Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe Danimarka televiziya kanalına bir sıra açıqlamalar verib.
Ekspert optimist proqnozla çıxış edib və bildirib ki, koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq. Bununla belə, əlavə edib ki, rahatlamaq üçün hələ tezdir:
“Əlbəttə ki, COVID-19 2021-ci ildə yayılmağa davam edəcək, lakin ötən ilə nisbətən daha idarəolunan olacaq, ən pis ssenarilər geridə qalıb. Virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərin lazım olacağını düşünmürəm”.
H.Kluqe qeyd edib ki, virus mutasiyaları və yeni ştamlar hazırlanmış peyvəndlər üçün ciddi problem yaratmayacaq. Sıfırdan yeni peyvənd variantları hazırlamaq tələb olunmayacaq, yeni mutasiyalar nəzərə alınaraq dəyişdirilə bilər. Ancaq ən böyük problem peyvəndlənmə işləri geniş yayıldığı zaman – vaksinasiya olunmuş insanlar peyvənd olunmayanlarla eyni mühitdə olanda ortaya çıxacaq.
Rusiyalı professor, tibb elmləri doktoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin əməkdaşı Anatoli Altşteyn ÜST rəsmisinin açıqlamasını şərh edərkən bildirib ki, pandemiyanın 2022-ci ilin əvvəllərində başa çatma ehtimalı həqiqətə uyğundur:
“Mən də buna inanmaq istərdim və belə bir ehtimalın doğru olması üçün müəyyən əsaslar var. Düşünürəm ki, pandemiyanın 2022-ci ildə bitəcəyini demək olar. Buna baxmayaraq, koronavirus xəstəliyi yox olmayacaq. Peyvəndlər bizim əsas qayğımız olacaq, amma maskalar və sosial məsafə müəyyən dərəcədə bizimlə qalacaq. Cənub-Şərqi Asiya ölkələrini və Yaponiyanı nümunə göstərmək olar, orada insanlar sıx yerlərdə maskada gəzməyə adət edib və bu, doğrudur”.
Ekspert peyvəndlərin mutasiyalara reaksiyasına belə rəy bildirib:
“ “Pfizer” və ya “Moderna” peyvəndlərinin istehsal prosesini uyğunlaşdırmaq olduqca asandır. Yeni ştamların parametrləri daxil edilir və bir az fərqli işləməyə başlayır. Bu, təhlükəsizliyə minimal təsir göstərəcək və belə bir dəyişiklik bir gün çəkəcək. Vektorlu peyvəndlərə gəldikdə, (məsələn, Qamaleya Mərkəzinin “Sputnik V” peyvəndi ) vəziyyət daha mürəkkəbdir, lakin uyğunlaşdırmaq mümkündür, sadəcə daha çox vaxt tələb olunur: həftələr və ya aylar.
Bundan əlavə, Çumakov Mərkəzində istehsal olunan “CoviVac” peyvəndinin gələcəkdə öz təsirini göstərəcəyinə şübhə etmirəm. Məsələ budur ki, onu çox miqdarda istehsal etmək çətindir. Hər il 10 milyon doza göstəricisi olduqca realdır, lakin Rusiya kimi bir ölkə üçün kifayət deyil.
Vektor Mərkəzində hazırlanan “EpiVacCorona” ilə bağlı bəzi narahatlıqlarım var. Onun effektivliyinə dair geniş məlumatlar əldə olunmayıb. Nəzəri baxımdan bu peyvənd böyük suallar doğurur. Bu, təhlükəsizlik baxımından çox yaxşı bir dərmandır, lakin hazırlanmasında çox vacib prinsip pozulur. Artıq S-proteininin immunitet əmələ gətirən əsas element olduğunu dəqiq bilirik. “EpiVacCorona”da bu zülal yoxdur, üyüdülmüş S-proteininin üç peptidindən istifadə edir və nəzəri cəhətdən bu üç peptidin S-proteinini əvəz etməsi mümkün deyil.
Bəlkə də səhv edirəm, amma klinik sınaqların üçüncü mərhələsinin məlumatlarını görmək istərdim və bildiyim qədər, bu mərhələ yalnız 3 min nəfər üçün planlaşdırılır. Bu o deməkdir ki, heç vaxt inandırıcı məlumatlar görməyəcəyəm. Müqayisə üçün deyim ki, “Sputnik V” peyvəndinin sınaqlarının 3-cü mərhələsində 40 min nəfər iştirak edib”.
A.Altşteyn peyvənd olunan insanların peyvənd olunmayanlarla eyni mühitdə olmasının yol açdığı fəsadlara da aydınlıq gətirib:
“Məsələ burasındadır ki, vaksinasiya olunmuş insanlar psixoloji səbəblərə görə epidemiya əleyhinə qaydaları pozmağa başlaya bilərlər. Onların özbaşına davranışları vəziyyəti pisləşdirəcək. Peyvənd xəstəliyin qarşısını alan 100 faiz etibarlı vasitə deyil. Peyvənd olunmuş şəxs virusun aktiv daşıyıcısı ola bilməz, çünki virusun bədənində kök salması ehtimalı azdır, lakin virusa yoluxma istisna edilmir və virusu ötürə biləcəyi ehtimalı da var”.