ABŞ-ın faciə, qan üzərində əldə etmək istədiyi divident: Hədəf Cənubi Qafqazdır

0
508

ABŞ dövlət katibi Entoni Blinkenin tapşırığı ilə Azərbaycana qarşı geniş bir hesabat hazırlanır. Bu hesabatın mahiyyətinə ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Braunun və ABŞ-ın İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovskinin ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı aydınlıq gətiriblər. Ceyms Braun açıq mətnlə söyləyib ki, ölkəsi, yəni ABŞ Cənubi Qafqazda baş verən proseslərdən çox narahatdır. Xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixində Qarabağda keçirdiyi antiterror tədbirlər və onun nəticələrindən məmnun deyil.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, ABŞ Azərbaycana qarşı ikili standartını gizlətmir.

“Azərbaycanı ittiham edirlər ki, biz niyə 19-20 sentyabr antiterror tədbirləri keçirmişik. Bunun qarşılığında Azərbaycana qarşı 907-ci maddənin fəaliyyətini dayandırmayacaqlar. 907-ci maddə 1992-ci ildə qəbul edilib və Azərbaycana qarşı iqtisadi qadağa aksiyasıdır. 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın formalaşdırdığı antiterror koalisiyasında Azərbaycan fəal iştirak etdiyinə görə bu maddənin fəaliyyəti hər il dayandırılmışdı. İndi daha dayandırmayacaqları ilə bizi hədələyirlər.

Bunun qarşılığında isə Ermənistana hərtərəfli yardımı göstərəcəklərini və bu prosesə Avropa İttifaqını da cəlb edəcəklərini gizlətmirlər. Bu həm də hərbi dəstəyi özündə ehtiva edir. Azərbaycanla da hərbi əməkdaşlığın dayandırılacağı ilə bağlı mövqe ortaya qoyurlar. Açıq söyləyirlər ki, münasibətlərimiz daha 19 sentyabra qədərki səviyyədə olmayacaq. Digər yandan da iqtisadi qadağa aksiyasına təhdid eləmək istəyirlər. Fransa artıq hərbi dəstəyini ifadə edib və Ermənistana ilk hərbi yüklər daxil olub. ABŞ da Fransanın yanında yer alıb. Ermənistanı silahlandırma xəttini seçəcəyini bəyan edib. Bu prosesdə Kanada da iştirak etməyə çoxdan hazırdır”.

O qeyd edib ki, ABŞ Rusiya ilə açıq müstəvidə apardıqları mübarizəni Cənubi Qafqaza transfer etmək istəyir:

“Yəni doğrudanmı ABŞ Cənubi Qafqazda üçüncü Qarabağ müharibəsini istəyir? Dövlət Departamenti Azərbaycana hesabat hazırlamaqla demək istəyir ki, Ermənistan düz edib 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb, tarixi və mədəni abidələrimizi yerlə yeksan edib. Ukraynada ABŞ və onun Qərb müttəfiqlərinin atdığı addımlar lazımi effekti verməyib və onlar istəyirlər ki, bu uğursuzluğu Cənubi Qafqazda kompensasiya etsinlər. Ermənistandan “maşa” kimi istifadə etməklə Cənubi Qafqazı ukraynalaşdırmaq istəyirlər. ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün istənilən fəlakətə və cinayətə hazır olduöunu ifadə etmiş olur. Bu da çox təhlükəli oyundur. Belə addımların atılması Cənubi Qafqazda heç bir halda sülhə xidmət etmir. Birləşmiş Ştatlar əslində bu davranışı ilə regiona sülh gətirmir, regiona alov və müharibə gətirir”.

Elman Nəsirov bildirib ki, bütün bunlar xalqların faciəsi deməkdir:

“Birləşmiş Ştatlar yenə də faciələr üzərində öz siyasi və iqtisadi dividendlərini qazanmaq istəyir. Azərbaycan xalqı, ictimaiyyətimiz bütün bu prosesləri diqqətlə izləyir. ABŞ və onun müttəfiqlərinin anti-Azərbaycan siyasəti heç bir real nəticə verməyəcək. Azərbaycan güclü dövlətdir, güclü müttəfiqləri var. Bu müstəqil siyasəti Birləşmiş Ştatlardakı müəyyən siyasi dairələr və onların müttəfiqləri sadəcə həzm edə bilmirlər. Həzm edə bilmirlərsə, onda gedib öz siyasi mədələrini həkimə göstərsinlər”.