Şəhid Şahlar Məmmədovun anası: “Bir ay sonra balamın nömrəsindən zəng gəldi…” – MÜSAHİBƏ + FOTO

0
326

44 günlük Vətən müharibəsi bizə tarixi qələbə qazandırdı. Qələbəyə gedən bu yolda isə Azərbaycan Ordusunun 2855 igid əsgəri canlarından keçdi.

Şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanlardan biri də 1994-cü il təvəllüdlü Şahlar Şahin oğlu Məmmədovdur. Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olan Ş.Məmmədov evin tək oğlu olub. Təbiətcə mehriban insan olsa da, səssizliyi ilə seçilib Şahlar. Elə bu dünyadan gedişi də sakit-səssiz, xəbərsiz olub…

Şəhidin anası deyir ki, oğlunun müharibədə olduğunu bilməyib.

Şəhid anası deyir ki, oğlu heç vaxt ona dərdini, problemlərini deməzdi:

“Şahlar çox ağıllı, sakit uşaq olub. Ətrafda onu tanıyan hər kəs Şahların necə mehriban olduğunu bilirdi. Sinif yoldaşları, əsgər yoldaşları ondan çox razılıq edirdi. Ali məktəbə sənəd vermişdi, amma topladığı bal az olduğu üçün qəbul ola bilmədi. Dedim ki, bir də sənəd ver, qəbul olub, oxuyarsan. Amma gözləmədi, əsgər getdi. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başladı. Aylarla üzünü görməzdim, amma sağ-salamat olduğunu bilirdim. Telefonla danışırdım”.

“Sentyabrda məzuniyyət götürüb evə gələcəkdi”

Əzizə Məmmədova deyir ki, iyun ayında məzuniyyətə çıxacaqdı, pandemiya ilə əlaqədar qalmışdı:

“Pandemiya dövründə Şahların xidmət apardığı hərbi hissədən də bir qrup hərbçi karantin rejiminə nəzarət çərçivəsində ərazilərə ezam olunmuşdu. Telefonla danışırdıq, yaxşı olduğunu deyirdi. Sonuncu dəfə oğlumu avqustda gördüm. Hərbi formada gəlmişdi. Heç vaxt rayona formada gəlməzdi. O gün bir yarım saat evdə qaldı, getdi.

Sentyabrın 27-də müharibə başladı. Hər kəs kimi biz də narahat olurduq. Müharibənin tez bitməsini istəyirdik. Müharibə başladığı gündən bir həftə sonra Şahlara zəng etdim. Mənə müharibəyə gedəcəyini demədi. Hər şeyin yaxşı olduğunu, danışa bilmədiyini deyib, sağollaşdı. Amma sən demə Şahlar artıq müharibədə olub. Atasına deyib, məlumat verib. Amma tapşırıb ki, mənə deməsinlər. Telefonuna çox vaxt zəng çatmırdı, soruşurdum ki, görən uşaq hardadı? Deyirdilər ki, set yoxdu, özü zəng edər. Mən heç nədən xəbərsiz qalanda balam güllə yağışının altında olub”.

“Tez-tez zəng edirdim ki, hər saniyə ağlımda olduğunu bilsin”

Əzizə xanım deyir ki, Şahların telefonuna zəng çatsa da, çatmasa da, hər gün eyni vaxtda, axşam saat 10-da övladına zəng edib. Təəssüf ki, Şahlar zənglərə cavab verməyib.

Şuşanın işğaldan azad olunma xəbərini alan şəhid anası sevincini küçələrə çıxan xalqla birlikdə bölüşüb:

“Ölkə başçımız xalqa şad xəbəri verəndə Bakıdaydım. Küçələrə çıxan insanların içərisində mən də Şuşanın işğaldan azad olunmasına ürəkdən sevinirdim. Oğlu, qardaşı, atası müharibədə olan hər kəsə göz aydınlığı verirdim. Tez zamanda hər kəsin evinə, ailəsinin yanına qayıdacağını deyirdim.

Mən burada torpaqlarımızın azad olunmasına sevinən zaman balamın şəhadətə yüksəlməsindən xəbərim olmayıb. Mən onun 5 ildir xidmət etdiyi N saylı hərbi hisssədə olduğunu bilirdim, amma balam XTQ-nin tərkibində ön cəbhədə olub. Noyabrın 7-də Şahlar yaralanıb və şəhidlik zirvəsinə ucalıb”.

Şəhid Şahlar Məmmədov Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Şuşada düşmənlə üzbəüz, əlbəyaxa döyüşlərdə ermənilərin çoxsaylı hərbçisini məhv edən qəhrəmanımız snayper gülləsi ilə vurulub. Əsgər yoldaşlarının ailəsinə verdiyi məlumata görə, o, elə döyüş meydanında aldığı yaradan şəhid olub.

“Telefonuma zəng edib, oğlumun yaralandığını dedilər”

Həmin gün avtobusda bir qadının dediyi söz Əzizə xanıma çox təsir edib:

“İşə gedirdim. Hər kəs sevinir, qürurlanır. Bir qadın dedi ki, “görəsən şəhid anaları da bizim sevincimizə qoşulurmu?” Mən bilmədən onların sevincinə qoşulan həmin şəhid analarından biri olmuşam. Telefonuma zəng gəldi və dedilər ki, narahat olma, amma Şahlar yaralanıb, tez gəl Neftçalaya. Bir an əlim-ayağım boşaldı. Yol boyu düşündüm ki, Şahlar yaralanıbsa, niyə məhz Neftçalaya gətirirlər? Artıq ömrümdən ömür getdi”.

Şahların şəhid xəbəri bütün Neftçala rayonunu ayağa qaldırır. Hər kəs şəhidin evinin qarşısına toplaşır və yaralandığı deyilən hərbçimizin üçrəngli bayrağa bükülmüş nəşi gətirilir.

“Mən oğlumun görüşünə çox gec çatdım”

Şəhid anası deyir ki, hər şeyi ondan gizlətdikləri üçün oğlunun nəşi gətiriləndə evdə olmayıb:

“Yol boyu dualar etdim. “Həqiqətən də yaralanmış olsun, nəfəsi üstündə olsun” dedim. Anayam, oğlumun torpaq, Vətən uğrunda canından keçməsindən qürur duyuram. Amma nə etsək də, anayıq. Övlad itkisi ağırdır. Fikirləşirdim ki, görən hansı qolu, hansı ayağına ziyan dəyib, əli-qolu olum balamın. Hər əziyyətini çəkərdim. Yaralandığını dedilər mənə, ümidim vardı. Gəlib gördüm ki, kənd əhalisi, rayon əhalisi bizim evin qarşısındadı. Onda başa düşdüm ki, oğlum şəhid olub”.

Əzizə xanım deyir ki, şəhidlik uca zirvədir, bütün anaların acısını öz ürəyində hiss edir:

“Mən övladım dəfn olunduqdan sonra uşağımın acısını hiss etdim. Sanki bütün ruhum donmuşdu. Yavaş-yavaş elə bil ki, keyim açılır, baş verənləri dərk edirəm. Bəlkə də uşağımın müharibədə olduğunu məndən gizlətməsəydilər, özümü az da olsa, hazırlayardım. Bir anda övladımı itirməyimi eşitmək mənə ağır gəldi. Allah bütün şəhidlərə rəhmət eləsin, qazi balalarımıza tez şəfa versin. Nə deyə bilərik, Vətən sağ olsun. Şahların arzusu idi. Anasının qəlbinə dağ çəkdi, zirvəyə ucaldı”.

Şəhid anası deyir ki, oğlunun nömrəsinə hər gün eyni vaxtda zəng etməyə davam edib. Bir gün isə nömrənin aktivləşdiyini görüb.

“Bir ay sonra Şahların telefonundan zəng gəldi”

Əzizə xanım deyir ki, elə bilib ki, oğludur:

“Zəng etdim, telefonu açmadılar. Səhər oğlumun nömrəsindən mənə zəng gəldi. Hansı ana bu an ağlını itirməz ki? Bir anda elə bildim ki, hər şey yuxudur, anlaşılmazlıq olub. Telefonu “Alo, Şahlar…” deyə açdım. Gördüm ki, səs o deyil. Başqa bir oğlandı. Nömrə necə olubsa, o uşağın əlinə düşüb bilmirəm. O da əsgər idi. Allah sağ-salamat ailəsinə qovuşdursun. Biləndə ki, mən şəhid anasıyam, o nömrə şəhidin olub, o uşaq da pis oldu. Daha o gündən sonra Şahlara zəng etməyin mənası olmadığını başa düşməyə başladım. Daha o nömrədən oğlumun səsi eşidilməyəcəkdi”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, baş çavuş Məmmədov Şahlar Şahin oğlu ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.