Mədəniyyət Nazirliyi strukturlarında daha bir neqativ üzə çıxır – qeyri-ixtisas sahibləri…

0
519

Aydın Xan Əbilov: “Mədəniyyətin bu cür vacib sahələrinin qeyri-ixtisas sahiblərinə həvalə edilməsi nəticəsində bu istiqamətdə kifayət qədər problem var”

Mədəniyyət Nazirliyində baş verən son proseslər nəticəsində bu qurumun strukturlarında qeyri-ixtisas sahiblərinin də çox olması faktı üzə çıxıb. Mədəniyyət adamları ilə söhbətlərimiz zamanı məlum olur ki, nazirliyin strukturlarında da, xüsəsən də kitabxana, muzey, klub və mədəniyyət evlərində daha çox qeyri-peşəkar, bu sahələr üzrə ixtisas sahibi olmayanlar çalışır.

Bu problem daha çox özünü regionlarda göstərir və nazirliyin regional mərkəzlərində də bu cür qeyri-ixtisas sahiblərinin təmsil olunduğu bildirilir. Əvvəlki dövrlərdə də nazirliyin əlaqədar qurumları özləri etiraf etmişdilər ki, bu istiqamətdə qeyri-ixtisas sahibləri var və onlar ixtisasartırma kurslarına cəlb edilirlər. Ümumiyyətlə, ölkənin müvafiq ali məktəblərini bitirmiş ixtisaslı kadrların mədəniyyət qurumlarında yerləşdirilməsi istiqamətində ciddi problemlər mövcuddur.

Yerlərdə kadr çatışmazlığını bəyan edən nazirlik strukturları bu problemi ixtisaslı kadrları işə cəlb etməklə, onların işə qəbul olunma şərtlərini yüngülləşdirməklə həll etmək istəmirlər. Bu problemi kitabxanalar, klublar, eləcə də digər qurumlar bütövlükdə mədəni xidmət sahələrinə təsadüfən düşən insanları ixtisasartırma kurslarına cəlb etməklə həll etmək yolunu tutub. Fakt budur ki, yerlərdə, xüsusən də kəndlərdə kitabxanaların, klubların, mədəniyyət evlərinin, özfəaliyyət dərnəklərinin vəziyyəti qənaətbəxş deyil, fəaliyyət göstərdikləri binalar nəinki müasir texniki-kommunikasiya vasitləri ilə təmin edilməyib, hətta binaların özləri qəzalı vəziyyətdədir.

Bu arada mədəniyyət işçilərindən aldığımız məlumata görə, bölgələrdə bir sıra mədəniyyət evlərinin, klub, dərnək və kitabxanaların bağlanması haqqında da söz-söhbətlər var. Yəni klubların çoxunun fəaliyyətinin mövcud şəraitdə gərəksiz olduğu və buna görə də onların bağlanması “zərurətə çevrilib”.

Bir məqamı da qeyd edək ki, kəndlərdə, qəsəbələrdə hansısa kitabxananın, klubun, mədəniyyət evinin problemlərini dilə gətirən əməkdaşlar olurdusa, dərhal həmin əməkdaş əvvəlcə rayon mədəniyyət idarələri, hazırda isə regional mədəniyyət idarələrinin rəhbərliyi tərəfindən işdən çıxarılmaqla hədələnirdilər. Onlar da işlərini itirməmək üçün “mən elə deməmişdim, jurnalist elə yazıb” deyə məsuliyyəti öz üzərilərindən mətbuatın üzərinə atırdılar. Bu barədə kifayət qədər fakt var.

  • “…öz qohum-əqrəbasını, yerlilərini ətrafına yığmağa başlayır”

İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Mədəniyyət Nazirliyi strukturlarına qeyri-ixtisas sahiblərinin hansı üsullarla yol tapmasının səbəblərini “Bakı-Xəbər”ə şərh etdi. “Bu, Azərbaycanda olduqca ciddi problemdir. Əslində, bir çox sahədə yerlibazlıq, dostbazlıq, qohumbazlıq, rəhbər şəxslərin öz yaxınlarını çalışdıqları idarələrə cəlb etməsi kimi mənfi tendensiyalar mövcuddur. Amma bu məqam ola bilsin ki, özəl xidmət sahəsində, biznesdə o qədər də gözə çarpmasın, amma dövlət qurumlarında hiss olunur. Birbaşa kütlə ilə ünsiyyətdə olan bir sahə olaraq tanınan mədəniyyət və incəsənət sahələrində, xüsusən də mədəniyyətin müxtəlif istiqamətlərində – kitabxana, mədəniyyət evləri, klublar, muzeylər və digər sistemlərdə xüsusilə diqqəti çəkir. Hətta bir çox tanınmış insanın, tarixi şəxsiyyətlərin mənzil, xatirə muzeylərinə belə yalnız onun qeyri-ixtisas sahibi olan yaxınlarının direktor və inzibati rəhbərlikdə təmsil olunmasına şərait yaradılır. Biz bunun şahidi oluruq. Fikir versəniz, Azərbaycanın dövlət nəzdində olan müxtəlif ev muzeylərində bunun şahidi olarsınız. Halbuki, mədəniyyət çox spesifik bir sahədir və bu sahədə çalışan insan Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, mədəniyyət tarixini, eyni zamanda da çağdaş dünya mədəniyyətinin müxtəlif istiqamətlərini gözəl bilməlidir. Yaşadığı şəhərin, bölgənin tarixini, spesifik mədəni, etnoqrafik xüsusiyyətlərini anlamalıdır. Bilirsiniz ki, müasir anlamda mədəniyyət yalnız dar çərçivədə başa düşülmür, həm də turizmin bir qolu olaraq kreativ iş yerləri kimi qəbul edilir. Bu gün mədəniyyətin bütün istiqamətləri dünya turistlərinin Azərbaycana cəlb edilməsi və yerli büdcənin doldurulması üçün çox əhəmiyyətli bir sahə sayılır. Mədəniyyət qurumlarında, muzeylərdə, qoruqlarda və başqa bu kimi müəssisələrdə çalışanlar mədəniyyətşünaslığı təmsil etməklə yanaşı, həm də xarici dil bacarıqlarına yiyələnməlidirlər. Əgər İranla sərhəd bölgələrdisə, məsələn, Naxçıvan, cənub bölgəsidirsə burada bu sahədə çalışanların fars və ərəb dillərini bilməsi vacibdir. Çünki ən çox turist buradan gəlir. Şimal bölgəmizdə rus dili, Bakıda və digər beynəlxalq əhəmiyyətli turizm məkanları yerləşən bölgələrdə isə ingilis, fransız, alman, ispan və ərəb dillərini bilmək mütləqdir. Amma görün biz burada bunun əvəzinə hansı mənzərə ilə qarşılaşırıq? Kimi mədəniyyət şöbəsinə direktor qoyurlarsa, o, ilk növbədə, öz qohum-əqrəbasını, yerlilərini ətrafına yığmağa başlayır, yaxud, ən pis halda, müəyyən şirinlik müqabilində, rüşvət almaqla qeyri-ixtisas sahiblərini işə götürür, onları mədəniyyət sahələrinə cəlb edirlər. Əvvəllər bu az hiss olunurdu. Çünki bu sahədə məvacib az idi. Amma son dövrlərdə müxtəlif sahələrdə, o cümlədən də mədəniyyət sahəsində çalışan işçilərin əməkhaqlarının qaldırılması, pensiya təminatına kömək edilməsi, tibbi sığortaya dövlət, yaxud işəgötürən tərəfindən məbləğ ödənilməsi nəticəsində bu sahədə işləmək üçün insanlarda maraq yaranıb. Üstəlik də, bilirsiniz ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycanda böyük dövlət proqramları həyata keçirilir. Onların da bir çoxu mədəniyyətin müxtəlif sahələri ilə bağlıdır”.

A.X.Əbilov vurğuladı ki, ölkəmizə gələn turistlər mədəniyyət ocaqlarına, xüsusən də muzeylərə getməyə üstünlük verirlər. “Təəssüflər olsun ki, biz buna əhəmiyyət vermirik. Bu da bir sıra neqativ hallara səbəb olur. Məsələn, Lənkəranda bir “Dairəvi qala” adlı abidə var. Bilmirəm onun bərpasını hansı şirkətə vermişdilər, iki ildən sonra bərbad vəziyyətə düşüb. Stalinin həbsdə olduğu, İran-Rusiya müharibələrinə şahid olan orta əsrlərin unukal zindan qalası, istehkam qalası hazırda dağılmaq ərəfəsindədir. Artıq onun damı uçub, tavanı bərbad vəziyyətə düşüb.

Mədəniyyətin bu cür vacib sahələrinin qeyri-ixtisas sahiblərinə həvalə edilməsi nəticəsində bu istiqamətdə kifayət qədər problem var. İstər rayon, şəhər, kənd kitabxanaları, istərsə də məktəb kitabxanalarında bu problemi görürük. Hesab edirəm ki, indiyə qədər nazirliyin strukturlarında çalışan qeyri-ixtisas sahibləri ilə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu istiqamətdə attestasiyanın keçirilməsi, qeyri-ixtisas sahiblərinin bu sahədən uşaqlaşdırılması zərurətə çevrilib. Bundan başqa, müəllimlərin, həkimlərin və digər sahə işçilərinin, mədəniyyət strukturlarında işləyənlərin də akkreditasiyasının keçirilməsi zərurətə çevrilib. Özü də bu, Mədəniyyət Nazirliyi tərəfindən yox, neytral bir təşkilat tərəfindən keçirilməlidir ki, hansısa neqativliklərə təkrar yol verilməsin. Təklif edərdim ki, Azərbaycan Prezidenti yanında Mədəniyyət Fondu yaradılsın və bu iş ya onun, ya da Dövlət İmtahan Mərkəzinin xəttilə keçirilsin. Bu, problemin həllinə kömək etmiş olar” – deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA