Pərviz Heydərov yazır…
Dövlət büdcəsinin gəlir mənbələrindən biri də dövlət rüsumlarıdır. Dövlət rüsumu – dövlət və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hərəkətlərə – sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və sairəyə görə ödənilən haqdır və ödənişdir. Sözügedən haqq və ödəniş müəyyən dövrdən bir yaranmış real vəziyyətə uyğun olaraq və müvafiq zərurətə əsasən artırıla və yaxud azaldıla bilər. Bunda müxtəlif iqtisadi və siyasi amillər rol oynayır.
Ölkəmizdə növbəti ildən bir sıra, dəqiq desəm 266 sayda dövlət rüsumlarının mövcud məbləğlərinə yenidən baxılaraq artırılması zərurəti yaranıb ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumları yenidən müəyyən ediləcək. Hətta yeni dövlət rüsumlarının da tətbiq olunacağı gözləntisi var. Bu, rəsmi olaraq mövcud məbləğlərin maya dəyərdən aşağı olması ilə izah edilir. Qeyd olunub ki, bir sıra dövlət rüsumları 15 il bundan qabaq müəyyən edilib və o zamandan dəyişdirilməyib. Ötən müddət ərzində isə baş vermiş inflyasiya və digər iqtisadi proseslərlə əlaqədar dövlət rüsumlarının məbləğləri maya dəyərindən aşağı düşüb.
Sözüm bunda deyil. Bəs əsl səbəb nədədir?! Dövlət rüsumlarının qaldırılması doğrudanmı təkcə onların maya dəyərləri ilə uzlaşmaması səbəbindən irəli gəlir? Belə olan təqdirdə bu rüsumlara görəsən, indiyədək niyə baxılmırdı ki?!
Məsələ bundadır ki, dövlət rüsumlarının sayının və məbləğlərinin artırılması istənilən halda ilk növbədə dövlət büdcəsinə gəliri artırmaq məqsədi daşıyır. Girişdə də qeyd etdim ki, dövlət büdcəsinin gəlir mənbələrindən birini də məhz rüsumlar təşkil edir. Növbəti il üçün Azərbaycanın dövlət büdcəsinin xərcləri isə daha çox olacaq. Belə ki, buna xüsusən Dövlət başçımız İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əsas yaradacaq.
Sərəncamda qeyd edilib ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma prosesi, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı vacib edir.
Buna isə əlavə vəsait lazımdır.
Sual oluna bilər ki, dövlətin bunun üçün məgər, müvafiq maliyyə gücü və imkanları yoxdurmu?! Dövlət rüsumlarının məbləğlərinin artırılmasından görəsən nə qədər vəsait daxil olacaq ki, bu, maaş, pensiya, müavinət və təqaüdlərin artırılmasına yardım etsin? Məsələ bundadır ki, dövlətin maliyyə ehtiyatları nə qədər geniş olsa da, təxminən cəmi bir aydan çox bir müddət öncə irəli sürülən və prezidentin yuxarıda adıçəkilən sərəncamından sonra təkrar ortaya çıxarılan 2022-ci ilin dövlət büdcəsi layihələrinin müqayisəli təhlili neft gəlirlərinin yenə əsas mənbə və dayaq rolu oynadığını göstərir.
Belə ki, dövlət başçımızın sərəncamından əvvəlki layihədə məsələn, Dövlət Neft Fondundan (ARDNF) transfertin həcmi 11 milyard 860 milyon manat məbləğində nəzərdə tutulurdusa, sonuncuda bu məbləğ 850 milyon manat artırılaraq 12 milyard 710 milyon yüksəldilib. Və yaxud, əvvəl, növbəti ildə büdcədə neftin dünya bazar qiymətinin 45 ABŞ dolları səviyyəsində götürülmüşdüsə, sonrakı layihədə 50 dollar təsbit edilib.
Bəli, təkrar edirəm, dövlətimizin kifayət qədər maliyyə gücü və artımlara getmək üçün imkanları mövcuddur. Başqa sözlə desəm, əhalinin gəlirlərini artırmaq üçün hər cür şərait və imkan var. Belə ki, həm cari ilin dövlət büdcəsi ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan bəri neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub və olaraq da qalır.
Təkcə bir faktı qeyd edim ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin ilk doqquz ayı ərzində mədaxilin artıqlaması ilə yerinə yetirilməsi, həmçinin dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulan mənbələrdən istifadə nəticəsində Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 7 milyard 309,7 milyon manat və ya planlaşdırılandan 20,1 faiz az vəsait daxil edilib.
Bununla belə, neft gəlirlərindən asılılıq böyükdür. Təkrar edirəm, bunu prezidentin sərəncamından sonra növbəti ilin dövlət büdcəsi layihəsində ARDNF-dən transfertin əvvəl nəzərdə tutulandan 850 milyon manat məbləğində artırılması faktı da sübut edir. Halbuki, 2021-ci ilin ilk doqquz ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olmaqla bu həm, proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz çox təşkil edib, həm də sözügedən məbləğin 73,9 faizi və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan mədaxil olub.
Ötən şərhimdə isə qeyd etmişdim ki, dövlət büdcəsinə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbə sayılır.
Ancaq sözügedən tendensiya gərək ardıcıl və dayanıqlı xarakter daşısın ki, artımlara inamlı olaraq gedilsin. Dövlət rüsumları üzrə mənbə isə elədir ki, iqtisadi aktivlik passiv vəziyyətdə olduqda belə nisbətən dayanıqlı və axıcı əhəmiyyət kəsb edir. Yəni, rüsumları qaldırmaqla büdcəyə mədaxili istənilən halda artırmaq mümkündür.
Odur ki, rüsumlara baxılması və dəyişdirilməsi növbəti ildə artacaq xərcləri qarşılamaq üçün əlavə bir kömək və vasitə mənası baxımından məqsədəuyğun hesab edilir. Amma sözsüz, bir şərtlə ki, bəzi təyinatlı dövlət rüsumları inflyasiya prosesi göstəricilərindən yüksək həddə artırılmasın və ümumiyyətlə, rüsum dərəcələri mövcud iqtisadi imkanlar çərçivəsində dəyişdirilsin.
Yeri gəlmişkən, ilkin hesablamalara görə, sözügedən artımlardan büdcəyə əlavə olaraq 100 milyon manatdan çox əlavə vəsait daxil olmalıdır ki, bu, böyük bir rəqəm olmasa da, hər halda mühüm dəstəkdir.