Həftəsonu məhdudiyyətləri hansı nəticələri verdi? – VİDEO

0
487

Hələ bir neçə ay əvvəl Avropa ölkələrindən, ABŞ-dan koronavirusla bağlı dəhşətli xəbərlər eşitdiyimiz zaman biz nəzarəti əlimizdə saxlamağı bacardıq.

Bütün bunlardan sonra hər kəs bir ağızdan karantın rejiminin yumşaldılmasını tələb etdi. Belə də oldu.

Demək olar ki, tətbiq olunan əksər məhdudiyyətlər aradan qaldırıldı. Bəs nəticəsi nə oldu?

Gündəlik yoluxma sayı 400-ün üzərində qeydə alındı. Bəzilərimizin inamsızlığı, məsuliyyyətsizliyi ucbatından yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı. Bu səbəbdən də, hökumət karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul etdi.

6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olundu. Tətbiq olunan ilk həftəsonu karantin xoşagəlməz, arzuolunmaz görüntülərlə yaddaşımıza yazıldı.

Kifayət qədər çörək, un ehtiyatımız olmasına baxmayaraq, bir neçə gün öncədən market və bazarlarda yaşanan o “şou”. Daha sonra 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Həftəsonu məhdudiyyətlərin tətbiqi nəticəsində koronavirusa zəncirvari yoluxma hallarının qarşısı qismən alındı və bu istiqamətdə mənfi dinamika aşağı düşdü.

Məsələn, mayın 19-da 131 yeni yoluxma və 143 sağalma göstəricisi müqabilində, iyunun 3-də yeni yoluxma halları ilk dəfə olaraq 300 nəfəri keçdi və 325 yeni yoluxma faktı qeydə alındı, 101 nəfər isə sağalaraq evə buraxıldı. Ötən 14 gün ərzində həyata keçirilən tədbirlər, o cümlədən, həftəsonu məhdudiyyətlər artım dinamikasının nəzarətdə saxlamağa imkan verdi. Əslində isə, həftəsonları tam məhdudiyyət vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyırdı.

Məhdudiyyətin yalnız həftənin iki gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycanda istehsalının təşkili vətəndaşların heç bir narahatlığının olmamasını deməyə əsas verir. Bəli, təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur.

Həmçinin, sadə gigiyenik qaydalara riayət etməklə vətəndaşlar daha məsuliyyətli olmalı və qaydalara qeyd-şərtsiz əməl etməlidir. Prezident İlham Əliyevin modul tipli xəstəxananın açılışı zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etdiyini və bunu hər kəsin etməli olması ilə bağlı çıxışını, yəqin ki, xatırlayırsınız. Hər halda, bu çıxışın özü vəziyyətin nə qədər ciddi olduğunun göstəricisidir.

Ölkə başçisinin da dediyi kimi, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd yaradılana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər.

Ona görə biz yeni davranış qaydaları çərçivəsində yaşamağa hazır olmalıyıq.