Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Eyni zamanda, hər gün Təhsil Nazirliyinin “Dərs vaxtı” proqramı Mədəniyyət və ARB kanalında yayımlanır. Ancaq bir məqam da şagirdlərin evdə olması ilə bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına görə kütləvi gəzintilər təşkil etmək olmaz. Belə olan təqdirdə şagirdlər nə etməlidir? Kütləvi yerlər olmasa da, həyətə düşmək nə dərəcədə doğrudur?
Modern.az mövzuya cavab öyrənməyə çalışıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun sözlərinə görə, şagirdlərin evdə qalması, çölə çıxmaması doğru deyil:
“Şagird bu müddət ərzində yarım saatlıq həyətə çıxa bilər. Ancaq saatlarla kütləvi formada həyətdə oynamaq, marketlərə, eləcə də, nəqliyyatdan istifadə edib harasa getmək olmaz. Həyətə həm uşaqlar, həm də qocalar çıxa bilər. Məsələn, güman edirəm ki, mən həyətə çıxa bilərəm, ancaq marketə gedə bilmərəm. Burada qəbahət görmürəm”.
Şahlar Əsgərov bildirib ki, dövlətin qaydalarına hər kəs riayət etməlidir:
“Təhsil müəssisələri şagirdlərin sağlamlığı üçün müvəqqəti olaraq dayandırılıb. Ailədə valideynlər bu təlimatı uşaqlara izah etməlidirlər. Çünki dövlət olaraq uşaqlarımızı koronavirus pandemiyasından qoruyuruq, digər tərəfdən isə onları kütləvi yerlərə göndəririk. Bunlara nəzarət etməliyik. Başa düşürəm ki, uşaqlar həyətə düşməyə can atır. Ancaq Nazirlər Kabineti yaninda Operativ Qərargahın qaydalarına mütləq riayət olunmalıdır. Nazirlər Kabinetinin verdiyi qərarlar çox əhəmiyyətlidir. Həm yaşlılarımızı, həm uşaqlarımızı, həm də cəmiyyətimizi qoruyur. Sadəcə, bəzi istisnalar var ki, onları axtarıb tapmaq lazımdır”.