Burada dəniz suyu duzsuzlaşdırılıb içməyə verilir – Fotolar

0
278

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu tinglərin yetişdirildiyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsində və Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunda olub, toxumdan əkinə hazır tinglərin alınması və şor suyun içməli suya çevrilməsi prosesi ilə yerində tanış olub. 

Xəzərin suyu boz çölləri belə yaşıllaşdırır

Salyanın boz çöllərində salınmış böyük yaşıllıq ərazi uzaqdan diqqətimizi cəlb edir. Məlum olur ki, bu torpaqlar 2013-cü ildə işə düşən zavodda alınan su ilə yaşıllaşdırılıb. Hazırda təsərrüfatda 700 min ədəddən çox ağac və kol bitkilərinin ting və toxmacarı var. 

Bizi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov toxumdan tingə qədər olan proseslə tanış edir. Onun sözlərinə görə, aparılmış toxum tədarükündən sonra cücərtmə sahəsində toxumlar istixanada violalara səpilir, bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.

Hər il 700 min ting yetişdirilir

R. Əşrəfovun sözlərinə görə, 2014-cü ildən etibarən nazirliyin xidməti ərazilərində salınmış yaşıllıqlarda yalnız qurumun yetişdirdiyi ting və toxmacarlardan istifadə edilir:  “Qurumun 4 min 400 hektarlıq ümumi xidməti ərazisində 5 milyon 500 mindən çox müxtəlifcinsli ting və toxmacarlar yetişdirilir. Bu tinglik sahəsinin yaşıllaşdırmanın salınmasında əhəmiyyəti böyükdür. Hər il yetişdirilmiş təxminən 700 min ədəd tingin 200-250 mini yeni yaşıllıqların salınmasına yönəldilir. Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda, kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür. Ona görə də, ölkəmizdə yaşıllaşdırma işləri təkcə payız və yaz aylarında deyil, həmçinin iyul və avqustda da həyata keçirilir. Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlə çalışır”.

R.Əşrəfov həmçinin bildirir ki, həmin tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir. Öyrənirik ki, 2013-cü ildə istismara verilən zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Burada sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12.5 kilometr məsafədən qəbul edilir və nəticədə, içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur. Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda, 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir.

Xəzərin suyundan içmək də olar

Ting sahəsi ilə tanışlıqdan sonra ərazini su ilə təmin edən zavoda üz tuturuq. Tinglikdəki sakitliyi zavoddakı qurğuların uğultusu əvəzləyir. Məlum olur ki, dənizdən 12 kilometr uzaqlıqda yerləşən zavoda su boru vasitəsilə ötürülür. İlkin çökməyə məruz qalan su anbara, oradan isə qidalandırıcı nasoslar vasitəsilə götürülərək filtrlərə vurulur. Həmin filtrlərdə su qum və bazalt qatından keçərək fiziki təmizləməyə məruz qalır. Qum və bazalt qatından keçmiş su yenidən mikron filtrlərindən keçir. Burada ölçüsü 5 mikrondan böyük nə varsa, hamısı çökür.

Növbəti mərhələdə isə şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizə qədəri şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun 10 faizi mineralizasiyadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə birbaşa ağacların sulanmasında istifadə olunur.

Prosesin sonuncu mərhələsi ilə əyani şəkildə tanış oluruq. Hətta zavoddan çıxan suyun dadına baxmaq imkanımız da olur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimovun sözlərinə görə, 2013-cü ildə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin istismara verilməsi Prezident İlham Əliyevin tapşırığı ilə baş tutub. Məqsəd hələ o dövrdə də ehtimal edilən su qıtlığının effektiv həll yollarının müəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqidir. 

Sektor müdirinin sözlərinə görə, İsrail texnologiyası ilə işləyən zavod gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir. Bu, ildə təxminən 500 min kubmetr suyun təmizlənərək istifadə olunması deməkdir:

“Ötən il Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq tədbirlər planında da alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə qarşıya qoyulan əsas məqsədlərdən idi. Bununla bağlı aidiyyəti qurumlar Abşeron rayonunda da belə bir duzsuzlaşdırma zavodunun qurulması istiqamətində araşdırmalar aparır, qabaqcıl bir sıra şirkətlərlə, o cümlədən bu sahədə təcrübəyə malik İsrail şirkətləri ilə danışıqlar aparılır. Nəzərə almaq lazımdır ki, Abşeronda içməli su təchizatının daha çox uzaq məsafələrdən, şimalda Kür çayından, Oğuz-Qəbələ istiqamətindən təmin edilməsi həm baha başa gəlir, həm də çoxlu itkilərə səbəb olur. Nəticədə, həmin mənbələrin yerləşdiyi ətraf ərazilərdə su çatışmazlığı ortaya çıxır. Abşeronda belə zavodun açılması perspektiv kimi dəyərləndirilə bilər. Eyni zamanda, Şirvan qurğusundan da suyun duzsuzlaşdırılaraq yaşıllıq ərazilərin suvarılmasında istifadə edilir. Bu qurğu isə gündəlik 5 min kubmetr suyu təmizləyə bilir”.

Nazirlik rəsmisi əlavə edib ki, Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu və Şirvan duzsuzlaşdırma qurğusunun suyundan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin ümumilikdə 560 hektar ərazisində yerləşən yaşıllıqların suvarılması üçün istifadə edilir. Bu, su çatışmazlığının yaşandığı dövrdə böyük nailiyyət hesab oluna bilər.

Bu tinglər Qarabağadək gedib çıxıb

Səfər zamanı öyrənirik ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində yaz ağacəkmə mövsümündə ölkə ərazisində əkilən tinglər bu təsərrüfatda yetişdirilib.  

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, payız mövsümü ərzində 800 min ağacın əkilməsi nəzərdə tutulub. Əsasən Abşeron yarımadasında, Xocasən gölünün ətrafında, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun kənarında, paytaxtın şimal, şimal-qərb istiqamətindəki, Bakı-Qazax, Bakı-Lənkəran-Astara yollarının kənarında boş sahələrdə ağacəkmə işləri aparılacaq. 

Nazir müavini bildirib ki, ümumilikdə ölkəmizdə payız ağacəkmə mövsümü oktyabrın 20-də başlayıb və bütün respublikada, Aran hissə istisna olmaqla əkin işləri aparılır: “Noyabrın 1-də Aran meşə ərazilərində əkin işlərinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir. Bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib. Əkin zamanı meşələrin cins tərkibinə uyğun növlər seçilir. Abşeron yarımadasında əsasən həmişəyaşıl ağaclar və feyxoa, zeytun kimi meyvə ağaclarına üstünlük verilir. Abşeronda daha böyük əkinlər əsasən Xocasən gölünün ətrafındadır. Bu ilin yazından orada əkinlər başlanılıb və ümumi 100 hektara yaxın ərazi əkin üçün hazırlanıb ilin sonunadək əkilərək tamamlanması nəzərdə tutulub. Gələn həftədən nazirliyin, ictimaiyyət, yerli icra hakimiyyətləri, KİV nümayəndələrinin IDEA İctimai Birliyinin ekoloji fəallarının və digər dost və həmkar qurumların iştirakı ilə kütləvi ağacəkmə aksiyaları keçiriləcək”.

Ting sahəsi ilə tanış olan mətbuat nümayəndələri həm də ağacəkmə kampaniyasına qoşulublar. Yaşıllaşdırma İdarəsinin həyətində bəzək kolları və iynəyarpaqlı ağaclar əkilib.

Gülnar Əliyeva