Bakının “yatan təhlükəsi”: “Şəfalı palçıq, torpaqdan gələn sağlamlıq, 30 ildən bir oyanan əjdaha” – REPORTAJ

0
463

Azərbaycan öz zəngin təbiəti ilə bütün ölkələrdən seçilir. Bu gün ölkəmizdə mövcud olan palçıq vulkanlarından və onların faydalarından danışacağıq. Ümumiyyətlə onu deyim ki, Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur.

Müxtəlif araşdırmaların nəticələrinə əsasən, Yer kürəsində 800-ə qədər palçıq vulkanı mövcuddur. Onların isə təxminən 300-ə yaxın hissəsi ölkəmizin ərazisinə düşür. Xüsusilə də Xəzər dənizinin,Bakı və Abşeron yarımadasının, eləcə də Qobustan və Şamaxı rayonları ərazisində rast gəlinən palçıq vulkanlarının bəziləri təbiət abidəsi kimi formalaşıb. 

Ölkəmizdə qeydə alınan palçıq vulkanının təxminən 70 faizi fəaliyyətdədir. Palçıq vulkanları həm elmi, həm də tibbi yöndən, o cümlədən, ekoturizm baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycanda bu faydalı sərvətlərin, palçıq vulkanlarının mühafizəsi və tədqiq edilməsi prosesi də nəzarətli şəkildə aparılır. Unikal təbiət abidəsi olan, sağlamlıq üçün min bir faydaları özündə cəmləşdirən, müalicəvi əhəmiyyətli palçıq vulkanları olan ərazilər diqqətdən kənarda qalmır.

Palçıq vulkanlarının faydaları, bu ərazilər barədə daha ətraflı məlumat və gələcəkdə bu ərazilərdə nəzərdə tutulan yeni layihələr barədə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan – palçıq vulkanlarının ən çox yayıldığı ölkədır:

“Azərbaycan ərazisində mövcud olan palçıq vulkanlarının sayı 350-dən çoxdur. Onların əksəriyyəti də aktivdir. Palçıq vulkanlarının yerləşdiyi ərazilər 5 zonaya ayrılır. Azərbaycanda bütün növ palçıq vulkanlarına – ada palçıq vulkanı, sualtı palçıq vulkanı, neft çıxaran palçıq vulkanı, sönmüş, gömülmüş, aktiv və s. vulkanlara rast gəlmək mümkündür. Hətta çox nadir hadisə kimi tanına neft ixrac edən palçıq vulkanları belə Azərbaycan ərazisində var”.

Palçıq vulkanları son bir neçə il ərzində daha tez-tez gündəmə gəlməyə başlayıb. Onların cəmiyyət arasında bu qədər geniş müzakirə olunmasını isə C.Paşayev belə izah edir:

“Cəmiyyətdə palçıq vulkanları sevilən təbiət obyektlərinə çevrilməyə başlayıb. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq 43 palçıq vulkanını Dövlət Təbiət Qoruğuna daxil etmişik. Onların qorunması və toxunulmazlığı tam təmin olunur. Digər palçıq vulkanları da var ki, onlar da təbiət nümunəsi kimi qorunub gələcək nəsillərə ötürüləcək. Ümumiyyətlə palçıq püskürməsi çox maraqlı təbiət hadisəsi hesab olunur”.

Palçıq vulkanlarına olan böyük marağı nəzərə alaraq, ekoturizm sahəsində tədbirlər görmək olarmı?

Ceyhun Paşayev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq bu istiqamətdə zəruri tədbirlərin görülməsini planlaşdırır:

“Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Turizm Agentliyi ilə birgə həyata keçirə biləcəyimiz layihələrin müzakirə edilməsi gözlənilir. Bu layihələr nəzərdən keçirildikdən sonra “Ekoturizm”in inkişafı ilə bağlı yaxın illərdə həyata keçiriləcək. Bu da öz növbəsində Azərbaycanın palçıq vulkanlarının həm də beynəlxalq arenada tanınmasına töhfə verəcək. Bundan başqa xüsusilə qeyd edim ki, Azərbaycanda yeni növ xüsusi mühafizə rejimli ərazilər – “Geopark”lar yaradılacaq. Burada geoloji mənşəli təbiət obyektlərinin potensialından ekoturizm fəaliyyətində istifadə ön plana çəkiləcək. Yaxın illərdə ekoturizmdə palçıq vulkanlarının potensialından istifadə olunacaqdır”.

Palçıq vulkanlarının insan sağlamlığına olan faydaları danılmazdır. Bu təbiət nümunələrinin faydalılıq əmsalı nəzərə alınaraq, hansı yeniliklər gözlənilir?

C.Paşayev bildirib ki, palçıq vulkanlarının ən önəmli cəhətlərindən biri – tibbi cəhətdən zəngin faydasının olmasıdır:

“Palçıq vulkanlarının tibbi cəhətdən də faydaları isbat olunub. Hamısı olmasa da bəzi palçıq vulkanlarından tibbdə təbabət məqsədilə geniş istifadə edilir. Xüsusilə də dərizöhrəvi, sinir sistemi xəstəliklərinin müalicəsində palçıq vannası qəbul etməklə xilas olmaq olur. Yaxın illərdə bütün bu sadalananların şahidi olacaqsınız”.

Alimlərin araşdırmalarına görə, vulkanların böyük əksəriyyəti uzun müddət passiv qalaraq enerji toplayır. Məlumatlara görə bu müddət aralığı 10 ildən 30 ilə qədər davam edə bilir. Araşdırmalar göstərir ki, seysmikliklə vulkan fəaliyyətinin aktivləşməsi arasında paragenetik əlaqə vardır.

Palçıq vulkanlarının püskürməsi məsələsi də maraqlı mövzulardan biridir. Sonuncu dəfə palçıq vulkanı nə zaman oyanıb?

“Xüsusilə qeyd edim ki, palçıq vulkanları seysmik hadisələrdən bilavasitə asılıdır. Zəlzələni proqnozlaşdırmaq mümkün olmadığı kimi palçıq vulkanlarının da püskürməsini əvvəldən proqnozlaşdırmaq mümkün olmur. Sadəcə olaraq biz palçıq vulkanlarının fəaliyyətini araşdırmaqla onu təxmin edə bilərik. Sonuncu dəfə bu ilin yanvar və fevral aylarında Şamaxı-Qobustan ərazisində yerləşən palçıq vulkanlarında ardıcıl oyanış müşahidə olunub. Biri Quşçu, digəri isə Şıxsəyidli palçıq vulkanları idi. Həmin palçıq vulkanları da Şamaxı ərazisində seysmik aktivlik müşahidə edilən ərəfələrdə aktivləşdi. Deməli, yeraltı təkanlar birmənalı olaraq palçıq vulkanlarını oyadır, onları tətikləyir. Zəlzələrin, seysmik hadisələrin sayı artarsa, palçıq vulkanlarının da püskürməsi istisna edilmir”, – deyə Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev sonda qeyd edib.

Oxu.Az-ın fotoqrafı palçıq vulkanlarının möhtəşəm görüntülərini kameranın yaddaşına həkk edib.