Güclü əzələn varsa, güclü kişisən – Azərbaycanda bodibildinqlə məşğul olan bir çox gənc belə düşünür. Onlar üçün pəhriz saxlamaq və məşq etmək sağlamlıq məsələsindən daha üstün bir şeyə dəlalət edir: bu, kişilik simvoludur.
Bəziləri iri əzələlərin “əsl kişi” obrazını təcəssüm etdirdiyinə inansa da, sosioloqlar fiziki gücün cəmiyyətdə toksik maskulinlik simptomu olduğundan narahatdırlar.
- Klassik kişi kostyumu sıradan çıxırmı?
- Qız övladı böyütmək ataların gender stereotiplərinə münasibətini dəyişir
20 yaşlı Gəncə sakini Vüqar Məmmədov üçün bodibildinq böyük bir şövqdür. İdmanla məşğul olması onu həm də zövq aldığı bir işə yönləndirib: Məmmədov hazırda idman zalında məşqçi işləyir. O, həftənin 4 gününü zalda keçirir və ciddi pəhriz saxlayır.
“Mən məktəb illərindən – 5-ci sinifdə oxuyandan məşq etməyə başlamışam”, o deyir. Vüqarın ən böyük kabusu əzələlərini itirməkdir. “Bir gün yuxudan oyanıb özümü əzələsiz görməyi düşünmək belə, mənimçün böyük sarsıntıdır”.
İri əzələlər Azərbaycanda niyə populyardır? Bununla bağlı xeyli mif var, lakin bodibildinqlə məşğul olanların çoxu bunu belə əsaslandırır ki, yalnız güclü kişi ailəsini kənar təzyiqlərdən qoruya bilmə iqtidarındadır.
Gender məsələləri üzrə ekspert Gülnarə Mehdiyeva bildirir ki, idman və sağlam həyat tərzi özü özlüyündə müsbətdir. Lakin onun fikrincə, idmançı obrazı bir kişiyə “əsl kişi” qiymətini vermək üçün istifadə olunduğu zaman problemə çevrilir.
“Sərt, emosiyaları olmayan, qadınlar üzərində hakimiyyət quran kişinin yeganə “düzgün”, “əsl” kişi obrazı kimi təlqin olunması toksik maskulinlikdir. “Əsl” maskulin kişi homofob olmalı, qadınları yalnız seksual obyekt kimi görməli, idmanı mütləq sevməli, problemləri qol gücü ilə həll etməli, mümkün qədər çox qadınla seksual əlaqə yaşamalıdır. İdman o vaxt toksik maskulinlik nümunəsinə çevrilir ki, güləşçi və digər idmançılar bunu “mən hamıdan güclüyəm, yenilməzəm” mesajını ötürmək üçün edirlər”, Mehdiyeva qeyd edir.
Maskulin qəliblər Azərbaycanda – eləcə də Qafqaz regionunda – kişilərin bir çox şeydən özlərini çəkindirməsini tələb edir. Kişi zəif, həssas, qorxacaq, yaxud yumşaq ola bilməz. Və kişi olan kəs özünə əminliyini itirməməlidir.
“Toksik maskulinliyin qurbanı olan kişilər zəif görünməkdən, xəstəlikləri olanda bu haqda danışmaqdan, kömək istəməkdən qorxurlar”- deyə Gülnarə Mehdiyeva əlavə edir.
25 yaşlı Məmməd İsmayılov hesab edir ki, kişidə zəiflik əlamətləri özünə hörməti itirməyə bərabərdir.
“Heç vaxt qadına zəif cəhətlərini göstərməməlisən. Bir balaca zəiflik gördüsə, hər şey qurtardı, o, sənə hörmət göstərməyəcək. Vaxtilə məndə də belə zəif anlar olub; həmin vaxtkı hisslər keçirdiyim ən pis hisslərdir” -deyə İsmayılov bildirir.
“Sonradan daha yaxşı həll yolu nə ola bilərdi deyə fikirləşirsən, amma başa düşürsən ki, yox, başqa variantın yoxdur. Yenə də özünə nifrət edirsən, çünki sən kişisən, sən zəif olmamalısan”, o əlavə edir.
Məmməd İsmayılov Bakıda yaşayır, iki il yarımdır ki, davamlı məşqə gedir. Deyir ki, məşqə başladığı dövrdə daha zəif imiş; bullinqlə üzləşirmiş və müəyyən çevrələrdən kənarda qalırmış.
Azərbaycanda güclülər həmişə zəifləri hədəf seçirlər, o deyir.
Bu gün isə o, saatlarla məşq edən biri olaraq, dost-tanışı tərəfindən ciddi və “razborka” vaxtı axtarılan birinə çevrilib.
Bundan əlavə, güclü əzələlərə sahib olması ona özünə inamı artırıb; İsmayılov hesab edir ki, özünəinam çox vacib keyfiyyətdir, xüsusilə Azərbaycan kişilərinin, demək olar ki, hər gün rastlaşdığı müxtəlif mübahisələrdə, davalarda haqlı çıxmaq üçün özünəinam açar rolu oynayır.
Azərbaycan cəmiyyətində kişilər arasında dava isə bir baxışa da bənddir. İctimaiyyət içində göz-gözə gələn iki kişidən kim birinci baxışını kənara çəkərsə, o, uduzmuş hesab olunur.
“Gözünü çevirməmək kişinin cəsarətini göstərir və bu göz davasında məlum olur ki, real dava düşəcək, yoxsa yox”, İsmayılov izah edir.
Kişilərin kosmetikası
Bununla belə, İsmayılov qeyd edir ki, onda bodibildinqlə məşğul olmağı xarici görünüşünün qeydinə qalmaq, yaraşıqlı olmaq istəyindən doğub.
“Əzələlər kişi üçün kosmetika kimi bir şeydir. Əzələlərinlə fərqlənirsən, diqqət mərkəzində olursan. Əzələn varsa, adi gəzən ət parçası deyilsən”, o deyir.
Məmməd İsmayılov bildirir ki, idman zalına gedəndən bəri həyatı radikal şəkildə dəyişib. Əvvəllər ciddi qəbul olunmasa da, indi “hətta hansısa axmaq hərəkət etsəm də, ətrafdakılardan hörmət görürəm” – deyə o vurğulayır.
Deyir ki, iri əzələlər onu həm də qadınlar üçün cəlbedici edib.
“Çirkin xarici görünüşün varsa, heç kəs sənin daxili gözəlliyinə aşiq olmayacaq” – deyə İsmayılov fikrini əsaslandırır. Əlavə edir ki, yaraşıqlı əri ilə ictimaiyyət arasına çıxmaq arvadının da xoşuna gəlir.
“İki cütlük görüşəndə kişilərdən birinin yaxşı bədəni var və digəri bundan məhrumdursa, ikincinin sevgilisi digər qadına açıq-aşkar paxıllıq edir. Çünki o, öz sevgilisini göstərib lovğalana bilmir”.
Ferrari kimi bədən
24 yaşlı Gəncə sakini Nicat Əliyev də razılaşır ki, formada olan bədən hamıda həsəd oyadır.
Əliyev bodibildinq sahəsinə futboldan gəlib – o, 10 ilə yaxın futbol oynayıb, lakin sonda bu məşğuliyyəti buraxıb, vaxtını idman zalında əzələ yığmağa həsr etməyə başlayıb.
“Kim istəməz ki Ferrari kimi bədəni olmasın? Ferrari kimi böyük bədən?” Əliyev deyir.
Əzələ şişirtmək onun özünə inamını artırsa da, Əliyevin fikrincə, güclü kişi öz əzələsini zəif olanlara zorbalıq göstərmək üçün istifadə etməməlidir.
“Kişilər adətən bodibildinqə getməzdən əvvəlki fizioloji quruluşlarını göstərən fotolardan utanırlar. Mənim heç vaxt belə kompleksim olmayıb. Fərqi yoxdur hansı bədənə sahibsən – indiki, ya da əvvəlki – əsas odur ki, insan olaraq eyni qalmısan”, Əliyev deyir.