Qaçqın yataqxanalarında ciddi karantin-sanitar rejimi  tətbiq olunmalıdır…-SOS!!!

0
389

“Komendantlara binaların sanitar durumuna nəzarət üçün ciddi və konkret tapşırıqlar verilməlidir…”

“Axı müstəqil dövlətimizin hələ didərgin vətəndaşalrı öz torpaqlarına – Qarabağa qaytarmaq borcu da var…”

Dövlət rəhbərliyi başda olmaqla bütün rəsmi və qeyri-rəsmi qurumların planeti cənginə almış pandemiyaya qarşı əlindən gələni etməli olduğu  və əsasən etdiyi bir vaxtda işğal altındakı torpaqlar mövzusu kimi sanki həmin yurdlardan didərgin düşmüş insanlar da diqqətdən xeyli kənarda qalıb…
Telekanal və saytlarda verilən rəsmi və qeyri-rəsmi xəbərlərdən  məcburi köçkünlərin kompakt yaşadığı məkanlar, xüsusən yataqxanalar, məktəblər, sanatoriyalar, uşaq bağçalarının və s. koronavirusdan qorunmasıyla bağlı tədbirlər haqda məlumatlara, son günlər, demək olar ki, çox az rast gəlindiyi bəlli olur.  Düzdür,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcə də bəzi yerli və işğal altındakı rayon icra hakimiyyətlərinin təşkilatçılığıyla  köçkünlərin məskunlaşdığı bir sıra yataqxanalar, digər binalar eləcə də yeni salınmış şəhərciklərdə müəyyən dezinfeksiya işləri aparılıb…
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin bu barədə  dünən- martın 29-da yaydığı məlumatda deyilir:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (“COVID – 19”) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir.
 
Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün  Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib.
 
Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri  ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.
 
Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.
 
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr  tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir”.
Bəli, rəsmi məlumatdan  göründüyü kimi,  bəhs edilən  məkanlarda bir dəfə(!) müvafiq dezinfeksiya işləri həyata keçirilib. Lakin bununla iş bitmir.  Və eyni zamanda  məsələni yalnız “Dövlət-qaçqınkom”un və icra hakimiyyətlərinin üzərinə yükləmək olmaz. Bütün əlaqədar mərkəzi və yerli qurumlar da bu işə fəal cəlb olunmalı, onlara ciddi tapşırıqlar verilməlidir. Və xüsusən hələ də yeni mənzillərlə təmin olunmamış və yataqxana, uşaq bağçası, sanatoriya və s. bunalarda məskunlaşmış didərgin vətəndaşlarımıza diqqət ayrılmalıdır. Həmin məkanlar arasında elələri var ki, (məsələn. Bakının Dərnəgül ərazisində, Yasamal rayonunda, Biləcəridəki və s. tələbə və fəhlə  yataqxanaları) həmin binalarda illərdir ki, onsuz da digər infeksiyaların yayılması üçün də münbit olan antisanitar şərait yaranıb.  Onu da xüsusi nəzərə almaq lazımdır ki, belə binalarda vətəndaşların ümumi istifadəsində olan mətbəx, hamam, ayaqyolu və s. kimi  məkanlar var. Və burada koronavirus yalnız yaxın ünsiyyət vasitəsilə deyil, həm də toxunma səthləri; qapı, qaz plitəsi, su kranları, hamının ayağının toxunduğu giriş, pilləkan, ümumi dəhlizlər, pilləkan və ümumi eyvanların sürahı və məhəccərlərinin və s. potensial virus yayıcısı  olmaq ehtimalı daha çoxdur…
Təsəvvür edin ki, hansısa yataqxanada, Allah eləməmiş, bir nəfər bu ölümcül koronavirusa yoluxsa, nə başa verə bilər.  Odur ki, belə binaların sanitar-epidemioloji durumunu yalnız orada yaşayanların ümidinə burxmaq olmaz. Həm rayon “qaçqınkom”ları, həm yerli və  işğal altındakı rayon icra hakimiyyətləri, səhiyyə şöbələri, sanitar-epidomoloji stansiyalar, polis sahə müvəkkilləri və s. köçkünlərin kompakt yaşadığı bu cür məkanlarda mütəmadi və ciddi maarifləndirmə, təmizlik və dezinfeksiya işləri təşkil etməlidirlər. Hətta sakinlərin iştirakıyla, təbii ki, mövcud karantin qaydalarını gözləməklə iməciliklər də təşkil etmək olar.
Köçkünlərin məskunlaşdığı bir sıra yataqxanalarda komendantlıq fəaliyyət göstərir. Həmin komendantlıqların tabeliyində texniki işçilər, xadimələr, fəhlələr, gözətçilər var. Komendantlara sözügedən binaların təmizliyinə, sanitar vəziyyətinə, eləcə də giriş-çıxışına nəzarət olunması üçün ciddi və konkret tapşırıqlar verilməlidir. Yataqxanalardakı ümumi mətbəx, hamam, ayaqyollarına, kanalizasiya qovşağına mütəmadi baxışlar keçirilməlidir. Həmin binaların təmizliyinə cavabdeh xadimə və fəhlələr bayram, istirahət günlərində də növbəlilik prinsipi ilə işlərini davam etdirməlidirlər.  Fəqət, pandemiyanın tüğyan etdiyi bir vaxtda- martın 20-dən 29-dək davam etmiş və karantin rejimi səbəbindən bundan sonra da aprelin 4-dək uzadılmış tətil günlərində qaçqın yataqxanalarında çalışan fəhlə və xadimələr işə çıxmayıb və çıxmır. Və buyurin, baxın, görün, hazırda həmin binaların giriş, dəhliz, pilləkan, mətbəx, hamam və tualetlərində hansı antisanirar durum hökm sürür. Heç olmasa, bundan sonra həmin fəhlə və xadimələri xüsusi qoruyucu maska, geyim, alət və dezinfeksiya məhlullari ilə təmin etməklə təcili sanitar-karantin işlərinin aparılmasını təşkil etmək  gərəkdir. Eləcə də ştatda faktiki gözətçisi olan yataqxana komendantlarına tapşırıq verilməlidir ki, əvvəlki dövlərdə olduğu kimi, həmin gözətçlər vasitəsilə bu binalara  kənar şəxslərin girişini mümkün qədər məhdudlaşdırsınlar. Zəruri hallarda onların sənədlərinə baxsınlar, özləri haqqında məlumatları, giriş-çıxış tarixlərini və hansı otağa, kimin yanına getdiyini xüsusi rejim dəftərlərinə  qeyd etsinlər. Komendantı, fəhlə, xadimə və gözətçiləri olmayan yataqxana və digər binalarda isə  köçkün sakinlər arasından cavabdeh şəxslər seçilməklə onların özləri tərəfindən növbəlilik prinsipi ilə təmizlik və gözətçilik işlərinin aparılması təşkil olunmalıdır…
Hesab edirik ki, əgər deyilən və unutmuş ola bildiyimiz digər tədbirlər vaxtında və ciddi şəkildə həyata keçirilməsə, məcburi köçkünlərin kompakt yaşadığı, yataqxana, uşaq bağçası, məktəb, sanatoriyalarda və s. koronavirusla bağlı çox təhlükəli bir vəziyyətlə üzləşə  bilərik.
Ona da ümid edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargah, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi,“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”, müvafiq icra hakimiyyətləri başda olmaqla digər əlaqədar qurumlar tənqidimizdən incimək əvəzinə, təkliflərimizi nəzərə almaqla  təcili və təxirəsalınmaz tədbirlər görərək digər vətəndaşlarımızla yanaşı, məcburi köçkün soydaşlarımızın da bu bəladan mümkün qədər az itki ilə çıxmasına vəsilə olacaqlar. Axı müstəqil dövlətimizin hələ onları  öz torpaqlarına – Qarabağa qaytarmaq borcu da var…
Allah hamımızı: dünyamızı və ölkəmizi, xalqımızı qorusun!