İsraildən olan bakılı vətəninə əvəzsiz hədiyyə bağışlayıb

0
617

Mixail Parxomovski azərbaycanlı bəstəkarların 232 musiqisinin partiturasından ibarət not kitabxanasını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə bağışlayıb

Məşhur bakılı, skripkaçı, uzun illərdir İsraildə yaşayan 86 yaşlı Mixail Parxomovski vətəninə misli-bərabəri olmayan hədiyyəni bağışlamaq üçün Bakıya gəlib. Söhbət onun şəxsən topladığı skripka ansambllarının not kitabxanasından gedir.

Musiqiçi kolleksiyasını bu əlamətdar hadisəyə həsr olunmuş tədbirin keçirildiyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə bağışlamaq qərarına gəlib.

Mixail Parxomovski Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) məzunudur. O, SSRİ xalq artisti Qara Qarayevin sinfində musiqi təhsili alıb. Konservatoriyanı bitirəndən sonra təhsilini Moskvada davam etdirib.

Həm Moskvada, həm də Sibirdə böyük skripkaçılar ansamblı yaradıb, onunla birlikdə müxtəlif ölkələrə qastrol səfərlərinə gedərək Azərbaycan musiqisini təbliğ edib. İsrailə köçdükdən sonra Parxomovski “Virtuosi” kollektivini yaradıb.

“Mən Azərbaycanın xalq artisti, məni Mixail Parxomovskinin yanına aparan Qara Qarayevin oğlu Fərəc Qarayevə çox minnətdaram. Bu dəfə Parxomovski Bakıya əliboş gəlməyib, özü ilə bizə Pyotr Çaykovski, Tixon Xrennikov, Qara Qarayev, Arif Məlikov, Azər Rzayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Oqtay Kazımovun 232 musiqisinin partiturasından ibarət hədiyyə gətirib. O, özü bu əsərləri partituraya (çoxsəsli musiqi əsərinin bütün əsas partiyalarının məcmusu – red.) çevirib”, – deyə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova əziz qonağı salamlayarkən deyib.

Mixail Parxomovski özü isə xahiş edib ki, onu qonaq hesab etməsinlər. Baxmayaraq ki, İsraildə yaşayır, Bakı həmişə onun həyatında vacib rol oynayıb. Hələ də Azərbaycan dilini xatırlaması və hətta bu dildə danışması musiqiçinin özünün belə təəccübləndirir.

Parxomovski tez-tez vətəninə gəlməyə çalışır, çünki onun yeganə nəvəsi burada yaşayır, həmçinin valideynlərinin və “musiqi atası” Qara Qarayevin məzarları buradadır.

“Fərəc Qarayevə son dərəcə minnətdaram ki, hər dəfəki səfərimdə məni Bakıda qarşılayır. Onun atası mənim üçün təkcə müəllim yox, həm də dost olub. Qara Qarayev mənim həyatımda vacib rol oynayıb. Həyatda əldə etdiyim hər şeyə görə ona borcluyam. Mən tez-tez ona qonaq getmişəm, onun musiqiləri ilə böyüyüb-tərbiyə almışam, onu özümə hopdurmuşam və bütün bunlar mənim gələcəyimə işıq salıb”, – deyə Parxomovski etiraf edib.

O, təəssüflə bildirib ki, xaricdə konsertdə olduğu üçün Bakıya Qara Qarayevin dəfninə gələ bilməyib.

Muzeydəki çıxışının sonunda Parxomovski müəlliminin əziz xatirəsinə bəstəkarın “İldırımlı yollarla” baletindən “Laylay”ı səsləndirib və qonaqlardan onu alqışlamamağı xahiş edib.

“Bu əsəri çətinliklə ifa etdim, çünki həmin vaxt mənim dostum və müəllimim dəfn olunurdu. Onun itkisini yaşamaq mənim üçün çətin idi. Şadam ki, onun layiqli davamçısı – Fərəc Qarayev var. O, mənə bu möhtəşəm tədbiri təşkil edən Alla Bayramova ilə tanış olmağa kömək etdi. Bu notlarla çox uzun müddət məşğul olmuşam və qərara gəlmişəm ki, azərbaycanlı skripkaçılar onlara daha çox ehtiyac duyurlar. Ona görə də həmin notları Musiqi Mədəniyyəti Muzeyinə hədiyyə etdim”, – deyə Parxomovski bildirib.

Cavab hədiyyəsi olaraq Alla Bayramova musiqiçiyə Qara Qarayev haqqında kitab təqdim edib. Skripkaçı muzey direktoruna bəstəkarla bağlı arxiv materialları və fotoşəkilləri, həmçinin İsrail mediasında ona həsr olunmuş məqalələri təhvil verib.

Parxomovski əlavə edib ki, hazırda iki ölkənin – Rusiya və İsrailin vətəndaşıdır, amma həqiqətən də yenidən Azərbaycan vətəndaşı olmaq istəyir.

Gecənin qonaqlarına Azərbaycanın Dövlət Simli Kvarteti və Azərbaycanın xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” skripka ansamblının qatıldığı musiqi proqramı təqdim olunub. Musiqiçilər Qara Qarayevin və xarici bəstəkarların əsərlərini ifa ediblər.