Qarabağ fəalı: “Qarabağdakı separatçıların Azərbaycana hər hansı bir şərt irəli sürməyə heç bir haqqı yoxdur”

0
348

Dağlıq Qarabağın erməni separatçılarının lideri Araik Arutyunyan Ermənistan-Azərbaycan münaqişəsi ətrafında onsuz da mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirmək üçün növbəti cəhdə əl atıb. O, bu yaxınlarda tanınmamış “DQR”in “Təhlükəsizlik Şurası”nın ilk iclasını çağıraraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesinin davam etdirilməsinin “şərtləri” kimi təqdim etdiyi tezislər səsləndirib. Maraqlıdır ki, separatçılar Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların tərəfi deyillər və müvafiq olaraq, heç bir şərt irəli sürmək hüquqları yoxdur.

“İnterfaks-Azərbaycan” agentliyi Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanovdan Arutyunyanın bəyanatına münasibət bildirməyi xahiş edib.

– Boş söhbətlərlə məşğul olan Arutyunyanın “tezisləri” barədə nə düşünürsünüz?

-Hər şeydən əvvəl cənab Arutyunyana belə təkliflər vermək üçün hansı statusda olduğunu düşünməyi məsləhət görərdim. O, prezidentin heç bir hüquqi statusuna malik deyil, sivil dünyada heç kim tərəfindən tanınmır və hörmət sahibi deyil. Onun rəhbərlik etdiyi “respublika” heç bir statusa malik deyil və dünyanın heç bir ölkəsində tanınmır. Göründüyü kimi, cənab Arutyunyanın və onun məsləhətçilərinin hüquqi bilikləri, yumşaq dillə desək, yüksək səviyyədə deyil.

– Münaqişənin həllini nəzərdə tutan bu “plan”ı necə qiymətləndirirsiniz?

– Dağlıq Qarabağın yetkinlik yaşına çatmış istənilən sakini və ya ictimai təşkilatların nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz planını təklif edə bilər. Lakin hətta Ermənistanın özü belə danışıqlar prosesinin tərəfi olmayan “DQR”i tanımırsa, beynəlxalq subyektliyi necə vurğulamaq olar? “Qarabağ hakimiyyəti”nə bir daha xatırlatmaq istəyirəm: münaqişənin sülh yolu ilə və qəti şəkildə həllinin bütün mərhələlərində yalnız Azərbaycan və Ermənistan hakimiyyətləri tamhüquqlu qaydada iştirak edə bilər. Məhz buna görə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri də bu nizamlanmanın bütün mərhələlərində iştirak edə bilməz.

– Artsaxın (Qarabağın) “suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi heç bir halda təhlükəyə məruz qala və sövdələşmə predmeti ola bilməz tezisinə necə yanaşırsınız?

– Bəs Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi təhlükəyə məruz qala və ya sövdələşmə predmeti ola bilər? Azərbaycan bütün dünyada beynəlxalq səviyyədə tanınmış, legitim və layiqli prezidenti olan ölkədir. Arutyunyan unutmamalıdır ki, ölkədə qanuni olaraq seçilmiş bir prezident var – bu, İlham Əliyevdir və Qarabağ Azərbaycanın yurisdiksiyasındadır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

– Arutyunyan iddia edir ki, “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ tanınmadan” tərəflər arasında məzmunlu müzakirələr mümkün deyil…

– Arutyunyandan “Artsax xalqı” dedikdə, nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək istərdim. Yeri gəlmişkən, bu termini əvvəllər Ermənistanın baş naziri Nikol Paşinyan da səsləndirib. Əgər “Artsax xalqı” mövcuddursa, deməli, o, müxtəlif etnoslardan yaxud xalqlardan, o cümlədən də türklərdən ibarətdir ki, buna da şübhəm yoxdur. Mən məhz bu mövqeyimə görə yalançı erməni vətənpərvərlərin təhqir və təhdidlərinə məruz qalmışam. Əgər “Artsax xalqı” mövcuddursa, o zaman Ermənistan silahlı qüvvələri Qarabağda nə edir? Bəs Qarabağ azərbaycanlıları necə olsun? Məzmunlu müzakirələr yalnız Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan və Livan və Suriya vətəndaşlarının burada qanunsuz məskunlaşdırılması dayandırıldıqdan sonra erməni və azərbaycanlı əhali arasında aparıla bilər.

– Arutyunyan, həmçinin münaqişənin güc yolu ilə həlli cəhdlərinin və ya güc tətbiqi ilə bağlı təhdidlərin istisna edilməsindən danışır, çünki erməni və Azərbaycan xalqları sülh şəraitində yaşamağa layiqdirlər.

– Azərbaycan və erməni xalqları birmənalı olaraq sülh şəraitində yaşamağa layiqdirlər, lakin məhz Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Qarabağ azərbaycanlılarını və mənim kimiləri öz doğma torpaqlarında sülh şəraitində yaşamaqdan məhrum edib. Yoxsa Arutyunyan bunu unudub?

– Bəs Arutyunyanın birtərəfli və ya qeyri-mütənasib güzəştlər istisna olunur tezisi haqqında nə düşünürsünüz?

– Mən bu bəndin mənasını başa düşə bilmirəm, söhbət hansı güzəştlərdən gedir? Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri geri qaytarmaq, sonra isə azərbaycanlı qaçqınların bilavasitə Dağlıq Qarabağa qayıtması, birgə yaşayış, infrastrukturun bərpası və Azərbaycan qanunları və həyat fəaliyyətinin bütün sahələrinə inteqrasiya məsələləri barədə razılığa gəlmək lazımdır. Yalnız bundan sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu nəzərdən keçirilə bilər.

Oxu.az