Daşkənddə “XI əsrdə gender və gənclər məsələləri üzrə tərəfdaşlığın inkişafı” mövzusunda beynəlxalq forum keçirilib.
Özbəkistan Gender Bərabərliyi Məsələləri Komissiyasının beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi foruma Azərbaycan, Avstriya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan və digər ölkələrin nümayəndələri qatılıb. Ölkəmizi bu tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.
Forumun açılışında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, gender bərabərliyinin təmin olunması və gənclərə dəstək verilməsi bütün dünyada aktual olaraq qalır. Gender bərabərliyi və gənclərin potensialından istifadə etmək cəmiyyət həyatının bütün sahələrində sabit inkişafa nail olmaq üçün əsas amillərdir.
Tədbirdə “Ailə institutunun möhkəmləndirilməsi siyasəti Özbəkistanın sosial siyasətinin tərkib hissəsi kimi”, “Məhdud imkanlı gənclərin müdafiəsi və onlara hərtərəfli şərait yaradılması”, “Qadınların iqtisadi müstəqilliyindən gender bərabərliyinə doğru”, “Özbəkistanın sosial-iqtisadi inkişafı üçün gənclərin potensialından istifadə” və digər mövzularda məruzələr dinlənilib.
Hicran Hüseynova “Gender, qadınlar, uşaqlar: Azərbaycan təcrübəsi” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ölkəmizdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Komitə sədri deyib ki, Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli həmişə diqqət mərkəzində olub. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə kişilərlə bərabər qadınlara da seçmək və seçilmək hüququ verib.
H.Hüseynova vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı bütün sahələrdə uğurla inkişaf edir. Qaçqınların 454 mini qadındır və onların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsi işimizin əsas istiqamətlərindən biridir.
Çıxışdan sonra Hicran Hüseynova Tənzilə Narbayevaya əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin medalını təqdim edib.