Kitabxanaçılar hələ də sovet vaxtındakı kimi işləyir

0
462

Azərbaycan kitabxana sisteminin yenidən bərpası dəfələrlə gündəmə gəlib
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində kitabxananın əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlərin açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bugünkü cəmiyyətdə kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışıb və mütəxəssislərə uğurlar arzulayıb.
Əlbəttə, bu tədrisin təsiri özünü kitabxanaçıların iş səviyyəsinin yüksəlməsində göstərəcək. Onlar yeni texnologiyalar vasitəsilə oxuculara daha cəld və keyfiyyətli xidmət göstərə biləcəklər.
Keçirilən treninqlərə olan münasibətini “Sherg.az”la bölüşən kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) yeni dəyişikliklər və məşğələlərlə bizim qarşımıza tələblər qoyur.
Ekspertin sözlərinə görə, ümumiyyətlə nəinki kitabxana tarixində, cəmiyyətin müxtəlif sahələrində ictimai biliklərin  yayılması çox vacibdir: “Bəzən uzun müddət işləyən bir şəxsə nəzarət olunmayanda, ictimai məlumatlar ötürülməyəndə və İKT  yenilikləri ilə tanış etməyəndə sözsüz ki, onların içində böhran yaranar. Respublika kitabxanaları dünyadakı  kitabxanalar sistemindəki yeniliklərlə bugünkü gün də tanış olmaqda və onları tətbiq etməkdədir”.
Kulturoloq onu da qeyd edib ki, Azərbaycan kitabxana sisteminin yenidən bərpası dəfələrlə gündəmə gəlib:
“Kitabxananın xidmətlərində 80-ci illərin səviyyəsində olan müəyyən formalardan istifadə edilməkdədir. Biz buna dəfələrlə etirazımızı bildirmişik. Elektron kitabların, virtual kitabxanaların geniş vüsət aldığı dövrdə bizim kitabxanaçıların hələ də Sovet  vaxtında olduğu kimi  oturub kağız kitab üçün gələn oxucunu gözləməsi nə dərəcədə düzgündür? Ona görə də müxtəlif bu tipli treninqlərdə tədrislərin keçirilməsi  kitabxanaçıların dövrümüzün tələblərinə və sosiologiyalarına uyğun  yeni bilgilərlə tanış edilməsinə kömək göstərəcək. Daha sonra kitabxanaçılardan keçirilən təlimlərdən yararlanıb oxuculara xidmət edilməsi tələb olunur. Bu, bütövlükdə  yeni mütaliə mədəniyyətinin yüksəlməsi, eyni zamanda gənclərə istədikləri formada informasiyaların ötürülməsində böyük əhəmiyyəti var. Əlbəttə, yeni metodlarla yanaşı köhnə metodlardan da istifadə etmək lazımdır. Elə elmlər var ki, kreativ yanaşmalar da mövcud  olmalıdır. Məsələn, kitabxanaların nəzdində kitab klubları və köşklərinin yaradılması, elektron kitabların endirilməsi və alınması vacibdir. Məsələn, bir çox elektron platformalarda – “Alibaba” fondu, “Amazon.com” və s. kitabların elektron versiyalarından yararlanmaq lazımdır. Bu tipli bilikləri də ötürmək və onlardan istifadə etmək vacibdir. Düşünürəm ki, belə təlimlərin  keçirilməsinə ehtiyac  var. Müəyyən tələblərə cavab verən mütəxəssislər yetişdirməsək, nəinki kitabxana sistemində, həm də informasiya resurslarında   geriləmə baş verəcək”.