Rusiyalı elm adamları embrionun inkişafı zamanı daha yaxşı perinatal diaqnostikaya imkan verəcək və hamiləliyin lüzumsuz yerə yarımçıq kəsilməsinin qarşısını alacaq texnika müəyyən ediblər.
Yeni ixtira təsadüfən öyrənilib. Belə ki, yerli sakinlərin birinin hamiləliyi zamanı embrionda əlavə xromosom dəyişikliyi müəyyən edilib. Xromosomda dəyişiklik adətən uşağın intellektual inkişafından tutmuş səhhətində problemlərə qədər bir sıra problemlərlə nəticələnə bilər, bu səbəbdən valideynlər bəzən hamiləliyi yarımçıq kəsmək barədə düşünürlər. Ancaq sözügedən halda hamiləlik öz axarında normal davam etdiyi üçün valideynlər riski gözə alaraq, uşağı saxlamaq qərarına gəlirlər. Ancaq uşaq tam sağlam doğulub.
Alimlər bunun səbəbini müəyyənləşdirmək qərarına gəliblər.
Araşdırma zamanı məlum olub ki, müəyyən olunan əlavə xromosom adətən olduğu kimi xətti deyil, halqavaridir (sonluqları bir-birinə bağlıdır). Onların sözlərinə görə, xromosom halqa şəklində bağlandıqda o, qeyri-sabit olur və hüceyrə bölünməsi zamanı hüceyrəni “tərk edir”. Başqa sözlə uşaqda özünü korrektə – xromosomların təbii, ancaq hələ az öyrənilmiş bərpası gedir, bu isə uşağın normal inkişafını təmin edir.
Alınan məlumatlarla alimlər halqa xromosomları ortaya çıxarmağa imkan verən alqoritm hazırlayıblar. Bu isə hamiləlik zamanı keyfiyyətli diaqnostikaya imkan verir.
Beləliklə alqoritm, xromosom anomaliyası olan hüceyrələrin taleyini proqnozlaşdırmağa imkan verəcək; hamiləliyin tibbi səbəblərə görə dayandırıla biləcəyini, yaxud dölün sağlam doğulacağını öyrənir.
Tədqiqatın nəticələri “Biomedicines” elmi jurnalında dərc olunub.