Florida ştatının Aventura şəhər meri Enid Veisman öz adından və Aventura Şəhər Komissiyası adından 26 fevral 2021-ci il tarixinin Xocalı faciəsinin anım günü kimi qeyd edilməsinə dair bəyanat yayıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinləri qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən artıq günahsız dinc əhali qətliama məruz qalıb. Beynəlxalq insan hüquqları təşkilatları, İnsan Hüquqlarına Nəzarət (Human Rights Watch) təşkilatı bu faciəni regionun ən böyük qətliamı adlandırıb.
Xocalıda baş vermiş hadisə yad edilərək, müharibə dövründə yarana biləcək dəhşətli zərərlər xatırladılır, bütün dünya insanları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac duyulduğu diqqətə çatdırılır.
Florida ştatında, Aventurada və bütün dünyada yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi bildirilir.
Bəyanat Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının adından, təşkilatın prezidenti Töhfə Eminova tərəfindən edilən müraciət əsasında qəbul olunub.