ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.
İmpiçment qiyama təhriketmə maddəsi üzrə elan olunub.
Çıxarılan qətnamədə Trampın hərəkətlərinin Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğun olması bildirilir.
Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək Kapitoliyə getməyə çağırmışdı. Trampın tərəfdarlarının Kapitolini mühasirəyə alıb, zorla binaya girməsi nəticəsində baş verən qarışıqlıqlar zamanı bir neçə nəfər həyatını itirmişdi.
22:41
Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasını çağırmaqdan imtina edib.
Bu barədə “Washington Post” nəşri məlumat yayıb.
Mənbə yazır ki, beləliklə də demokratların D.Trampı səlahiyyət müddəti bitmədən vəzifəsindən kənarlaşdırmaq planı reallaşmayacaq.
20:16
ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.
Bu barədə öz “Twitter” səhifəsində parlament müxbiri Jamie Dupre yazıb.
O, qeyd edib ki, bir saat ərzində konqresmenlər Prezidentin vəzifəsindən kənarlaşdırılması barədə debatların ardıcıllıq qaydasını müəyyən edəcək, daha sonra impiçmentlə bağlı iki saat müzakirələr aparılacaq.
Qeyd edək ki, hazırda Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir.