Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş sərgi açıldı

0
401

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunmuş sərginin açılış mərasimi baş tutub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri Qənirə Paşayeva, Soltan Məmmədov, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, şair Arif Buzovnalı və başqaları iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Nizami Gəncəvi irsini qoruyub, gələcək nəsillərə çatdırmaq lazımdır: “Təsadüfi deyil ki, dünyanın əksər kitabxanalarında Nizami Gəncəvinin külliyatı saxlanılır, müxtəlif dillərə tərcümə edilir. Onun əsərləri bizə həyatın mənasının düsturunu yazmağa imkan verir. Doğruluq, vətənə məhəbbət, yaxşı əməllərin əhəmiyyəti Nizami əsərlərində açıqlanır. Biz sevinməli, fəxr etməliyik ki, belə böyük şəxsiyyətlərimiz var. Nizami irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu simpoziumun da əsas məqsədi budur”.

Simpoziumda çıxış edən millət vəkili Qənirə Paşayeva hesab edir ki, 2021-ci ilin Nizami ili elan olunması dünyaya mesajdır: “Nizamiyə uzanan əllər çoxdur. Bunun səbəbi də Nizami Gəncəvi yaradıcılığında nə qədər böyük dəyərlərin aşılanmasıdır. Nə qədər xalq istəyər ki, onun Nizami Gəncəvi kimi şəxsiyyətləri olsun. Prezident İlham Əliyev bu ili Nizami Gəncəvi ili elan etdi. Bir il bu qədər böyük filosofun adı ilə adlanırsa, bu həm də bir dövlətin verdiyi mesajdır. Bu il çoxsaylı tədbirlər keçirildi, çoxsaylı işlər görüldü. Bizim keçmişimiz, tariximiz, mədəniyyətimiz var. Nizami təkcə şair deyildi, həm də böyük fikir adamı idi. Uşaqlarımıza Nizami irsini daha geniş təbliğ etməliyik”.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı qeyd edib ki, Nizami yaradıcılığı böyüklüyü, özünəməxsusluğu ilə seçilir: “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsr bir tarixi şəxsiyyət yetişdirir. Nizami yaradıcılığını tədqiq edən kifayət qədər xarici dostlarımız var. Biz onlarla daim təmasdayıq. Onlarla söhbət edəndə Nizami Gəncəvini yenidən kəşf edirik. Nizaminin əsərlərini tərcümədən oxuyuruq, amma onlar orjinal dilindən, fars dilindən oxuyurlar və deyirlər ki, Nizami dövrünün digər şairlərindən çox fərqlidir. Belə hesab edirəm ki, biz Nizamini hələ tam dərk etməmişik. Bunu subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensklopedik yanaşma edib”.

Tədbir bədii kompazisiya ilə davam edib.