Azərbaycan mehmanxanalarının reputasiya təhlükəsi

0
436

Otel işçilərin qanunsuz tələblər irəli sürdüyü təqdirdə qonaqlar Booking-ə mənfi rəy yaza bilərlər ki, bu da həmin otelin adının qara siyahıya salınması ilə nəticələnər

Qeyri-peşəkar kadrlar Azərbaycan mehmanxanalarının reputasiyasını ciddi şəkildə korlaya bilər. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov otel xidmətçilərinin qanunsuz tələbləri və sualları ilə rastlaşan müştərilərin şikayətlərini şərh edərkən deyib.

Bu günlərdə Facebook sosial şəbəkəsinin istifadəçilərindən biri həyati əhəmiyyət daşıyan bir xoşagəlməz halla bağlı məsləhət almaq üçün hüquqşünaslara və mütəxəssislərə müraciət edib.

O, Azərbaycanda oteldə qalan qonağını ziyarətə gedərkən otelin qeydiyyat masasında pasportunun girov götürülməsinə çox qəzəblənib. Bununla əlaqədar olaraq o, otel işçilərinin bu hərəkətinin nə dərəcədə qanuni olduğu ilə maraqlanıb.

Bu suala AZTA rəhbəri maraqlı cavabı verib. Sən demə, otellərdə qonaqları ziyarətə gələn bütün şəxslər qeydiyyatdan keçməlidir. Lakin onların sənədi dərhal geri qaytarmalıdırlar. Yalnız oteldə qalan qonaq ziyarətçisi üçün pul ödəməyibsə, o zaman ziyarətçinin pasportu otelin qeydiyyat bölməsində qala bilər. Bu, heç də hər yerdə belə deyil (Burada söhbət ziyarətçinin nəzərdə tutulmamış otel xidmətlərindən istifadəsindən gedir).

“Bu praktika İranda müşahidə edilir. Qonağın pasportu oteldə qaldığı son günə qədər verilməyə bilər. Türkiyədə isə qonaqların guya “iki saatlıq” gəldikləri və sonra bütün günü onlar üçün nəzərdə tutulmayan (all inclusive – hər şey daxildir) bütün xidmətlərdən istifadə etdikləri hallar olub. Belə adamları izləmək çox çətindir” – deyən Bağırov onu da vurğulayıb ki, xaricdə nadir hallarda sənədi girov saxlayırlar.

Bağırovun dediyinə görə, Azərbaycanda belə hallar baş verəndə şikayət etməyə yer yoxdur. Üstəlik, ölkəmizdə otellərə lisenziya verilməsi praktikası ləğv edilib.

Ancaq oteldən narazı qalanlar hələ də Booking onlayn otel rezervasiya sistemində mənfi rəy yaza bilərlər. Qurumun işgüzar imici bir mənfi şərhdən sonra da korlana bilər. Belə olan təqdirdə həmin otelin reytinqi aşağı düşəcək və ehtimal ki, qara siyahıya salınacaq.

Bununla yanaşı, AZTA rəhbəri yerli otellərlə bağlı rəylərin yaxşı olduğundan əmindir. Sahibkarlar otellərin tikintisinə və texniki təchizatına çoxlu pul qoyurlar. Ancaq bir nüans axsayır: peşə hazırlığına ehtiyacı olan qeyri-peşəkar işçilər işə qəbul olunur. Məhz onlar reputasiyaya böyük zərər verə bilərlər.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin, pasportun və ya şəxsin xidməti vəsiqəsinin verilməsi qaydalarının pozulması, sənədinin qanunsuz götürülməsi və ya girov kimi qəbulu olunması 500 manatdan 800 manata qədər cərimə ilə cəzalandırılır.