Bir prezidentin sözləri ilə bir millət soyqırımçı ola bilməz. Belə bir qərar tarixi arxiv sənədlərinin incələnməsi və elmi araşdırmalar nəticəsində verilə bilər. Bu günə qədər aparılan elmi işlər göstərib ki, “erməni soyqırımı” iddiaları əsassız və yalandır.
Bunu türkiyəli professor Camal Zəhir deyib.
Ermənilərin böyük bir yalan ortaya qoyduqlarını və bu yalanı güclü diaspor vasitəsi ilə təbliğ etdiklərini deyən Zəhir Amerika və Qərb cəmiyyətlərinin qara təbliğat kampaniyalarına inandıqlarını, ancaq bunu tarixi sənədlərlə sübut edə bilmədiklərini vurğulayıb.
ABŞ Prezidentinin tarixi və elmi baxımdan verdiyi açıqlamanın heç bir dəyəri olmadığını vurğulayan türkiyəli professor Türkiyəyə qarşı Amerikanın son oyununu oynadığını bildirib:
“Türkiyə Suriyada bir terror koridorunun qurulmasının qarşısını almaq üçün mübarizə aparır. Artıq rəqibimizin ABŞ olduğunu və ABŞ-ın Qarabağ müharibəsində Ermənistanın lehinə olduğunu bilirik. Bilirik ki, 30 illik erməni işğalı zamanı Minsk Qrupunda olmasına baxmayaraq, ABŞ problemi həll etmək üçün heç nə etmədi”.
Qeyd edək ki, ötən gün ABŞ lideri Co Bayden “erməni soyqırımı” ifadəsini işlədib.