ABŞ 5-11 yaşlı uşaqlar üçün “Pfizer” peyvəndini TƏSDİQLƏDİ

0
302

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) 5-11 yaşlı uşaqların Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin istehsal etdiyi peyvəndlə peyvənd edilməsini tövsiyə edib.

Bu barədə çərşənbə axşamı “Axios” informasiya portalının saytında məlumat verilib.

Bildirilib ki, CDC-nin xüsusi komissiyasının üzvləri ABŞ-da 5-11 yaş arası uşaqlar üçün göstərilən dərmanın iki dozası ilə peyvənd edilməsini tövsiyə etməyə yekdilliklə səs veriblər. 

Qeyd edilir ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə tətbiq olunacaq. Peyvənd cümə günü satışa çıxa bilər.

Bundan əvvəl ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti nəzdində Qida və Dərman İdarəsi də 5-11 yaşlı uşaqlar üçün “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 45,9 milyondan çox koronavirus infeksiyası aşkarlanıb, 745,8 mindən çox insan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir. Son zamanlar yeni yoluxma hallarının əksəriyyəti “delta” ştammına aiddir.