Biz Cəbrayıla qayıdacağıq

0
1192

Avqustun 23-də Cəbrayıl rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 27-ci ili tamam olur. 1993-cü il avqustun 23-də Ermənistan silahlı birləşmələri 1 şəhər, 4 qəsəbə və 92 kəndi olan Cəbrayıl rayonunu işğal ediblər. Rayonda olan 72 ümumtəhsil, 1 peşə məktəbi, 8 xəstəxana, 5 məscid, 129 tarixi abidə, 2 muzey, 149 mədəniyyət ocağı, 14 mindən çox daşınmaz əmlak işğal altında qalaraq talan edilib, dağıdılıb, yandırılıb. Rayonun 52 min 604 nəfər əhalisi öz doğma yurdundan didərgin salınıb. Müharibə zamanı 392 nəfər cəbrayıllı şəhid olub, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr məhv edilib

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Sahəsi 104 min 980 hektar olan Cəbrayıl rayonu mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay və Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan və sement istehsalına yararlı Göyərçin Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan və əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Şahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları ilə zəngindir.
Cəbrayıl şəhərində vaxtilə diametri 250 santimetr, hündürlüyü 30 metr, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 santimetr, hündürlüyü 30 metr, yaşı 700 il olan 1 və diametri 800 santimetr, hündürlüyü 45 metr, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 santimetr, hündürlüyü 25 metr, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 santimetr, hündürlüyü 30 metr, yaşı 900 il olan 1 və diametri 370 santimetr, hündürlüyü 30 metr, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 santimetr, hündürlüyü 30 metr, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 santimetr, hündürlüyü 25 metr, yaşı 800 il olan 1 şərq çinarı qorunub.
Cəbrayıl rayonunda geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan və “Xan çinarı” adlandırılan şərq çinarı ağacı kəsilərək məhv edilib. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Həmçinin çoxyaşlı iridiametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.

Cəbrayıl rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib

Cəbrayıl rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, daş üzərində süjet xarakterli oymalar, mağara, kurqan tipli abidələr, çoxlu sayda qəbirüstü abidələr, qoç fiqurları, məişət və digər əşyalar, 11 və 15 aşırımlı körpülər, gümbəzlərlə zəngindir.
Cəbrayıl şəhərində Ağoğlan nekropolu (ilk orta əsrlər), Sirik kəndində Qala bürcü (V-VI əsrlər), Xələfli qəsəbəsində Qız qalası (XII əsr), Cəbrayıl şəhərində, Qalacıq, Naftahar, Mahmudlu, Xudyarlı, Karxulu, Şıxlar, Şıxlı, Qışlaq, Hovuslu, Şəkərbəyli kəndlərində tunc və ilk dəmir dövrünə aid kurqanlar və yaşayış yerləri, Dağ Tumas kəndində Divlər sarayı, sərdabə, Tatar kəndində Siklop tikililəri (b.e.ə. III minillik), Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri (b.e.ə. II minillik), Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri (XII-XIII əsr), Xələfli qəsəbəsində Başıkəsik günbəz (XIII-XIV əsrlər), həmçinin kəhrizlər, ərəb yazıları ilə qoç abidəsi (XV əsr), Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə (XIV əsr), XVI və XIX əsrlərə aid məscidlər 27 ildir erməni vəhşiliyinin qurbanına çevrilib.

Cəbrayıllı məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Hazırda Cəbrayıl rayonunun 80 mindən çox əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində 4456 evdən ibarət 11 qəsəbə salınıb. Həmin qəsəbələrdə müasir tipli hər biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, 50 çarpayılıq 1 ədəd sahə xəstəxanası, qəsəbə nümayəndəlikləri üçün 11 inzibati bina, baytarlıq idarəsi üçün inzibati bina, 3 qəsəbədə yanğından mühafizə idarəsi üçün bina, rayon icra hakimiyyəti üçün inzibati bina tikilib, 624, 256, 272 tutumlu 3 ədəd Elektron ATS, 400 montaj tutumu olan genişzolaqlı internet şəbəkə və digər infrastruktur obyektləri istifadəyə verilib. Qəsəbələrdəki evlər içməli su və təbii qazla təmin edilib.
Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunsalar da, cəbrayıllıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Bu günü səbirsizliklə gözləyən cəbrayıllı məcburi köçkünlər Vətən nisgili, doğma yurd həsrəti yaşayırlar.

Böyük qayıdışın başlanğıcı

2016-cı ilin aprel döyüşləri zamanı Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu növbəti qələbə qazandı. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlının təhlükəsizliyi təmin olundu. Dövlət başçısının Sərəncamları ilə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cəbrayıl rayonunun işğaldan azad edilən yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı 24 ildən sonra öz doğma sakinlərini yenidən qoynuna aldı. Cocuq Mərcanlı uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma torpaqlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin yenidən qurulması, sakinlərin doğma yurda qayıdışı onu göstərir ki, xalqımız heç vaxt işğalla barışmayacaq, düşmən tapdağında olan bütün torpaqlarımız azad ediləcək.