İndi tez-tez eşidirik, deyirlər ki, əvvəlki qar artıq yoxdur. Nəinki şəhər yerlərində, hətta dağlarda da qar azalıb. Qış aylarında hər zaman başı qarlı görməyə alışdığımız dağlar indi dekabr ayında belə qarsız və bombozdur. Bu da təbii ki, su ehtiyatlarının toplanmasına mənfi təsir edir. Ancaq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirlər görülür. Dağ çaylarındaki suların toplanması üçün 10 su anbarının tikilməsi nəzərdə tutulub.
Bu qarlı mənzərə bir neçə il əvvələ aiddir. Bu kadrlar isə yeni çəkilib.
Görüntülər Oğuzun Xaçmaz kəndi ətrafındakı dağlıq ərazidəndir. Sakinlərin sözlərinə görə, son illərdə dağlarda və ətraf ərazilərdə qar müşahidə edilmir.
Dağçılar da bildirirlər ki, əvvəlki illərdə bütün fəsillərdə zirvələrdə bir neçə metr qalınlığında qar olurdu. Son 2-3 ildə isə qar tam əriyərək yoxa çıxıb.
Son illərdə hətta zirvələrdəki bulaqlar da quruyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyir ki, son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımızda azalmalar müşahidə olunur. Hətta son 20 ildə Xəzər dənizinin səviyyəsi 2 metrədək enib.
Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə bir neçə qurumun nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiya ötən ilin iyul ayından fəaliyyətə başlayıb və su ehtiyatlarından istifadə ilə bağlı tədbirlər planı da hazırlanıb.
Dağ çaylarında suların toplanması məqsədilə də 10 su anbarının tikintisi nəzərdə tutulub. Qəbələ, Oğuz, Şəki və Masallı rayonlarının ərazilərində su anbarlarının tikilməsi ilə bağlı sənədləşmə işlərinə də başlanıb.