniforma dəyişdirilir.

Yerin mərkəzinə ekspedisiya

“Boş Yer” nəzəriyyyəsinin tərəfdarları  planetimizin mərkəzinin boş olduğunu hesab edirlər. Onların fikrincə, bu boşluqda özlərinin günəşi olan  inkişaf etmiş sivilizasiya yaşayır ki, bu da qlobal istilənməyə səbəb olur. Həmin sivilizasiya hərdən Yerin üstünə çıxır və bu da NUO-nu (Naməlum Uçan Obyekt) izah edir.

Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, Yerin mərkəzinə getməyin üsullarından biri Himalay dağlarındakı dəlik vasitəsilədir.

Bu nəzəriyyənin tərəfdarlarından biri olan Con Klivs Simms-oğul  Şimal qütbündəki dəliyi tapmaq qərarına gəlir. O, ekspedisiyanı maliyyələşdirməsi üçün konqressə müraciət edir. Konqress Yerin mərkəzinin boş olmadığı və orada heç bir sivilizasiyanın yaşamadığını bildiyi üçün razılaşmır.

Lakin prezident Con Kinsi Adams konqresdən ekspedisiyanı maliyyəşdirməsini tələb edir. Buna baxmayaraq, ekspedisiya baş tutmur, belə ki, bu müddətdə ABŞ-da növbəti prezident seçkiləri keçirilir. Yeni seçilmiş prezident Endrü Cekson maliyyələşdirməməkdə  konqreslə razılaşır.

Cimmi Karterin tərcüməçisinin səriştəsizliyi

Polşaya  1977-ci ildə rəsmi səfəri zamanı ABŞ-ın Dövlət departamenti Cimmi Karterin nitqini polşalılara tərcümə etmək üçün frilanser tərcüməçi  tutur. Tərcüməçinin adı Stiven Seymur idi və ona günə 150 dollar ödənilirdi. Təəssüf ki, tərcüməçi qeyri-professional  çıxdı.

O, rus dilini polyak dili ilə qarışdırır, çoxdan dildən çıxmış polyak idiomları işlədir, eləcə də Karterin bəyanatlarını düzgün tərcümə etmirdi.

Məsələn, Karter ABŞ-dan çıxdığını  deyəndə, Seymur prezidentin ölkəni həmişəlik tərk etdiyini və bir daha geri qayıtmayacağını bildirmişdi.

Karter Polşanın 1971-ci il konstitusiyasını tərifləyəndə, Seymur onun yalnız rişxənd doğurduğunu bildirmişdi.

Seymur, həmçinin “on milyon amerikalının kökü olan ölkə” əvəzinə  Polşanı “on milyon amerikalının vətəni” adlandırmışdı.

Nəticədə, ABŞ gülüş hədəfinə çevrildi və Ağ ev rəsmi üzrxahlıq etməli oldu.

Riçard Nikson və jurnalist

Prezident Riçard Niksonun pressa ilə münasibəti gərgin idi. Jurnalistlər onun çirkli əməllərinin üstünü açmağa can atırdılar, prezident isə onların lisenziyasını əllərindən almağa çalışırdı.

O, həmçinin müxbirləri özünün düşmənləri siyahısına salıb, hətta FAB-ı  (Federal Axtarış Bürosu) onların şəxsi həyatını araşdırmağa cəlb etmişdi. Niksonun həyatını məhv etmək istədiyi 20 jurnalistdən ibarət siyahısı vardı.

Onun gözünün qatı düşməni isə Niksonun 20 il öncə, hələ prezident olmamışdan qabaq  etdiyi əməllərini ictimaiyyətə açmış Cek Anderson idi.

Anderson tez-tez məxfi sənədləri dərc edirdi. Onun fəaliyyəti nəticəsində bəzi siyasətçilər həbsə salınmış, bəziləri isə özünə əl qatmışdılar.

Nikson “Anderson problemini” birdəfəlik həll etmək üçün MKX-nin (Mərkəzi Kəşfiyyət Xİdməti) sabiq agenti Hovard Hant və FAB-nun sabiq agenti Qordon Liddiyə müraciət edir. Agentlər Andersonu aradan qaldırmağın qəza, narkotikdən zəhərlənmə və s. kimi bir neçə yolunu təklif edirlər.

Lakin həmin iki agent başqa tərəfdən də təklif alaraq, Demokratik partiyanın qərargahında dinləmə qurğuları yerləşdirirlər. Beləliklə də, Niksonun istefası ilə nəticələnən Voterqeyt qalmaqalı baş qaldırır.

Riçard Nikson və marixuana

Riçard Nikson 1958-ci ildə vitse-prezident idi ki, bu da ona sərhəddən narkotik keçirməyə kömək etmişdi.

Bir gün o, Nyu-York hava  limanında caz musiqiçisi və Dövlət departamentinin səfiri Luis Armstronqla qarşılaşır.

Musiqiçi beynəlxalq turnedən qayıdırdı və çantasında 1,4 kq maruxuana vardı. Nikson musiqiçiyə yaxınlaşır və onun nə etdiyi ilə maraqlanır. Armstronq cavabında bildirir ki, turnedən qayıdıb və gömrük növbəsini gözləyir.

Nikson çantanı götürür və bildirir ki, səfirlər gömrükdən keçməməlidirlər. Hər ikisi gömrükdən yan keçirlər.

İllər sonra Nikson həqiqəti biləndə sadəcə “Luis marixuana çəkirdi?!” deyə bilir.