Rus Pravoslav Kilsəsi və Azərbaycan Yeparxiyasının fəaliyyətlərinə dair konfrans keçirilib

0
720

Bakıda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının fəaliyyətinə həsr edilən konfrans keçirilib.

“Tolerant Azərbaycan” konfransında dini konfessiyaların nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti və ölkəmizdəki tolerant mühit haqqında məlumat verib. M.İsmayılov bildirib ki, prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkəyə çevrilib.

Tədbirdə çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Bakı Yeparxiyasının tarixi barədə məlumat verib.

O bildirib ki, Bakı Yeparxiyasının 28 dekabr 1998-ci ildə fəaliyyətə başlayıb. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır.

Kilsə üzvlərinin sayı

200,000 nəfərdir. A.İşein bildirib ki, Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşayırlar. Yeparxiyanın ölkəmizdə 20 ildir fəaliyyət göstərdiyini vurğulayan Aleksandr İşein bildirib ki, Azərbaycanda dini icmanın fəaliyyəti üçün hər cür imkan yaradılıb və Bakıda icmaya aid kilsələr fəaliyyət göstərir.

Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin mətbuat katibi Konstantin Pominov “Müasir dövrdə Bakı Yeparxiyası: Dinlərarası dialoq və multikultralizmin inkişafına dəstək” mövzusunda məruzə ilə çıxış edib.

O bildirib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq xalqın həyat tərzinə çevrilib.

Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev isə “Azərbaycan Kazakları Həmyerlilər Birliyi və Bakı Yeparxiyası: Mənəvi dəyərlər və əxlaq ənənələrinin qorunması və inkişafı üzrə qarşılıqlı əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edib. Məruzələrdən sonra tədbir çıxışlarla davam edib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikultralizm və dini məsələlər şöbəsinin əməkdaşı Anar Əlizadə bildirib ki, tarix boyunca Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birgə, mehriban şəkildə yaşayıblar. Anar Əlizadə “Azərbaycanda xristianlıq” kitabının da müəllifidir. Tədbirdə qeyd edilib ki, kitab yaxın zamanlarda rus və ingilis dillərinə də tərcümə olunacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, rus icması hər zaman Azərbaycanın ictimai, siyasi, sosial, mədəni həyatında yaxından iştirak edib. G.İsmayılov bildirib ki, Mənəvi Dəyərlərin Təbliği yaradılanda bəziləri düşünürdü ki, Fond yalnız İslam dəyərlərinin qorunması üçün çalışacaq. Ancaq bugünkü tədbir bir daha sübut etdi ki, Fondun məqsədi bütün dinlərin mənəvi dəyərlərinin qorunmasına çalışmaqdır.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, Şeyxülislam Allahşükür Paşazadənin digər dinlərin nümayəndələri ilə mehriban münasibəti, müxtəlif məsələləri onlarla müzakirə etməsi ölkədə tolerant mühitin inkişafına daha da geniş şərait yaradır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, multikultralizm ölkəmizdə dövlət siyasətidir və müxtəlif dini liderlərin əməkdaşlığı bu siyasətə öz töhfəsini verir. Rektor bildirib ki, İlahiyyat İnstitutunda yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması üzərində də iş görülür.

Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, hansı ölkələr ki, multikultralizmi həyat tərzinə çevirirlər o ölkələr hər zaman uğur qazanırlar. Bu birliyi yaratmaq üçün dövlətin iradəsinə ehtiyac var və Azərbaycan bu məsələdə nümunəvi ölkələrdəndir.

Daha sonra tədbir digər çıxışlarla davam edib.