ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 29-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.
Bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.
O bildirib ki, İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törətdiyi bildirilir.
İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.
Sənəddə həmçinin vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul olunub.
Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur.
Skoki meri Corc Van Dusenin 2021-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan etməsi bəyannamədə öz əksini tapır.