Əvvəlki yazıda ABŞ prezidenti Trampın Qolan Yüksəklikləri ilə bağlı bəyanatından sonra ABŞ-nın Yaxın Şərq siyasətini, dünya ictimaiyyətinin məsələyə reaksiyasını, bu bəyanatın daşıdığı təhlükəni araşdırmağa çalışdıq.
Əslində, gözləmək olardı ki, bölgədə ”ərəb baharı” ilə başlayan mürəkkəb və ziddiyyətli proseslər neoimperialist maraqların təminatına hesablanmış qanlı münaqişələr və humanitar fəlakətlər, ABŞ-ın Qüds və Qolan Yüksəklikləri ilə bağlı mövqeyi, nəhayət ki, ərəb dünyasında vahid ideya ətrafında birləşməyə təkan verəcək. Lakin gözləntilər özünü doğrultmadı. Bunun nəyə görə baş vermədiyini tarixi baxımdan, eləcə də müasir geosiyasi və siyasi-iqtisadi proseslər prizmasından nəzərdən keçirək.
Rusiyanın Sputnik informasiya agentliyinin hesabatına görə, ərəb dünyasının birləşməsi 5 trilyon 99 milyard ABŞ dolları həcmində ÜDM deməkdir, bu isə ABŞ, Aİ və Çindən sonra dördüncü göstərici ola bilər. Ərazi baxımdan isə birləşmiş Ərəbistan Rusiya Fedarasiyasından sonra ikinci böyük ölkə ola bilər. Xəyali Ərəbistan 380 milyon əhali ilə, Çin və Hindistandan sonra üçüncü ölkə deməkdir. Vahid Ərəbistan həm də 13. 5 milyon kvadrat kilometr ərazi deməkdir. Ərəb ölkələrinin birgə neft istehsalı 24 milyon barrelə bərabərdir ki, bu da dünya neft istehsalının 36 faizini təşkil edir. Ərəb ölkələrində toplanan illik zəkat 29 milyard dollara bərabərdir. Səudiyyə Ərəbistanı təkcə Həcc ziyarətindən ildə 20 milyard dollardan çox gəlir götürür (ümrə ziyarəti buraya daxil deyil). Liviya səhrasında günəş enerjisi istehsalı ilə bütün planetin elektrik enerjisini təmin etmək mümkündür.
Ərəb dünyasının birləşə bilməməsinin başlıca səbəblərindən biri, heç şübhəsiz, imperialist güclərin hər zaman ərazidə münaqişə yaratmaq, yaranmış münaqışəyə yeni qüvvələr cəlb etmək və müdaxilə etmək imkanlarının olmasıdır.
Lakin regionun inkişaf tarixinə də diqqət yetirək. İmperialist qüvvələr ərəb dünyasının birləşməsini əngəlləyən yeganə səbəbdirmi?
Şimali Afrika və Yaxın Şərq (ŞAYŞ) regionunun keçmiş və müasir tarixini, Osmanlı İmperiyasının süqutunu və Osmanlıları bir zamanlar hökmran olduqları bu ərazilərdə əvəz etmək məqsədi güdən Qərb güclərinin regiondakı siyasətini araşdırmadan məsələyə aydınlıq gətirmək mümkün deyil. Adətən, ŞAYŞ regionunu Məğrib-Məşriq regionu da adlandırırlar.
Yaxın Şərq uzun müddət dünyanın əsas güc mərkəzləri tərəfindən Asiya və Avropanı birləşdirən önəmli region kimi nəzərdən keçirilib. 1869-cu ildə Süveyş Kanalının açılmasından sonra isə bu region artıq Asiya, Afrika və Avropanı birləşdirən mühüm strateji əraziyə çevrildi. Burada nəhəng neft yataqlarının aşkar olunması regionun önəmini daha da artırdı.
Təsadüfi deyil ki, ŞAYŞ dünyada xarici qüvvələrin ən çox müdaxilə etdiyi coğrafi ərazi hesab olunur. Bu sahədə 1945-ci ildən sonra Britaniyanın rolu xüsusi qeyd edilməlidir. Ərəb əhali, xüsusən də bədəvi ərəblər və kənd yerlərində məskunlaşmış təbəqə ata-baba torpaqlarının xaricilər tərəfindən zəbt olunmasına biganə münasibətdə idilər. Bununla belə, ərəblərin savadlı təbəqəsi içərisində 1945-ci ildən sonra ciddi oyanış prosesi başladı. Ərəblərin məskunlaşdığı ərazilərdə yəhudi millətçiliyinin artması və bunun Qərb tərəfindən dəstəklənməsi bir tərəfdən Qərbə etimadsızlığa təkan verdi, digər tərəfdən isə, Ərəb dünyasında və xüsusilə də idarəetmədə təmsil olunmuş siyasi elita arasında daim İsrailin işğalçı siyasətini pisləyən Moskvaya simpatiyanın artmasına gətirib çıxardı. SSRİ regiona tipik kommunistsayağı bərabərlik, qardaşlıq, həmrəylik, birlik kimi ideyalarını ixrac etməyə başladı. Bu ideyalar daha sonrakı ərəb liderlərinin siyasi fəaliyyət kredosuna çevrildi.
Praktikada isə birlik və bərabərlik ideyasını ərəb seqmentinin vahid məqsədinə çevirmək çətinliklərlə dolu idi. Bir tərəfdən, yuxarıda qeyd olunduğu kimi kənd əhalisi millidərketmə hisslərindən uzaq idi. Digər tərəfdən isə, ŞAYŞ regionunun etnik kompozisiyası vahid terminologiya əsasında dövlətçilik və ərəb dünyasını birləşdirmək ideyasını reallaşdırmağa imkan vermirdi.
Ərəb dünyasında hər zaman “dövlətçilik”, ”pan-ərəbizm”, və ”vahid İslam dini” mövhumları arasında ziddiyyətlər olmuşdur. Bu ziddiyyət müasir dövrümüzdə də regionun həyatında müşahidə edilməkdədir. Tanınmış Yaxın Şərq mütəxəssisi Fuad Əcəmi 1999-cu ildə nəşrdən çıxmış “The Dream Palace of the Arabs” (Ərəblərin arzu sarayı) əsərində göstərir ki, 1967-ci, 1973-cü və xüsusilə də 1982-ci ildə Livanın İsrail tərəfindən işğal olunmasından sonra ərəb həmrəyliyi məsələsində ciddi ziddiyyətlər ortaya çıxdı. 1950-60-cı illər xarizmatik natiq və lider Çamal Abdül Naser ərəb milliyətçiliyi ideyasının başında dururdu. Naser ərəb dünyasının təkzibolunmaz lideri və bütün ərəblər üçün örnək idi. Onun 1970-ci ildə ölümündən sonra ərəbizm ideyası kölgəyə çəkilməyə başladı. Bir neçə ərəb millətçisi lider rolunu oynamağa çalışsa da bunu bacarmadı. Nə Hafiz əl-Əsad, nə Müəmmər Qəddafi, nə də Səddam Hüseyn ərəb dünyasının liderinə çevrilə bildi və Naseri əvəz etmək onlara müyəssər olmadı. Bunun əsas səbəbi isə adı çəkilən rəhbərlərin öz ölkələrini qəddar güc metodları ilə idarə etmələri idi. Əlbəttə ki, belə despotik idarəçilik digər ərəb ölkələrinə ixrac oluna biləcək model kimi qəbul olunmurdu.
Əlcəzair, İraq, Livan və Suriya kimi ölkələrdə dövlət başçıları pan-ərəbizm kartından istifadə edə bilməzdilər. Çünki belə bir siyasət Əlcəzairdə kəbirlərin, İraqda kürdlərin, Livanda ermənilərin, Suriyada isə türkmənlərin təcrid olunmasına gətirib çıxarar və etnik separatizm meyllərinə rəvac verə bilərdi.
Mübaliğəsiz demək olar ki, ərəb milliyyətçiliyi ideyası bütün ŞAYŞ regionunda müəyyən bir dönəmdə insanları səfərbər edə bilsə də, sonrakı proseslər vahid məqsəd ətrafında birləşməyin mümkünsüz olduğunu sübuta yetirdi. Belə ki, ərəb-İsrail savaşları dövründə hər bir ərəb dövləti öz fərdi maraqlarını güdürdü. Bölgədə cərəyan edən hadisələrə ümumərəb maraqları kontekstindən deyil, öz dövlət maraqları mövqeyindən yanaşmanın iki mühüm cəhəti var:
bu yanaşma istisnasız olaraq Məqribdən Məşriqə bütün ərəb ölklərinə xasdır;
belə yanaşma həm keçən əsrin 40-cı illərinin sonu, həm 50-ci illərin sonu, həm 70-ci illərin ortaları, həm də bu günümüz üçün xarakterikdir.
Ərəb dünyasında bir neçə dəfə yalnız bəyanatlar və çağırışlar səviyyəsində deyil, kifayət qədər ciddi səviyyədə birliyə doğru addımlar atılmışdır.
Belə əməli işlərdən biri 1945-ci ildə yaradılmış Arab League (AL) Ərəb Liqasıdır. İlkin mərhələdə Liqa özündə 6 ölkəni birləşdirirdi. İndi Ərəb Liqasında 22 ölkə təmsil olunur (Hökumət ordusunun dinc əhaliyə hücum etməsi səbəbindən Suriya təşkilatdan xaric olunmuşdur). İlkin plana əsasən Ərəb Liqası mövcud iqtisadi və siyasi problemləri bütün dövlətlər tərəfindən birgə həll etməyi nəzərdə tuturdu. Bu ideya aşağıdakı səbəblərdən həyata keçmədi:
-coğrafi səbəb (suvarma və əkin üçün münbit ərazilərin yoxluğu);
-siyasi səbəb (ayrı-ayrılıqda hər bir ölkənin gündəliyində öz prioritetinin olması);
-şəxsiyyət faktoru (ayrı-ayrılıqda hər bir liderin öz ambisiyası və fərqli yanaşma tərzi).
Ərəb Liqasının ərəbizm və ərəb millətçiliyinin konsolidasiyasındakı rolu nədən ibarətdir? Əlbəttə, ərəb millətçiliyinin konsolidasiyasında Ərəb Liqasının rolunu tam inkar etmək düzgün olmazdı. Təşkilatın yaranma zərurətini ərəblərin konsolidasiyası ideyası şərtləndirirdi. Eyni zamanda, digər beynəlxalq təşkilatlarla müqayisədə burada tam fərqli yanaşmanın şahidi oluruq. Müqayisə üçün, Avropa Birliyində vahid pul dövriyyəsi və gömrük sistemi, sərhədlərin sərbəst keçilməsi, Avropanın istənilən ölkəsində sərbəst iş yeri seçimi və digər zəruri imkanlar mövcuddur. Ərəb Liqası daxilində isə ölkələr müxtəlif pul vahidlərindən istifadə edirlər. Digər tərəfdən, Ərəb Liqasının Qərbin təsirindən tam müstəqil təşkilat olmasına ciddi şübhələr var. Suriyanın təşkilatdan xaric olunmasına dair qərarın qəbul edilməsi buna əyani sübutdur. Bu qərar, heç şübhəsiz, Qərb ölkələrinin ciddi təsirindən sonra qəbul olunmuşdur.
Digər bir regional beynəlxalq təşkilatla müqayisə edəriksə, Cənub-Şərqi Asiya ölkələrini birləşdirən ASEAN təşkilatında hansısa bir ölkənin xaric olunması praktikası tətbiq olunmur. Təşkilat daxilində Asiyasayağı əməkdaşlığa dəvət, xəfif məsləhət-məşvərət prinsipi mövcuddur. Məsələn, hərbi rejimin tüğyan etdiyi dövrlərdə də, müsəlmanlara qarşı kütləvi qırğın törədiləndə də Myanma ASEAN üzvlüyündən xaric edilməmişdir.
Bir neçə ərəb ölkələri vahid dövlət kimi birləşməyə qərar vermişlər.
1958-ci ildə suriyalıların xahişi ilə Misir və Suriyanın siyasi birliyi olan Birləşmiş Ərəb Respublikası (BƏR)yaradılmışdır. Bu, Camal Əbdül Naserin ərəb dünyasında mübahisəsiz lider və sevilən şəxsiyyət kimi qəbul olunduğu dövr idi. 1956-cı il Süveyş müharibəsindən sonra Naser ərəb dünyasında Milli Qəhrəman və şəksiz lider hesab edilirdi. Lakin Misir-Suriya siyasi birliyi uzun sürmədi və 1961-ci ilədək mövcud oldu. Naserin ərəb dünyasındakı nüfuzunu və Misirin ərəb dünyasının aparıcı dövlətinə çevrilməsini həzm edə bilməyən Səudiyyə Ərəbistanı Suriyanın bədəvi tayfalarını maliyyələşdirməyə başladı. Ölkədə Suriya bədəvilərinin üsyanı təhlükəsi yarandı. Ölkənin müdafiə və hərb sahəsində ciddi narahatlıqlar meydana çıxdı və suriyalı zabitlər misirli ordu rəhbərliyinə tabe olmaqdan imtina etdilər. Beləliklə, üç il əvvəl yaranmış birliyin dağılması qaçılmaz oldu.
Liviya Cəmahiriyyəsinin rəhbəri Muəmmər Qəddafi fəaliyyətinin böyük hissəsini ərəblər yaşayan ərazilərin vahid ərəb dövləti kimi birləşməsinə həsr etmişdir. 1974-cü ildə polkovnik Qəddafi o zamankı Tunis prezidenti Həbib Burquibaya ölkələrini vahid dövlətdə birləşdirərək Ərəb İslam Respublikası (ƏİR) adlandırmağı, Burquibanın prezident, Tunis şəhərinin isə ölkə paytaxtı olmasını təklif etdi. Baxmayaraq ki, həmin dövrdə Liviyanın iki paytaxtı-Tripoli və Benqazi var idi, Liviya isə Tunisdən dəfələrlə böyük ölkə idi, Qəddafi ərəb birliyi naminə daha böyük güzəştlərə getməyə hazır olduğunu ortaya qoydu. Qəddafi Mərakeş və Əlcəzair liderlərini də razı sala bilmişdi ki, sonrakı mərhələdə onlar da yeni yaranmış ərəb dövlətinin tərkibinə daxil olsunlar. Qərbin narazılığına və narahatlığına baxmayaraq iki lider yeni dövlətin yaranmasını təntənəli şəkildə elan etdi. Amma, elan olunmuş yeni dövlət reallıqda heç zaman mövcud olmadı və birləşmək üçün atılan sonrakı addımlar uğursuzluqla nəticələndi.
Ərəb dünyasında birliyin olmadığını əyani göstərən digər bir məsələ də nəzərdən qaçırılmamalıdır. 1969-cu ildə baş qərargahı Ciddədə olmaqla İslam Konfransı Təşkilatı (İKT) yaradıldı ki, daha sonra bu təşkilat İslam Əməkdaşlığı Təşkilatı (İƏT) adlanmağa başladı. Təşkilatda elm, idman, gənclik, bankcılıq və sairə bölümləri yaradıldı. Hazirda İƏT müsəlman əhalisinin çoxluq təşkil etdiyi 57 ölkəni özündə birləşdirir. İyirmi iki ərəb ölkəsi təşkilata üzvdür. Bu üzdən təşkilat olduqca ərəbmərkəzçi bir təşkilatdır və digər ölkələrin məsələlərinin gündəmə çıxarılması heç də entuziazmla qarşılanmır. Bu azmış kimi, bir qayda olaraq ərəb ölkələri ümumilikdə müsəlman dünyasını narahat edən məsələləri deyil, ayrı-ayrılıqda ərəb ölkələrini düşündürən mövzuların gündəmə gətirilməsində maraqlıdırlar.
2016-cı ildə təşkilat daxilində Səudiyyə Ərəbistanı ilə Misir arasında baş vermiş insident ayrılıqda götürülmüş ölkənin maraqlarının ümumərəb maraqlarından nə qədər üstün olmasına əyani misaldır. 2013-cü ildən 2016-cı ilədək Səudiyyə Ərəbistanı Misir iqtisadiyyatına 25 milyard dollar həcmində vəsait yatırıb. 2016-cı ilin sentyabrında Beynəlxalq Valyuta Fondunun (BVF) Misirə ayırdığı borcu sığortalamaq üçün Səudiyyə Ərəbistanı Misirə əlavə 2 milyard dollar vəsait ayırmışdır. Bundan sonra səudiyyəlilər Misiri asılı vəziyyətə salmaq üçün təzyiq vasitələrini artırmağa başladılar. Nəticədə, Misir prezidenti Sisidən sərt reaksiya gəldi: “Misir yalnız Allaha baş əyir.” 2016-cı ilin oktyabrında İƏT-nın səudiyyəli baş katibi Madani çıxışında “Sisinin həyatının çox hissəsini su ilə keçirməsi” kimi xoşagəlməz notlar işlətdi. (Məsələ onadadır ki, daha əvvəl çıxışlarının birində Misir prezidenti bildirmişdi ki, bütün misirlilər kimi onun özünün də soyuducusunda sudan başqa heç nəyi olmayıb və misirlilər əziyyətin, aclığın nə olduğunu bilirlər və ona görə də azadlığı və ədaləti dəyərləndirməyi bacarırlar.) Misir prezidenti ölkəsinin Səudiyyəli baş katibə etimad etmədyini bəyan etdi və Madani istefa verməyə məcbur oldu.
Bu münaqişənin baş vermə səbəbini qısa tarixi faktlarla araşdırmağa çalışaq. Səudiyyəlilər zəngin neft yataqlarına və böyük maliyyə imkanlarına malik olduqlarına və eyni zamanda İslam dünyasının müqəddəs məbədinin bu ölkədə yerləşdiyinə görə özlərini ərəb dünyasının liderləri hesab edirlər. Misirlilər isə Camal Əbdül Nəserin silahdaşı, tərənnümçüsü və heyranı Məhəmməd Həsəneyn Heykəlin dili ilə desək, digər ərəb dövlətlərini “bayraqlı qəbilələr” adlandırırlar. Heykəl Misir başda olmaqla pan-ərəbizm ideyasını hər zaman yüksəkdən səsləndirirdi. O, hər zaman ərəbizmin zirvəsi kimi Misirin əhəmiyyətini vurğulayırdı. Heykəl həm də, Yaxın Şərq danışıqları zamanı ABŞ-ı inandırmağa çalışırdı ki, danışıqlar ekslüziv olaraq Misirlə aparılmalıdır, çünki, “Misir sadəcə Nil sahillərində yerləşən ölkə yox, ərəb tarixinin beşiyi, ərəbizm ideyasının doğum məkanı, ərəblərin döyünən ürəyi və nəbzidir”. Bu fikir danışıqların birində o qədər qabardılmışdır ki, praqmatik diplomat olan Kissincer cavabında “ABŞ Dövlət Katibi kimi mən, ideya ilə danışıqlar apara bilmərəm”, sözlərini dilə gətirmişdi.
Yekun olaraq bu nəticəyə gəlmək olar ki, tarixin müəyyən dövründə müstəmləkiçələrə qarşı mübarizə və “ərəb torpaqlarının azad olunması” şüarı uğur qazana bilmiş, 1952-ci ildə Misir, 1958-ci ildə İraq, 1962-ci ildə Yəmən və 1969-cu ildə Liviya müstəqillik əldə etmişlər. Bununla belə, ərəb dövlətləri ayrı-ayrı liderlərin/ailələrin idarə etdiyi cəmiyyətlərdir və bu çoxsaylı liderlər ümumərəb ideyası ətrafında birləşməkdənsə, öz dövlət maraqları mövqeyindən çıxış edir və bununla da hakimiyyətin onlara verdiyi saysız imkanları və üstünlükləri qorumağa çalışırlar.
Sonda qeyd edək ki, Ərəb-İsrail problemi ərəbizmin regionda konsolidasiyasına güclü təkan verən başlıca amildir. İlkin mərhələdə bütün ərəb ölkələri vahid cəbhədən çıxış edərək “’yəhudilərin ərəblər məskunlaşmış ərazilərə buraxılmaması, İsrail dövləti ilə sıfır münasibətlər saxlanılması” prinsipinə sadiq olsalar da, Misir-Suriya, Liviya-Tunis dövlət birliklərinin iflası, savaş meydanlarındakı məğlubiyyətlər, Israil silahlı qüvvələrinin Suriya və Misir ərazilərinə irəliləməsi ərəblərin məğrurluğuna əsaslı zərbə vurmuş və ümumərəb ideyasına inamı söndürmüşdür.
Tahir Kərimov
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi