Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlandı – FOTOFAKT

0
342

Ermənilər bu və ya digər vəsaitlər hesabına Şuşada tarixi binalarda yerləşən Dövlət Musiqili Dram Teatrını, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeylərini, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeylərini, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialını, Dövlət Rəsm Qalеrеyasını, 4 texnikumu, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, kitabхanaları, 2 sanatoriyanı, görkəmli sənət adamlarının ev muzeylərini, 70 yerlik turist bazasını, 1200 yerlik internat məktəbini və s. dağıdaraq məhv ediblər.

Bunu Şuşada tarixi abidələrlə bağlı aparılan monitorinqdə iştirak edən mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, ermənilər eyni zamanda 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar.

F.İsmayılov qeyd edib ki, Ermənistan tətbiq etdiyi vandalizm aktını “humanist” addım kimi təbliğ etmək məqsədilə “Shousi” Mədəniyyət Fondu hesabına Şuşada tarixi binaları və küçələri erməniləşdirmək üçün bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşdu.

Ekspert əlavə edib ki, erməniləşdirmə konsepsiyanın reallaşması üçün Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilmişdi. Bu məqsədlə son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evlərin “bərpa” üçün hazırlanmasını təmin etmişdilər. Ermənistanın Maarif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu konsepsiya və layihələrə baxılaraq bəyənilmiş, Hökumət tərəfindən Şuşa şəhərini dünya ermənilərinin Dini və Mədəniyyət mərkəzlərinə çevirmək üçün layihələrə Ermənistan Hökuməti Dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılırdı.