“Sofar Baku”: Qonşulara şokolad paylayırıq ki, səs-küydən şikayətlənməsinlər

0
515

“Songs from a room” – otaqdan gələn səslər.

Adının açıqlaması belə olan “Sofar Sounds” 2009-cu ildə Londonda bir neçə dost tərəfindən yaradılan beynəlxalq musiqi hərəkatıdır. Döşəmədə əyləşib dostlarının çıxışlarını canlı dinləyən 8 nəfərdən sonra bu fəaliyyət qısa zamanda musiqisevərlər arasında yayılıb.

“Sofar” hazırda Londondan Nyu Yorka, Oslodan Bakıya qədər 400-dən çox şəhərdə fəaliyyət göstərir. Məqsədi istedadlı musiqiçilərə dəstək olmaq və onları musiqisevərlərlə səmimi ev mühitində görüşdürməkdir. Bu günə qədər “Sofar” 20 mindən çox musiqiçi ilə işləyib.

“Sofar”da çıxış edəcək musiqiçilər və məkan bir gün əvvəl seçilən dinləyicilərə bildirilir. Hər kəs yerdə – xalçanın üzərində əyləşir.

Oxu.Az “Sofar Baku” layihəsinin şəhər rəhbəri, hazırda magistratura təhsili alan 22 yaşlı Rəşad Nəzərli ilə müsahibəni təqdim edir:

– “Sofar”la tanışlığın necə oldu?

– İlk dəfə “Youtube”da qarşıma çıxmışdı. Sevdiyim bir neçə qrup “Sofar İstanbul”da çıxış etmişdi. Hətta dostum bunu necə bəyəndiyini, “Sofar”ın sevdiyi tərəflərini danışdı. O vaxt Deniz Tekini çox sevirdik, o da “Sofar İstanbul”da ifa etmişdi. Elə oradan layihə ilə tanışlığım yarandı. Sonra digər şəhərlərdəki “Sofar”ları izləməyə başladım. “Sofar”a heyran qalmışdım.

– Bəs Bakıda keçirmək ideyası necə yarandı?

– Qeyd etdiyim kimi, bu layihəyə heyran qalmışdım. Musiqini həddindən çox sevirəm. Düşündüm ki, niyə bizdə də belə bir layihə olmasın? Bunun yeni nəfəs gətirəcəyinə əmin idim. Elə də oldu.

– Bakıda keçirmək istəyəndə “Birdən alınmasa?” kimi fikirlər yarandı?

– Hə, bütün işlər kimi “Sofar”da da risklər var idi. Çünki çox adam “Sofar”ın nə olduğunu bilmirdi. Xaricdə “Sofar”ın konseptinə bənzərləri var: gizli konsertlər, ev konsertləri. Təsəvvür edin, konsertə gedəcəksiniz, nə yeri, nə də musiqiçilərin kim olacağını bilirsiniz. Ancaq bir gün əvvəl məlumatınız olur. Əvvəlcə tərəddüd edə bilərsiniz (gülür). Oxşarı olmayan bir layihə olduğu üçün riskli addım atdığımı düşünmüşdüm.

– “Sofar” Bakıda gözlədiyin maraqla qarşılandı? Ümumiyyətlə, hazırda belə maraq cəlb etməsinin səbəbi nədir?

– Hə, gözlədiyimdən də maraqla qarşılandı. Məncə, onun özünəməxsusluğu və ən əsası, keyfiyyətli iş ortaya qoyulmasına görə.

Deyərdim ki, Bakıdakı “Sofar” Şərqlə Qərb mədəniyyətinin ağuşunda bir ahənglə keçir. Konsertdə bu harmoniyanı hiss edə bilərsiniz. Şərq ab-havasında olan xalçalarımızla, tarımızla modern musiqini birləşdiririk. Hər konsertdə həm yerli, həm də xarici ifalar, maraqlı sintezlər olur.

Konsertlər zamanı yemək olmaz. Dinləyicilər mahnıya köklənməlidir. Konsertlərimiz monoloq şəklində keçmir; musiqiçi ilə dinləyici arasında yaranan enerji dialoqa çevrilir, birlikdə ifalar edirik. Keçən konsertlərimizin birinə Rasim Müzəffərlini dəvət etmişdik. O, uzun illər sonra bizim səhnədə ifa etmişdi. Çıxışı zamanı dediyi sözlər bizim üçün çox dəyərli idi: “O illərə qayıtmaq üçün saqqalı kəsməyə, saçı rəngləməyə ehtiyac yoxmuş, elə sizin kimi dinləyicilər bəs edirmiş”. Açıq deyim, bir az da kövrəlmişdim.

– “Sofar”ın keçirildiyi məkanlar barədə danışardın. Nə ilə fərqlənirlər?

– “Sofar” hər yerdə keçirilə bilər. Evdə, musiqi mağazasında, parkda, hətta aptekdə də “Sofar” görə bilərsiniz. Necə ki, ötən konsertlərdən biri bərbərxanada baş tutmuşdu. Yerləri seçərkən bəzi detallara diqqət edirik. Məkanların və ya evlərin mərkəzdə yerləşməsi, havalandırmasının yaxşı olması, interyerə, geniş və rahat məkan olmasına xüsusi diqqət edirik.

– “Sofar”a hazırlıq prosesi necə keçir?

– Daima yeni yer və yeni musiqiçilər axtarışında oluruq, onlarla əlaqə yaradırıq. Yeni məkanlar kəşf edirik. Hər “Sofar” tədbiri üçün işlərimiz 3-4 həftə əvvəl başlayır. Hər dəfə yeni musiqiçilər tapmaq bir az çətin olur. Musiqiçiləri və məkanlardan birini seçəndən sonra sayt üzərindən tədbirimizin qeydiyyat linkini açırıq və sosial şəbəkələr üzərindən növbəti “Sofar” haqqında elan veririk.

– “Sofar”ın tanınmasında sosial medianın rolu böyükdür. Səncə, sosial medianın musiqi sahəsinə nə kimi təsirləri var?

– Bu gün “Sofar” daxil olmaqla bir çox layihənin həyatında sosial medianın rolu əvəzolunmazdır. İstədiyimiz auditoriyaya bu vasitə ilə rahatlıqla çata bilirik. Bu gün də bir çox istedadlı musiqiçi dinləyiciləri ilə bu yolla əlaqə yaradır. Bu, həm rahat, həm də səmimi yoldur.

– Bakıdakı “Sofar” xaricdəkindən nə ilə seçilir? Ümumiyyətlə, hansısa dəyişikliklərə uğrayıb?

– Mənə elə gəlir ki, bizim insanlar daha coşqulu və daha istiqanlıdır. Xarici ölkələrdə keçirilən “Sofar”larda olmuşam. Amma auditoriyamız həqiqətən daha enerjili və musiqiyə daha həvəslidir. Təsadüfi deyil ki, öz musiqimizə görə həmişə tanınmışıq.

Ənənəvi olaraq etdiyimiz bir şey var. Hər konsertdən videohesabat hazırlayaraq digər şəhərlərlə bölüşürük. Onlar heyran qalırlar. Hətta keçən il bizi həftənin şəhəri seçmişdilər. Bu yaxınlarda Yekaterinburqun şəhər rəhbəri bizə qonaq gəlmişdi. O, Barselona daxil olmaqla bir çox şəhərlərdə “Sofar” konsertlərində olmuşdu. Bele entuziazmı heç yerdə görmədiyini qeyd etdi.

Musiqiçilər bizim dinləyiciləri çox sevirlər. Keçən il yayda maraqlı hadisə olmuşdu, Cavan Zeynallı gənc auditoriya olduğunu görüb son anda çıxış etməkdən imtina etmək istəyirdi. Səhnəyə çıxdıqdan sonra enerjiyə heyran qalmışdı. Eyni qaydada, “Ahmedowsky Trio”, “Dədə Baba”, “The Half” kimi qruplar da bizdə çıxış edən zaman dinləyicilərimizə heyran qalıblar. Komandamıza ən çox motivasiya verən də elə dinləyicilərimizdir.

– Komandanız neçə nəfərdir? Və komanda olaraq izlədiyiniz, işlərini xüsusi bəyəndiyiniz hansı musiqiçilər var?

– Komandamız əsas və texniki heyət olmaqla iki hissədən ibarətdir. Səs rejissorumuz, videoqraf heyətimiz, fotoqrafımız, dizaynerimiz – hər konsertdə on nəfərlik komanda ilə çalışırıq.

Öz albomunu çıxaran, hər dəfə yenilikləri ilə dinləyicilərini sevindirən bütün musiqiçiləri sevirik. “Ahmedowsky Trio”, “The Half”, “Dədə Baba”, solo ifaçılardan Can Məmmədov, Vədadı qeyd edə bilərəm. “Sofar” bizi bir çox istedadlı qruplar və solo ifaçılarla tanış etdi.

– Konsert üçün musiqiçilər necə seçilir?

– Musiqiçilər üçün bəzi kriteriyalarımız var. Musiqiçinin həqiqətən istedadlı və yaradıcı biri olması, öz bəstələrinə sahib olması vacib məqamlardandır. Çalışırıq ki, konsertlərdə öz ifalarını etsinlər, “cover”lərə daha az yer versinlər, mümkünsə, heç yer verməsinlər.

Əvvəllər yalnız biz musiqiçiləri axtarırdıq. Zamanla tanındıqca onlar bizə yazmağa başladı. Hər zaman axtarışdayıq, müraciətləri yoxlayıb dəyərləndiririk, məsləhətləşirik. Uyğun olsa, dəvət edirik. Bu işin bəlli düsturu yoxdur. Türkiyəli həmkarımın da qeyd etdiyi kimi, bəlkə də biz yox, başqa adamlar olsaydı, “Sofar” onların zövqünə görə formalaşacaqdı.

Konsertlərimizdə az tanınan istedadlı musiqiçilərlə yanaşı, bizə dəstək məqsədilə çıxış edən tanınmış musiqiçilər də olur. Şəhriyar İmanov, Rasim Müzəffərli, Promete, Cavan Zeynallı, Dihaj kimi dəyərli sənətçiləri evimizdə qonaq etmişik.

– Konsertə qoşulacaq insanlar necə müəyyən olunur?

– “Sofarsounds.com” rəsmi saytında dinləyicilər qeydiyyatdan keçir. Bir həftə qalmış “random” qaydada təsadüfi, sayt vasitəsilə seçilən dinləyicilərə dəvət e-məktubu yollayırıq. Hər konsert qəbul edəcəyimiz bəlli say var, ondan çoxunu qonaq edə bilmirik. Hazırda müraciətlər o qədər çoxdur ki, ay ərzində 4-5 konsert versək də, o tələbi qarşılaya bilmərik. Bu diqqət və sevgidən çox məmnunuq.

– “Sofar” konsertini keçirməyə başlayanda nə kimi çətinliklərlə rastlaşdınız?

– İlk günlərdə çox çətinliklər vardı. Məsələn, hər dəfə fərqli – yeni və istedadlı musiqiçilər və məkan tapmaq çətin olurdu. Zamanla bu problemləri həll etdik.

“Sofar”çıların ən çox qarşılaşdığı problem qonşuların səs-küydən şikayətlənməsidir. Amma artıq bunun həllini tapmışıq. Konsertdən əvvəl komandamızla birgə şokoladlar alıb qonşulara baş çəkirik, “Salam, biz gəldik!” deyirik.

– Gələcək üçün nə planlar var?

– “Sofar” hazırda öz missiyasını uğurla davam etdirir. Gələcəkdə daha çox musiqiçiyə və dinləyiciyə çatmağı planlaşdırırıq. Əlavə olaraq, hər bir yerli musiqiçinin öz konsertini verməsi üçün işlər aparırıq və başqa layihələr hazırlayırıq. İstəyirik ki, hər bir musiqiçi özünü ifadə etmək üçün səhnələr tapa bilsin və dinləyiciləri ilə mütəmadi görüşsün. Planlar çoxdur.