Yaşıl və qırmızı indi təkcə işıqforda olmayacaq – Xəstəxanalar da DYP sisteminə keçir

0
429

Agentlikdən bildirdilər ki, pasiyent “yaşıl gediş”lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək.

İcbari tibbi sığortanın tətbiqi bütün ölkəni əhatə etməsə də artıq icbari tibbi xidmətə keçən tibb müəssisələrində “yaşıl gediş” və “qırmızı gediş”lər mövcuddur. Bu məsələ bəzi pasiyentlər üçün hələ də qaranlıqdır. Xəstəxanalarda “yaşıl gediş” və “qırmızı gediş”lərin fərqini və əhəmiyyətini araşdırıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilir ki, Agentliyin müəyyən etdiyi “yaşıl gediş”dən kənar tibb müəssisələrinə müraciət edən pasiyentlərə müştərək maliyyələşmə və ya azadolma məbləğləri tətbiq ediləcək. Hansı ki, icbari tibbi sığorta tətbiq edilən xəstəxanalarda ” yaşıl gediş” və “qırmızı gediş”lər artıq mövcuddur. Agentlikdən bildirdilər ki, pasiyent “yaşıl gediş”lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək. Bu zaman o, öncə ailə həkiminə müraciət edəcək. Ailə həkiminin göstərişi olarsa, ambulator poliklinikalara göndəriş veriləcək. Ambulator müayinədən sonra lazım olarsa, stasionar müalicəyə yönləndiriləcək. Tələb olunan hallarda cərrahi əməliyyatlar icra ediləcək. Bu qaydada müraciət olunarsa, sığortaolunanlar heç bir ödəniş etməyəcəklər.

“Qırmızı gediş”də isə əgər pasiyentlər birbaşa ambulator və ya stasionar xidmətə və ya yaşadıqları ərazidə deyil, digər rayonda, şəhərdə həkimə müraciət etmək istəyirlərsə və həmin xidmət təcili deyilsə, planlı şəkildə olursa, bu zaman müştərək maliyyələşmə və ya azadolma məbləği tətbiq ediləcək: “Çünki biz ailə həkimi institutlarını genişləndirmək istəyirik ki, vətəndaşlar ilk olaraq onlara müraciət etsinlər, problemlərin qarşısı yerindəcə alınsın. Əgər pasiyent ondan imtina edərək birbaşa xəstəxanaya müraciət edərsə, 5 manat məbləğində müştərək maliyyələşmə məbləğini ödəməlidir. Yaşadığı regiondakı digər rayonda həkimə müraciət edirsə, bu zaman 15 manat ödəməli olacaq. Vətəndaşlar bir tibbi ərazi bölməsindən digərinə gedərək orada tibbi xidmət almaq istəyirsə, 30 manat ödəyərək tibbi xidmətlərdən yararlana biləcəklər. Əgər vətəndaşın alacağı xidmətlərin dəyəri 100 manatdan yüksək olarsa, pasiyent 90 manat ödəməli olacaq”.

© STATE AGENCY ON MANDATORY HEALTH INSURANCE
Müştərək maliyyələşmə məbləğinin tətbiqi sxemi

Agentlik icbari tibbi sığorta sistemində tətbiq edilən müştərək maliyyələşmə məbləğinin toplanmasına da aydınlıq gətirib: “Qırmızı gediş” də bütün ödənişlər nağdsız qaydada qəbul ediləcək : “Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hər bir xəstəxanada POS-terminalların quraşdırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə icbari tibbi sığorta sisteminin tətbiq edildiyi 24 regionda POS-terminallar quraşdırılıb. Heç bir ödəniş nağd şəkildə qəbul edilməyəcək. Biz Beynəlxalq Bankla əməkdaşlıq edirik. Ərazisi böyük olan rayonlardakı xəstəxanalarda bankın filialları da yaradılıb. Kartı olmayan, ancaq nağd qaydada ödəmək imkanı olan vətəndaşlar da müştərək maliyyələşmə məbləğlərini ödəyə biləcəklər. Belə ki, Beynəlxalq Bankla əməkdaşlıq nəticəsində xüsusi plastik kartlar sifariş olunaraq xəstəxanalara çatdırılıb. Həmin vətəndaşlar bu adsız kartlar vasitəsilə öz ödənişlərini həyata keçirə biləcəklər. Bunun üçün xəstəxanalarda olan filiallara müraciət edərək həmin kartları pulsuz əldə edəcəklər. Ödəniş aparatları vasitəsilə öz vəsaitlərini həmin karta yatıracaqlar. Sonra POS-terminal vasitəsilə müştərək maliyyələşmə məbləğlərini və əlavə xidmətlərə görə digər ödənişlərini həyata keçirəcəklər”.

Agentlikdən bildirirlər ki, xəstəxanalarda fililalların kassaları da olacaq. Həmin kassalar böyük xəstəxanalarda, göndəriş sayı minimum 2000-3000 nəfər olan tibb müəssisələrində qurulacaq: “POS-terminallar vasitəsilə xidmət haqlarının qəbulu mümkün olmadıqda bank əməkdaşları ödənişlərin qəbul edilməsində bizə yardım edəcəklər. Vətəndaşlar vaxt itirməsin deyə bəzi ödənişləri nağd qaydada bankın kassasına ödəyə biləcəklər”.

Qeyd edək ki, artıq ölkənin 24 regionunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Digər bölgələrdə, o cümlədən paytaxtda fəaliyyət göstərən əksər xəstəxana və tibb müəssisələri də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarəetməsinə verilib. Sığorta ödənişlərinin toplanmasına isə bu il aprelin 1-dən başlanacaq.