“Həyati və elmi məsələlərdə Rafiq Əliyevin tövsiyələrinə həmişə ehtiyacım olur”

0
752

Hazırda Şimali Kiprdə çalışan tanınmış bəstəkar, professor Cavanşir Quliyev Qeyri-səlis məntiqlə bağlı fundamental elmi məqalə yazıb. Həmin məqalədə Qeyri-səlis məntiqin musiqi ilə əlaqələndirilməsi mükəmməl səviyyədə aparılıb və araşdırma dünyanın məşhur “Web of science” bazasında yayımlanıb.
– Peşəkar musiqiçisiniz və bu sahəni xaricdə tədris edirsiniz. Qeyri-səlis məntiqlə tanışlığınız haradan qaynaqlandı?
– Lütfi Zadənin bu nəzəriyyəsi haqqında hələ tələbə ikən səthi məlumat eşitmişdim – tanış riyaziyyatçılardan, fərqli ziyalılardan, ümumiyyətlə, tanıdığım elm adamlarından… Azərbaycan müstəqillik qazandıqdan sonra onunla bağlı məlumatlar daha çox gəlməyə başladı və nəhayət, böyük alim Rafiq Əliyevlə tanış olandan sonra, həqiqi və konkret bilikləri eşitmək imkanım oldu. Ölkəmizdəki bütün bu nəzəriyyə ilə maraqlanan və məşqul olan  alimlər üçün Rafiq Əliyev bu nəzəriyyənin Azərbaycanda təmsilçisi, hocası oldu.
– Musiqi, ahəng, harmoniya ilə Lütfi Zadənin bu fundamental nəzəriyyəsi ilə hansı əlaqəni, güclü rabitəni sezdiniz?
– Bu nəzəriyyə matematik nəzəriyyəsidir, ilk baxışda musiqi ilə birbaşa əlaqəsi yoxdur. Məqsəd də, zatən, o deyil – bu nəzəriyyəni, Rafiq Əliyev demişkən, insanın məşğul olduğu, demək olar ki, bütün peşələrə tədbiq etmək olar və bundan o fəaliyyət növü yalnız fayda görər. Təsadüfi deyil ki, nəzəriyyə olan Qeyri-səlis məntiq artıq sənayedə də böyük fayda verir, bəşəriyyətə, necə deyərlər, qulluq edir. Bu mənada Lütfi Zadənən insanlığa etdiyi xidmət misilsizdir.
– Bu istiqamətdə ingiliscə çapdan çıxan fundamental məqaləniz var. Mümkünsə o məqalənin məzmunu və yazılma tarixçəsindən danışardınız.
– Öncə onu deyim ki, bu məqalə görkəmli alimimiz və həqiqi ziyalımız Rafiq Əliyevin təkidi və fövqəladə yardımı nəticəsində dünyaya gəldi. Məqalə kompozisiya tərkibli qərarların  musiqidə qəbul edilməsi proseslərində Qeyri-səlis məntiqin istifadəsinə həsr olunub. Bu nəzəriyyə musiqidə qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Məqalədə təklif edilən metod özəl olaraq verilən musiqinin xüsusiyyətlərinin “üstünlük sifarişi” prinsipinə əsaslanır.
– Ümumiyyətlə, Zadə və onun elmi varisi-Rafiq Əliyevi bir alim və bütöv şəxsiyyət kimi necə dəyərləndirirsiniz?
– R.Əliyev çoxşaxəli şəxsiyyətdir. O dövrümüzün ən böyük alimlərindən biridir, ürəyi Vətən və Qarabağ üçün yanan bir millət oğludur, cəmiyyətdə böyük nüfuza malik, sözün əsil mənasında, ziyalıdır, bütün həyat çətinliklərinə baxmayaraq, mənəvi prinsiplərindən heç vaxt dönməyən, mənim böyük dostumdur! Bir çox həyati və elmi məsələlərdə Rafiq müəllimin məsləhətinə və tövsiyyələrinə həmişə ehtiyacım olur. Təsadüfi deyil ki, Lütfi Zadə Rafiq Əliyevi vicdanlı və böyük alim kimi görərək, onunla həm insani dostluq qurub, həm də onu nəzəriyyəsinin davamçısı kimi görüb. Bu gün Rafiq müəllim böyük səylə Zadənin arzularını həyata keçirərək, nəzəriyyənin həyatımıza daha da dərin yerləşməsi üçün var gücü ilə çalışır.
– Dünya elmində Qeyri-səlis məntiq nəzəriyyəsi bir çox elmi sahələrlə əlaqələndirilib. musiqi də isə ilkə imza atanlardan biri siz oldunuz. Məqaləniz dünya alimləri, qeyri səlis məntiq mütəxəssisləri tərəfindən necə qarşılandı?
– Bu tip məqalələr zaman keçdikcə öz yerini və dəyərini alır. Hələlik, Tayvandan və Yaponiyadan elmi konfranslara dəvət almışam. Dəvətdən başqa, orda nəşr olunan elmi jurnalların ikisində məqalələr üçün jüri üzvü olmaq təklifi də almışam. Təbii ki, imtina etdim, çünki mən musiqiçiyəm, bəstəkaram, mənim əsas işim musiqi bəstələməkdir. Başqa fəaliyyətə çox vaxt qalmır.
Qeyd: Moderator.az Cavanşir Quliyevin adıçəkilən məqaləsinin tam mətnini, onunla bağlı təhlili və xarici ölkələrdən gələn dəvətləri növbəti yazıda təqdim edəcək.