İki əsrin milli şairi

0
387

image here

Allahın verdiyi ömür payını şərəf və layaqətlə yaşayan böyük milli şairimiz –xalq şairi Söhrab Tahir (6 avqust 1926) ömrünün müdrik dövrünə gəlib çatıb. Təkcə ədəbiyyatımızın yox, hamımızın “əmi”si, bizim ailənin ən sayılan dostu Söhrab Tahirin əzəmətli yaradıcılığı, möhtəşəm şair və vətəndaş taleyi Azərbaycan xalqının mənəviyyat okeanına bənzəyir.
İlk şeirini 1946-cı ildə iyirmi yaşında yazmış Söhrab əmi 70 ildir ağ kağızla üz-üzə durmağın vətəndaş ağrısısnı çəkir, şair şəxsiyyətinin şərəfli əzabını yaşayır. 70 sənənin məhsuldar yaradıcılığı dövründə o, 1500-dən artıq lirik şeir, 57 poema, 19 roman, 5 povest, 70-dən çox hekayə, 800-dən artıq ədəbi-tənqidi və elmi publisistik məqalə yazıb. (Onlarla kitabı xarici ölkələrdə çap olunub)
Onun zəngin və əzəmətli yaradıcılığı barəsində düşünərkən mənim yaşımdan çox-çox əvvəl yazdığı iki misranı xatırladım:

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmürəm daha.

Əcaba əgər belədirsə niyə Söhrab Tahir öz təxəllüsünü “Azər Azər” deyə yazdı. Axı o, bütöv Azərbaycanın şairidir. Niyə təxəllüsündə Azərbaycanı ikiyə böldü?! Bizim iki “Azər”imiz yox, tikanlı məftillər ilə bölünsə də, ürək məftilləri ilə birləşən bir Azərbaycanımız var. Yenə də yadıma əslən cənubdan olan bir şairin- Əyyub Sədinin nisgilli misraları düşür.
Arxaya baxıram arxada Vətən,
Qarşıya baxıram qarşı Vətəndir.
Qəlbimin göynəyən başı Vətəndir!
Araz adlı gümüş xəncərlə ikiyə bölünmüş Astara ana-bala kimi doluxsuna-doluxsuna üz-üzə dayanıb və bu yerdə Söhrab Tahirin dostu, mərhum Tofiq Bayramın məşhur misraları qopur qəlbimdən
Bu kobud əllərimlə,
Sərhəd məftillərində
Bir muğamat çalaram
Azərbaycan deyəndə!
Söhrab Tahir bir şəxsiyyət kimi, bir şair kimi olduqca qüdrətli və cəsarətlidir. (Ona baxanda böyük sələfi M.Ə.Sabirin sözləri yada düşür: “Bənzərəm bir qocaman dağa ki, dəryadə durur”)
İşğal etdiyi bütün millətlərə, xüsusilə də türk-islam millətlərinə qənim kəsilən totalitar sovet ideologiyası dövründə Söhrab Tahir millət deyib haray çəkdi, bütün dünyaya meydan oxuyan amansız imperiyadan qorxmadı. Millilik onun genində, qanında və ruhundadır. S.Tahir lirik şeir və hekayələrində konkret insanlığın taleyini, romanlarında İranda-Cənubi Azərbaycanda XX əsrdə baş vermiş tarixi hadisələri qələmə alır.
Söhrab Tahirin poeziyasında dahi Füzuli kədəri, M.Ə.Sabirin gülüş mədəniyyəti, Şəhriyarın Azərbaycan deyən dili yaşayır. Əlbəttə, mən yaxşı başa düşürəm ki, söhbət adi bir insandan yox, ədəbi-tarixi əsrin yaşıdından, parlaq poeziyaya malik milli bir şairdən, möhtəşəmn romanlar və povestlər müəllifindən, milli mətbuatımızın hər səhifəsində imzası olan ədəbiyyatşünas və publisistdən, nəhayət vətənimizi və dünyanın bir çox ölkələrini qarış-qarış gəzmiş böyük bir azərbaycanlıdan-bütöv Azərbaycanın canlı timsalı olan yenilməz şəxsiyyətdən, cəsarətli bir kişidən gedir. Fəqət bunlarla bərabər Söhrab əmi sadələrin sadəsi, saflığın ən bülluru, gənc nəsillərin sevimli dostudur. Onun ömür yolu, şəxsi taleyi, zəngin bədii irsi, sadəcə oturuşu-duruşu bizim üçün bir universitetdir.
Söhrab Tahir böyük yumor hissinə malikdir. Üzləşdiyi hər vəziyyətlə bağlı bir gülməli əhvalat danışır. Obrazlı desəm, o bir gülüş ensiklopesdiyasıdır. Mənə elə gəlir ki, ömrün bu müdrik çağında onu belə gümrah saxlayan, cəsarətli edən, insanların sevimlisinə çevirən məhz onun yumor hissidir. O, Azərbaycan gülüş mədəniyyətinə dərindən bələddir. Həqiqətdə isə o adam gülə bilir ki, o güldüklərindən yüksəkdə dayanır, onun aydın həyat idealı var. Gözəl şairimiz Əliağa Kürçaylı S.Tahirin şeirlərini, deyəsən, “Göygöl” şerini oxuyandan sonra demişdi: “Söhrab, o dəhşətli şeyləri yazan şair necə bu sayaq gülə bilir, mən dəhşətə gəlirəm”. Həqiqətdə isə gülüş dərdli S.Tahirin özünümüdafiə silahı, mübarizə vasitəsi olmuşdur.
Müasirləri- XX əsr Azərbaycan ədəbiyyatının klassikləri –Nəbi Xəzri “Bir milli şair və milli qəhrəman”, Əlibala Hacızadə “Əfsanələşmiş şəxsiyyət”, Nəriman Həsənzadə “Ata” poemasını ədəbi hadisə adlandırır, xalq şairi Qabil isə ömrünün sonuna kimi deyirmiş ki, “Sən məmdən yaxşı şairsən”. Bütün bunlar həqiqətdir… Həqiqətən, Söhrab Tahir özü və onun çoxşaxəli bədii-fəlsəfi yaradıcılığı bütöv bir ədəbi-tarixi epoxadır. O öz şair taleyi ilə təkcə XX və XXI əsrlərin üzərində deyil, həm də Şimali və Cənubi Azərbaycan arasında canlı körpü, ədəbiyyatımızın canlı klassikidir. Onunla bir zəmanədə yaşadığım üçün ziyalı vətəndaş kimi qürur duyuram.
Söhrab Tahir bizim ailəyə, mənə çox doğma adamdır. Rəhmətlik atam Arif Hacıyev şeir vurğunu idi, istedadı vardı, özü də mütəmadi şeirlər yazardı. Hüseyn Ariflə, Hidayətlə, Söhrab Tahirlə dost idi. 1984-cü ildə “Cənublu qardaşlarıma Araz vasitəsi ilə məktub” adlı şeirində Söhrab Tahirə münasibətini belə ifadə edirdi.
Savalanada gözüm qaldı,
Kədər üzdə izlər saldı.
Söhrab Tahir durnalardan
Öz yurdunu xəbər aldı.

Atam vəfat etdikdən sonra da biz Söhrab əmi ilə əalqəni kəsmədik. Mənə ağır itki üz verəndə, yeniyetmə qızım Sunay faciəli şəkildə həlak olanda bəzi dostlarımız kimi dağ vuqarlı Söhrab Tahir də bizə arxa oldu, bir ata kimi dərdimizə qəlbən şərik çıxdı. Bu günlərdə o, 2013-cü ilin may ayında yazıb sonra itirdiyi “Qayıt gəl, Sunay”(gənc natiq, şair, müğənni nakam Sunay balaya) adlı şeirinin əlyazmasınmı tapıb mənə verdi.
“Sunay nə vaxt gələr”-soruşur hərə,
Sənsiz bu dünyanın gözü dolubdur.
Sunay, səndən sonra gözü yaşı içrə
Neçə yüz əmin də yetim qalıbdı.

Niyə öz toyunu gözləmədin sən,
Həm də nəvəmizin doğulmağını?
Biz nəvə sevinci yaşarkən nədən,
Sən bizə bəxş etdin bala dağını?

Qayıt gəl, sən qovuş nakam yaşına,
Gəlməsən babanı kim basdıracaq?
Kim Söhrab Tahirin qəbir daşına
Üz kəlmə ilahi söz yazdıracaq?

Bu müşkül suallara cavab vermək çətindir. Bu dünyada gedən gəlmir, gələn qalmır-vaxtlı, vaxtsız…
Qarşıda 90 yaşın üfüqləri qızarır-avqust səhərinin qızmar dan yeri kimi. Bu əzəmətli ömürdə Söhrab Tahir əsl şair taleyi yaşayır: vətən həsrəti ilə, vətən sevgili yetim uşaq kimi vətəndən-vətənə boylana-boylana. Lirik şerində də, şirin hekayəsində də, mənalı povestində, möhtəşəm romanlarında da bir əsas sevgili qəhrəman var: Azərbaycan!” Onun bütün əsərlərinin bircə adı var: Azərbaycannamə.

Yasəmən Hacıyeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru