Alimlər Marsda suyun hara qeyb olduğunu aydınlaşdırıblar

0
373

Vaxtilə Mars planetinin səthini örtmüş suyun çox hissəsi əvvəllər ehtimal olunduğu kimi, kosmosa buxarlanmayıb və planetin dağ süxurlarının təşkil edən mineralların tərkibinə keçib.

Belə bir qənaət ABŞ alimlərinin apardığı son tədqiqatlardan sonra hasil olub.

Həm geoloji, həm də geomorfoloji məlumatlar göstərir ki, qədim dövrlərdə Marsda çoxlu miqdarda su olub. Belə ki, “Qırmızı planet”in səthində çoxlu sayda qurumuş çayların dərələri, qədim göl və okeanların boşluqları hələ də qalmaqdadır. Ənənəvi olaraq belə bir mülahizə hökm sürürdü ki, Marsın səthindəki su planetin meydana gəldiyi ilk milyard il ərzində tədricən zəif qravitasiya ucbatından kosmosda yoxa çıxıb.

Lakin Kaliforniya Texnoloji İnstitutu və NASA reaktiv hərəkət laboratoriyasının əməkdaşları bu hipotezanı şübhə altına alıblar.

Onların hesablamalarına görə, təqribən dörd milyard il əvvəl Marsda planetin səthini 100-1500 m qalınlığında qatla örtə biləcək qədər su olub. Bu, təqribən Yerdəki Atlantik okeanındakı suyun yarısı qədərdir.

“Atmosferə atılmalar Marsda vaxtilə nə qədər suyun olması ilə bağlı bizdə olan məlumatları izah edə bilməz”, – deyə tədqiqatçı Eva Şeller bildirib.

Müəlliflər hazırkı atmosferin və planetin səthinin kimyəvi tərkibinin kompleks təhlili metodlarının, meteoritlərin analizi, Marsa göndərilmiş və orbital aparatların köməyi ilə planetin qabığında hazırda bütün aqreqat formalarda cəmlənmiş suyun miqdarını qymətləndiriblər (buxar, maye, buz). Bundan əlavə, alimlər deyteriumun hidrogenə izotopik nisbəti metodu ilə atmosferdə və dağ süxurlarında həcmini və onun geoloji tarix boyu itmə sürətini müəyyən edə biliblər.

Modelləşdirmə nəticəsində müəyyən olunub ki, Marsın geoloji tarixinin erkən dövründə, yəni təqribən 4,1 – 3,7 milyard il bundan əvvəl Marsın səthindəki suyun miqdarı 40-95% azalıb və bu zaman həmin suyun 30-99%-i hidratasiya prosesi nəticəsində minerallar tərəfindən udulub. Sonralar vulkanik qazlar vasitəsilə həmin suyun bir hissəsi planetin səthinə qayıdıb, lakin bu planetin hidrosferinin bərpası üçün kifayət olmayıb.

Suyun dağ süxurları ilə təması zamanı ya buxarlanma, ya da hidratasiya, yəni suyun udulması baş verir. Bu proses Marsda da Yer planetində olduğu kimi baş verir. Lakin Yer qabığı tektonik cəhətdən aktiv olduğu üçün köhnə qabıq daim mantiyada həll olunur və vulkanizm vasitəsilə suyu yenidən atmosferə qaytarır. Mars isə ümumilikdə tektonik cəhətdən aktiv deyil və buna görə də onun səthinin quruması prosesi birdəfəlik olub.

“Bu qədər su xeyli əvvəl izolə olunub və sonradan bir də geri qayıtmayıb”, – deyə Şeller qeyd edib.

Alimlər Marsın səthindəki suyun dağ süxurlarında konservləşməsi ilə nəticələnən proseslərin öyrənilməsini davam etdirmək niyyətindədirlər. Bunun üçün laboratoriya təcrübələri, Marsdakı proseslərin modelləşdirilməsi, habelə “Perseverance” Mars aparatının yerə ötürdüyü məlumatların təhlili həyata keçiriləcək.