Ermənilər hamını zorlayırdı, növbə mənə çatanda… – 9 yaşlı qızın dəhşətli Xocalı ETİRAFLARI/VİDEO+FOTO

0
428

– Sən ermənidən qorxmursan?

– Yox, qorxmuram. Onlar bizi əsir götürəndə, o qədər görmüşdüm ki, indi biri qabağımı kəssə, heç yerimdən tərpənmərəm. Gecə ilə kəndimizin bütün qadınlarını yığıb, apardılar. Mən də anamgildən ayrı düşmüdüm. Yaxşı ki, bibim yanımda idi. Bizi buz kimi qaranlıq bir yerə saldılar. Hərdən gəlib, gülə-gülə qapını açır, bir-iki nəfəri götürüb, aparırdılar. İnanırsan, heç kimin yaşına da baxmırdılar. Hamısını növbə ilə zorlayıb, gətirib, otağa atırdılar. Sonra da qupquru çörək, azca su verirdilər. Onlar otağa hər girəndə bibim məni qırmızı paltosunun altında gizlədirdi. Cəmi 9 yaşım vardı. Elə eləyirdi ki, məni də aparmasınlar. Mənim yerimə özü gedirdi.

***

Xocalı qətliamı hər dəfə bir yaş da böyüdükcə məktəbimizdəki o qızın etinasız, qorxusuz şəkildə dilə gətirdiyi zülmət xatirələr də beynimin bir küncündə boy atır. Qırmızı paltonun altına uşaqlığı, məsumluğu gömülən o balaca indi 35 yaşlı qadındır. Bilmirəm, bəlkə də təsəvvüründəki bütün kişilər elə o qara zirzəminin qapısını əcəl kimi açan erməni əsgəridir. Bəlkə də ona görə bütün elçilərini geri çevirdi?!

Məktəbimizdə bir qız da vardı. Uzun, buruq saçlarına tez-tez rəng qoyurdı. Hərdən də dərsin ortasında çantasından yemək çıxardıb, acgözlüklə yeməyə başlayırdı. Ya da qolunu açıb, özünə iynə vururdu. Sonradan öyrəndim ki, o da Xocalıda basdırılan uşaqlardandır. Atışmada elə qorxub ki, cəmi 5 yaşında saçları ağarıb, üstəlik şəkərə tutulub. Ona görə insulini yanında gəzdirir.

Kaş ki, erkən yaşda beynimə çizilən Xocalı portreti bununla tam olaydı. Amma bu da hamısı deyil. Bir rəfiqəmin babasının gözü önündə iki oğlunu doğramışdılar. Digər iki oğlundan hələ də xəbər yoxdur. Biz məktəbdə oxuyanda deyirdilər ki, ermənilər girov saxlayır, qaytaracaqlar. Bugünəcən səs-soraq yoxdur.

Похожее изображение

Təxminən 6 il əvvəl Brüsseldə Xocalı faciəsinin anım günü keçirilirdi. Tədbirə Xocalı soyqırımının bir neçə canlı şahidləri, daha doğrusu, canlı şəhidləri dəvət olunmuşdu. Gənc bir qadın pərən-pərən olmuş ailəsindən danışırdı: Ermənilər atamı gözümüzün önündə məcbur etdilər ki, onların bayrağını öpüb, bizimkini tapdalasın. Atam dedi ki, düşmən bayrağını öpməyəcək. Üstünə nöyüt töküb, gözümüzün önündə yandırdılar onu.

Xocalı qətliamını soyqırımı kimi qəbul etmək istəməyən avropalılar qəhərdə boğulmuşdular, amma o susmurdu, gözündən bir damla yaş da gəlmirdi. Çünki gördüyü vəhşət xatirində adiləşmişdi artıq. Çıxışının sonunda isə titrək səslə, heç bir erməni uşağına bu acını yaşamağı arzulamadığını bildirdi. Maraqlıdır, görəsən, eyni müsibətləri bir erməni, yaxud avropalı yaşasaydı, odamı eyni humanizmlə bitirərdi nitqini?!

Bu faciənin qurbanları ilə bir az söhbətləşəndən sonra cəhənnəmi başqa yerdə axtarmağa gərək qalmır. Anlayırsan ki, bu qədərsiz insanların kainata sığmayan acılarını paylaşmaq üçün ilin bir günü deyil, dörd fəsli də yetmir.

***

Картинки по запросу xocalı genocide

İlk həmsöhbətim Mərdəkanın Günəşli sanatoriyasında məskunlaşmış Xocalı ziyalısı Anahid Quliyevadır.

– Anahid xanım, ailənizin bir çox üzvü o gecənin qurbanı olub. Yaranızı deşmək istəməzdim, amma xatırlamasaq da, unudulur axı…

– O günləri anmaq həmin günləri bir daha yaşamaqdır mənim üçün. Çox çətindir çox… O gecədən bir müddət əvvəl şəhəri blokadaya almışdılar. Kimin əlində nə silah vardısa, gəlib götürmüşdülər. Nə Ağdamla, nə digər rayonlarla əlaqə vardı. Ac-susuzluq idi. Bəzən vertolyotlar un, ərzaq gətirir, gücləri çatdığı qədər qadın, uşaq götürüb, şəhərdən çıxardırdılar. Amma bu da təhlükəli idi, çünki məlum vertolyot qəzasından sonra camaat qorxu içində idi. Mən də 5 uşaqlı olduğuma görə gələn vertolyotların biri ilə Ağdama, qohum evinə göndərildim. Atam, həyat yoldaşım, qardaşlarım, bacılarım, onların ailələri geridə qaldılar. Hər günümüz bir ümidlə açılırdı ki, yollar açılacaq, bu gərginlik aradan qalxacaq. Bilirsiniz, biz asudə yaşamış insanlar idik. Torpağımızdan kənarda qala bilmirdik. Ölsək də, Xocalıda ölmək istəyirdik. Amma 5 körpəm olduğuna görə, məcbur Ağdamda qalmışdıq. Həmin gecənin səhəri qara açıldı. Əslində üz-üzə gələndə onlar bizdən çox çəkinən millət idi. Ona görə camaatımızı qırmaqlarına inana bilmirdik. Xocalı camaatı onların qabağına əliyalın çıxmışdı. Yoxsa inanın, bunlar baş verməzdi.

– Bəs silahsız necə mübarizə aparırdılar?

– Atam Hüseynov Mürşid Səməd oğlu ovçu idi. Özünün silahı vardı. Birinci dəfə fevralın 18-i rus ordusu gəlib, silahları yığdılar. Onda da kim necə bacarıbsa, tüfəngini gizlədib. Gəlinimiz qardaşımın silahını yatağın altında qoyub, özü də uzanıb ki, guya xəstədir. Bax bu minvalla gözlərindən yayındıra bilib.

Fevralın 25-dən 26-na keçən gecə də ermənilər gəlib, rayonu 4 bir yandan mühasirəyə aldılar. Hər tərəfə nöyüt töküb, yandırırdılar. Camaatı evlərdən çıxardıb, qumbara atırdılar. Bacım da atamgildə idi. Atam aparıb, onu qayınatasıgilə qoyur ki, ora daha təhlükəsizdir. Evi də qardaşlarıma əmanət edir. Geri qayıdanda qardaşlarımı tapmır. Gedir bacımgilə, onlar da evlərində yox. Hamı pərən-pərən olub, meşə ilə qaçıb, qurtulmağa çalışırlar. Qardaşım Şikarın ayaqları donur. Yoldaşım atışmada ağır yaralanır. Bir qohumumuz qarı yarasına basır ki, qanı kəssin. Qardaşlarım bir dəstə ilə birtəhər yol tapıb, Ağdamın Abdal Gülablı kəndinə çatırlar. Xəbər verirlər ki, yeznəmiz ağır yaralıdır, meşədə qalıb. Tankla gəlib çıxarda bilirlər yoldaşımı. Sonra Bakıya hərbi hospital gətirirlər. Xocalı camaatını o xəstəxanada görən adam ömür boyu rahat yuxu yata biməz. Birinin əlləri yox, birinin ayaqlarını don vurub, kəsiblər. Kiminin gözünü çıxardıblar. Nə bilim, adamın dili söz tutmur…ƏTRAFLIOptimal Sərfəlidir

Картинки по запросу xocalı genocide

Atam da bütün gecəni bacımı, qardaşlarımı axtarır, tapmır. O, evin tək övladı olmuşdu. Biz uşaqları ona bacı-qardaş olmuşduq. Əmisi qızını, qohumlarını mühasirədən çıxardıb, yenə bacımın dalınca geri dönür. Yalvarırlar ki, qayıtma, atam qulaq asmır. İndi düşünürəm ki, bəlkə atamın bacısı, anası olsaydı, onu yolundan döndərərdi ki, geridə qalan balalarına sahib çıx. Bu mənim içimi göynədir hələ də… Atam bir neçə kişi ilə geri qayıdır. Yanındakı şahidlər danışırdı ki, biz də atırdıq, Mürşid dayı da. Amma onun güllələrinin heç biri yan keçmirdi. Çünki illərin ovçusu idi atam. Nə isə… gülləni tüfəngə dolduranda, snayperlə vurub, öldürürlər.

Bacımgil də bu dəmdə qayınları, onların ailələrilə meşənin sazaqlı yollarına düşürlər. Hamı yüngül ev geyimində meşəyə səpələnir. Bacımın 3 oğlu vardı, 11 yaşlı Elçin, 8 yaşlı Elgiz, bir də 4 yaşlı Mehdi. Köməkləşib, qaçırlar. Get-gedə hamı taqətdən düşür, uşaqlar ac, susuz. Yolda neçə nəfər donub, ölür. Qarı əridib, balalarının dodağına sürtürlər. Özü də tərslikdən fırlanıb, yenə meşənin eyni nöqtəsinə qayıdırlar. Bacım ortancıl oğlunu, yoldaşı Firdovsi böyük oğlunu belinə alıb, qaçırlar. Mehdini də başqa bir qohumun belinə bağlayırlar. Dediyinə görə, həmin adam qaçanda yıxılır, Mehdi başının üstündən düşüb, itir.

Mehdi indi danışır ki, atam dalımca gəlirdi, amma atışma oldu, səsi kəsildi. Odur-budur bacımın yoldaşından xəbər yoxdur. Mehdini də ermənilər əsir götürür. Deyir, gözünün önündə qarı, qoca, cavan, uşaq demədən hamısına əzab verib, güllələyirdilər. Bir möcüzə olur ki, Mehdi sağ qalır. Bacım Heyranla böyük oğulları da meşədə donub ölürlər. Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biri də Mehdidir. Amma bu yeganə uşaqdır ki, salamat qalan bacı-qardaşı da yoxdur.

Nə isə… qızım, Mehdi babası İsa ilə Ağdama gəldi. Babası mənə dedi, götür, bala, tək bunu gətirə bildim. Anam Mehdini qucaqlayıb, ağladı ki, şükür, ay Allah, balamın heç olmasa bir nişanəsi qaldı. İkinci bacımın yoldaşı da aeroportda polis idi. O da yaralanıb, soyuqdan şoka düşüb, keçinmişdi.

Babam Savalan İkinci Dünya Müharbəsi iştirakçısı olmuşdu. Faşist əsirliyində qalmışdı. Onun da ölməyi o gecəyə qalıbmış. Bir bibimlə iki oğlu, digər bibimin hamilə nəvəsi… Saymaqla bitmir, qızım, millətimizi qırdılar. Xalamın gözünün qabağında cavan balasını güllələdilər.

Amma ən çox atama yanıram. Mən onunla nəfəs alırdım. Atam mənim qardaşım, balam idi. Bir dəfə əlillər evinin yanından keçirdim. Gördüm bir qoca kişi oturub əlil arabasında, iki ayağıı da dibdən kəsilib. Fikirləşdim, kaş onun yerində atam olardı, qucağımda gəzdirərdim bütün gün. Atamın məzarı Ağdamda qaldı. Anam dünyasını dəyişəndə yanında atama da məzar düzətdik ki, ağlayıb, içimizi boşaltmağa yerimiz olsun.

– Anahid xanım, Mehdi necədir indi?

– Yaxşıdır, şükür. Bir müddət bizimlə yaşadı. Sonra Goranboya, babasıgilin yanına köçdü. Polis əməkdaşıdı. Yaxınlarda toyunu da elədik. Amma bacımın bəxtsiz balasının ömrü tənha keçdi.

Biz ədalət istəyrik. Torpaqlarımıza qayıdıb, doğmalarımızın ruhuna qovuşmaq istəyirik. Yer üzü belə müsibət görməsin bir daha.

***

– Bənövşə xanım, siz necə xatırlayırsınız o müsibəti?

– Cavan gəlin idim. 3 uşağım vardı. Atam rəhmətə getmişdi, ona görə uşaqlar Bakıda anamla qalmışdılar. Qayınanamla evdə oturmuşduq. Qaynım Şahin Haqverdiyev də aeroportda polis idi. Gəldi bizə dedi ki, enin zirzəmiyə, küçəyə çıxmayın. Ermənilər şəhəri mühasirəyə alıb. Düşdük zirzəmiyə. Qayınanam ağladı ki, bala, uşaqlardan xəbər gəlmədi. Qalxıb, gizlincə baxdım ki, evdə, həyətimizdə ermənilər gəzir. Onlara Livan ermənisi deyirdilər. Burunlarına, qulaqlarına sırğa taxmışdılar. O müsibətdən indi də danışanda həyəcanlanıram. Gecəyarı qaynanam, yoldaşım və mən meşə ilə Ağdama tərəf qaçdıq. Qayınanam yaşlı qadın idi, artıq heydən düşmüşdü. Dedi, məni qoyub, gedin. Ananı meşənin ortasında qoymaq olar heç?! Yoldaşım paltosunu çıxardıb, anasını içinə qoydu. Paltonu darta-darta birtəhər getdik. Yolda qaynanam donub, öldü. Bizimkilər, bizə qranat vermişdilər ki, işdi, erməniyə rast gəlsəniz, açın, ölün, amma girov düşməyin. Min bir zülmlə gəlib, Ağdama çatdıq. Allahın bizə yazığı gəldi. Amma həmin gecə bir qaynım da şəhid oldu. 5 uşağı yetim qaldı.

***

Mənsə düşünürəm ki, o gecə Allah Xocalıda ölən 613 nəfəri, hər iki valideynini itirən 25 uşağı, yer üzündən silinən 8 ailəni, öldüyü, qaldığı bəlli olmayan 1275 nəfəri unutmuşdu. O gecə Allah Xocalını öz yaddaşından silib, bizim xatirimizə əbədi yazdı.

Leyla Sarabi