Baş redaktor bəzi saytları ittiham edir: “İnformasiya mühitinin çirkləndirilməsi ilə məşğuldurlar”

0
422

Kütləvi informasiya vasitələri haqqında” Qanun 1999-cu ildə qəbul olunub, o vaxt internet media inkişaf etməmişdi. Ona görə də müasir medianın gətirdiyi məsələlərin, problemlərin necə tənzimlənməsi “KİV haqqında” Qanunda öz əksini tapmayıb.

Bunu  açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “KİV haqqında” Qanuna dəyişiklikləri zəruri edən amillərdən danışarkən deyib. O bildirib ki, hər gün bir sayt, informasiya portalı yaradılır. Onun sözlərinə görə, həmin yeni yaranan saytların media ilə bağlı qanunlara əməl edib-etməməsi sual altındadır.

“Ümumiyyətlə onların qeydiyyat proseduru necədir, bilinmir. Bütün bunların hamısı qanunda olan boşluqların doğurduğu nəticələrdir. Bu boşluqları doldurmaq üçün “KİV haqqında” Qanunda müəyyən dəyişikliklərin edilməsi zəruridir”, – deyə A.Aşırlı əlavə edib.

Jurnalistin fikrincə, yeni yaranan saytların peşə qanunlarına uyğunlaşdırılması prosesi getməlidir.

A.Aşırlı hesab edir ki, mütəxəssislər təklif verməlidirlər və bunun əsasında müvafiq qanunvericilik aktlarında dəyişikliklər, düzəlişlər olunmalıdır.

“Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda qeyri-ciddi və yalan informasiyalar yayılır. Ümumiyyətlə bəzi saytlar informasiya mühitinin çirkləndirilməsi ilə məşğuldurlar”, – deyə A.Aşırlı şərh edib.

Baş redaktor qeyd edib ki, oxucular doğru xəbər axtarışına çıxdıqda yalan məlumatlar tirajlayan saytların məsuliyyət məsələsi arxa planda qalır.

Onun bildirdiyinə görə, saytlar peşə davranış qaydalarına uyğun fəaliyyət göstərəcəklərsə, üzərlərinə qanuni məsuliyyət götürməlidirlər.

A.Aşırlı saytların vergilərə hansı formadan cəlb edilməsinin qaranlıq olduğunu da deyib:

“Həmin saytlar bu qanuna uyğun olaraq da fəaliyyət prinsiplərini seçməlidirlər. Azərbaycanda çap mediası, televiziyaların maliyyə mənbələri şəffafdır. Bunun da səbəbi odur ki, biz vergi ödəyicisiyik. Bəs yeni yaranan saytlar vergiyə cəlb olunurmu, onların maliyyə mənbələri haradandır? Bu məsələlər qaranlıq qalır. Maliyyə mənbələrinin şəffaflığı medianın etibarlılığı üçün lazım olan əsaslardan biridir”.