ABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi – FOTO

0
601

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib.

Şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.

Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Coy Kuper 2021-ci il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib.

Sənəd Florida ştatının Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.