Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar

0
929

Bu il oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dünyanın kosmik sahəsindəki aparıcı agentliklərinin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr yarım əsr fasilədən sonra yenidən Bakıda bir araya gələcəklər.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı kosmik ölkə kimi görürdü 

Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub, Şərq elmi məktəbinin Nəsirəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına, fəaliyyətinə şahidlik edib.

Milli kosmik sənayenin yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. Sovet cəmiyyətinin və kommunist ideologiyasının ən sərt dövrü olan həmin illərdə belə addımların atılması o qədər də asan olmasa da, ümummilli lider Heydər Əliyev bunu məharətlə bacara bilmişdi. Ölkəmizdə ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də ölkəmizin beynəlxalq aləmdə tanınmasına nail ola bilmişdi. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir.

“Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına getdikcə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”, – ümummilli lider Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”indən (dekabr, 2000-ci il).

Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında artıq kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilirdi. Kosmik sahənin insanları hələ o zaman 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqreslərində kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə çağırışlar edirdilər. Kosmonavtika sahəsində əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi, perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsinə həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının 24-cü konqresi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabrında məhz Bakıda keçirilib.

Azərbaycan 46 il əvvəl 24-cü Astronavtika Konqresinə uğurla ev sahibliyi etdi

1973-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən 24-cü Konqresini böyük fəxr hissi ilə xatırlayırıq. Konqresə hazırlıq mərhələsi və təşkilati işlər daim Ümummilli Liderin diqqətində olub. Konqresin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin “Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresinin Bakıda keçirilməsi üçün Respublika Təşkilat komitəsi haqqında” 1973-cü il 27 mart tarixli Qərarında deyilir: “Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin Beynəlxalq Astonavtika Federasiyasının 24-cü Konqresinin keçirilməsi ilə bağlı təqdim etdiyi Respublika Təşkilat komitəsinin tərkibi təsdiq edilsin. Təşkilat komitəsinə tapşırılsın ki, Konqresin hazırlanması və keçirilməsi ilə bağlı konkret tədbirlər planını iyirmi gün ərzində hazırlasın və Azərbaycan KP MK-ya təqdim etsin”. Hələ o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyi tarixi şəkil və sənədlərdə və öz əksini tapdığının şahidi oluruq.

Təşkilat komitəsinin təsdiq edilmiş tərkibinə nəzər salırıq. On səkkiz nəfərlik bu heyətdə Azərbaycan elminin və ictimai-siyasi həyatının ən görkəmli simalarının adı var. Təşkilat komitəsinin sədri Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, Elmlər Akademiyasının müxbir üzvü İsmayıl İbrahimov, müavini isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev olub.

7-13 oktyabr 1973-cü il tarixində Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi 

Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayevin imzası ilə Azərbaycan KP MK-ya təqdim olunmuş 1973-cü il 4 yanvar tarixli məktubda qeyd edilir: “SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 5 sentyabr tarixli Qərarında göstərilir ki, Beynəlxalq Astronavtika Federasiyasının 1973-cü ilin oktyabr ayında Bakıda keçiriləcək 24-cü Konqresində 800 nəfəri əcnəbi alimlər olmaqla, ümumilikdə 1500 nəfər iştirak edəcək. Əcnəbi alimlərin 700 nəfəri kapitalist ölkələrini, 100 nəfəri isə sosialist ölkələrini təmsil edəcək. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin həmin qərarı ilə Beynəlxalq Astronavtika Federasiyasının adıçəkilən konqresində iştirak edəcək Sovet Təşkilat komitəsinin tərkibi də təsdiq edilir. Qeyd olunur ki, 24 nəfərlik Sovet Təşkilat komitəsinin sədri Akademik Leonid Sedov, müavini isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini İsmayıl İbrahimovdur”.

Qeyd edək ki, həmin dövrdə SSRİ məkanında ilk dəfə Bakıda reallaşan 24-cü Konqresin uğurla təşkil olunması SSRİ rəhbərliyinin bu tədbirə xüsusi önəm verdiyini göstərir.

1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində SSRİ kosmonavtı Vladimir Şatalov və digər mötəbər qonaqların qarşılanması

Bakı kosmonavtları və alimləri qonaqpərvərliklə qarşıladı

Nəhayət, 1973-cü il oktyabrın 7-dən 13-dək Konqres keçirilir və beynəlxalq tədbirin yekununa dair arayış tədbirin necə uğurla keçirildiyini göstərir:

“Bakı Şəhər Partiya Komitəsinin paytaxtımızda 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi və SSRİ kosmonavtları Georgi Bereqovoy, Vladimir Şatalov, Vitali Sevastyanov, eləcə də Amerika astronavtı Tomas Ştaffordun Bakıya gəlməsi münasibətilə həyata keçirdiyi tədbirlər barədə

ARAYIŞ

1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında 24-cü Beynəlxalq Astronavtika konqresi keçirilib.

Bakı sakinləri oktyabrın 6-da paytaxtımıza gəlmiş SSRİ təyyarəçi-kosmonavtları, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan G.Bereqovoy, V.Şatalov, Sovet İttifaqı Qəhrəmanı V.Sevastyanov və Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Beynəlxalq Konqresində iştirak etmək üçün ölkəmizə gəlmiş nümayəndə heyətini təntənəli surətdə qarşıladılar.

Oktyabrın 8-də ölkənin baş sarayında Bakı ictimaiyyətinin kosmonavtlar və Amerika astronavtı T.Ştafford ilə görüşü keçirildi.

Oktyabrın 11-də xarici qonaqlar, kosmonavtlar və astronavtlar M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında ölkə ziyalıları və elm ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Görüşdə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və büro üzvləri iştirak edirdilər. Tədbir iştirakçıları qarşısında SSRİ Elmlər Akademiyasının akademiki, Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, Moskva Dövlət Universitetinin professoru Leonid Sedov, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitano, Kaliforniya Texnologiya İnstitutunun reaktiv mühərriklər laboratoriyasının direktoru Vilyam Pikerinq, eləcə də ABŞ, SSRİ, Fransa, Çexoslovakiya və digər ölkələrdən olan görkəmli alimlər çıxış etdilər”.

Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkür

Konqreslə bağlı mühüm tarixi sənədlərlə tanış olarkən görürük ki, beynəlxalq tədbir çox yüksək səviyyədə keçirilmiş və onun uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyinə çoxlu minnətdarlıq məktubları ünvanlanıb.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Napolitanonun Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 20 oktyabr tarixli təşəkkür məktubunda bildirib ki, Bakıda keçirilən konqres o günə qədər keçirilən konqreslərlə müqayisədə rekord sayda iştirakçı cəlb edib.

Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Stark Draper Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 6 noyabr tarixli təşəkkür məktubunda Ulu Öndərə Beynəlxalq Astronavtika Akademiyası adından dərin minnətdarlığını çatdırıb.

SSRİ Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik V.Kotelnikov Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Birinci katibi Heydər Əliyevə ünvanladığı 1973-cü il 12 noyabr tarixli məktubunda qeyd edib ki, Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası, sovet alimləri və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Mətbuat Konqresin işini geniş işıqlandırırdı?

“Kommunist” qəzetinin 1973-cü il 13 oktyabr tarixli nömrəsinin birinci səhifəsində “Azərinform”un “Kosmik elmin üfüqləri” adlı geniş materialı verilib.

Məqalədə Bakı ictimaiyyətinin sovet və xarici ölkələrin görkəmli alimləri ilə görüşündən söz açılır. Qeyd edilir ki, Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Konqresdə elm və texnikanın tərəqqisi, bütün bəşəriyyətin gələcəyi üçün böyük əhəmiyyəti olan problemlər müzakirə edilir.

“Bakinski raboçi” qəzetinin 1973-cü il 10 oktyabr tarixli nömrəsinin birinci səhifəsində verilmiş “Bəşəriyyətin ulduzlar aləminə yürüşü” adlı məqalədə Sovet astronavtikasının beynəlxalq aləmdəki mütəxəssislərlə əməkdaşlığının məhsuldar nəticələrindən söz açılır.

Maraqlıdır ki, həmin beynəlxalq tədbirə hazırlıq dövründə və Konqresin davam etdiyi müddətdə olduğu kimi, sonrakı həftə və aylarda da bu məzmunlu qəzet materialları səngimirdi. Hətta, 24-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş geniş süjetli sənədli film – “Kosmonavtlar Bakıda” filmi çəkilib.

24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik tarixində silinməz izlər qoydu

1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin uğurla başa çatması respublikamızın bu sahədəki potensialına inamı xeyli artırdı. Məhz həmin inamdan irəli gələrək Ulu Öndər Heydər Əliyev 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – “KASPİ” Elmi Mərkəzinin yaradılması haqqında tarixi qərar verdi. Sözügedən elmi mərkəzin bazasında 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli Fərmanı ilə isə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradıldı.

1977-ci ildən etibarən mütəxəssislərimiz 10-dan çox keçmiş sosialist ölkəsini təmsil edən “İnterkosmos” təşkilatının fəaliyyəti çərçivəsində aparılan beynəlxalq tədbirlərin iştirakçısı olublar. Onlar hazırladıqları cihazların iş qabiliyyətini real təbii şəraitdə nümayiş etdiriblər. Həmin dövrdən sonra Azərbaycanın kosmik sahədəki fəaliyyət dairəsi SSRİ miqyasında daha da genişlənmiş və bir sıra nüfuzlu təşkilatların sifarişi ilə Azərbaycanda müxtəlif təyinatlı məlumat-ölçü sistemləri yaradılaraq istismara verilib. Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış rentgen teleskopu 15 il ərzində “Salyut” və “Mir” orbital komplekslərində fəaliyyət göstərmiş və SSRİ dövründə 60-dək elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirib.

Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan rentgen teleskopu

Müasir kosmik sənayemiz

Ölkəmizin müstəqilliyinin ilk illərində bütün sahələrdə olduğu kimi, kosmos sahəsində də durğunluq yaşanırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayedən də yan keçməmiş, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunmuş bilik, təcrübə və ənənələrin itirilməsinə səbəb olmuşdur.

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə isə Prezident İlham Əliyevin hakimiyyəti illərində açılıb. Sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı məhz bu illərdə özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlayıb. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub. Belə ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib.

Prezident İlham Əliyev ilk peykin buraxılması ilə bağlı müraciətindən

“Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışdıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı qəbul edilmişdir. 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilmişdir. Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq”, – Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – “Azerspace- 1”in orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikindən (8 fevral 2013-cü il).

2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

Əsas vəzifə ölkənin informasiya və milli təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin edir. Ötən əsrin sonlarında ölkənin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riski bu gün aradan qalxıb. Artıq ölkəmizin “Azersky” peyki sayəsində nəinki daha əvvəl çıxışı olmadığı ərazilərin, həmçinin dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa çıxış imkanı var. Bununla da kosmosdakı peyklərimiz vasitəsilə ölkəmizin bütün ərazisi nəzarət altında saxlanılır, əldə edilən məlumatlar aidiyyəti dövlət qurumları və müvafiq beynəlxalq təşkilatlara təqdim edilir. Buna uyğun olaraq, 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat hazırlanaraq dünya ictimaiyyətinə təqdim olunub. “Azersky”ın əhəmiyyətini vurğulamaq üçün daha bir nümunə göstərək: 2015-ci ildə Xəzər dənizində “Günəşli” yatağında qəza baş vermişdi. Xarici mətbuatda qəza nəticəsində neft çirklənmələri barədə əsassız xəbərlər yayılmışdı. Peyk təsvirləri vasitəsilə operativ qaydada xəbərlərin əsassız olduğu sübuta yetirildi.

İkinci mühüm vəzifə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət etmək və milli iqtisadiyyata birbaşa və dolayı faydalar verməkdir.

Kosmik proqramın ilk illərindən ölkə başçısının qarşıya qoyduğu başlıca məqsəd peyklərin, ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə, yəni ölkədəki sürətli sosial-iqtisadi inkişafın dəstəklənməsinə yönəlməsi oldu. Hazırda milli peyklər vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına dəstək göstərilir. Xüsusilə “Azersky” peykinin ən müasir analiz və monitorinq alətlərindən istifadə etməklə kənd təsərrüfatında elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və öncədən proqnozlaşdırılması, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması, ölkə üzrə istixanaların dəqiq inventarlaşdırılması, pivot suvarma sistemlərinin tətbiq edildiyi kənd təsərrüfatı əkinlərinin təyini, kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin qiymətləndirilməsi, qanunsuz tikililərin aşkarlanması, faydalı qazıntı yataqlarının hasilatı üzərində kosmik monitorinq vasitəsilə nəzarətin qurulması, meşələrin, göllərin monitorinqi və elektron xəritəsinin hazırlanması kimi ölkə əhəmiyyətli layihələr həyata keçirilir. Bütün bu imkanlar iqtisadiyyatın müxtəlif sahələrində yeni iqtisadi dəyərlərin yaradılmasına xidmət edir.

Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə işlər davam etdirilir. Qeyd edək ki, 2018-ci il noyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 4 il müddətində icra olunacaq. Proqramın icrası 30-dək dövlət qurumunu əhatə etməklə iqtisadiyyatın əksər sahələrində yeni və alternativ məlumat mənbəyi kimi peyk müşahidəsinin imkanlarını realizə edəcək.

Məqsəd “Azersky” və digər yüksək ayırdetməli Yerin məsafədən müşahidəsi peyklərinin resurslarından ölkəmizin müxtəlif sahələrində – kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarəedilməsi, hasilat sənayesi, meliorasiya və su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, dövlət əmlakının idarəolunması, kadastr işləri və naviqasiyada istifadəsini genişləndirməkdir.

Üçüncü vəzifə kosmik layihələrə sərf edilən vəsaitlərin kommersiya fəaliyyəti ilə geri qaytarılmasını təmin etməkdir ki, bu sahədə də gözlənilən nəticələrə nail olunur. Son illərdə Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı konkret kommersiya məqsədlərinə xidmət edir.

Peyk layihələrinin həyata keçirilməsi üçün layihə xərcləri, uzunmüddətli öhdəliklər, genişmiqyaslı beynəlxalq əməkdaşlıq, habelə lazımi kəmiyyətdə və keyfiyyətdə mütəxəssislərin mövcudluğu zəruridir ki, bütün bunlar dövlət tərəfindən irihəcmli investisiyalar tələb edir. Bu baxımdan layihələrin həyata keçirilməsi üçün qoyulmuş investisiyaların geri qaytarılması məsələsi daim diqqətdə saxlanılır.

Peyk xidmətləri bazarında xüsusilə yüksək rəqabət şəraiti mövcuddur – bazarın əksər hissəsi azsaylı böyük oyunçular tərəfindən bölüşdürülüb, orta ölçülü oyunçular arasında kəskin rəqabət mövcuddur, kiçik oyunçular isə öz spesifik seqmentini tapıb orada möhkəmlənməyə çalışırlar. Belə bir şəraitdə rəqabətə davam gətirə bilməyin heç də asan olmadığı görünür. Bu məqsədlə illər əvvəl peyk xidmətləri bazarına daxil olarkən bazarın dərindən öyrənilməsi məqsədilə geniş biznes-marketinq araşdırmaları aparılıb və araşdırmaların nəticələri əsasında peyklərin orbital mövqeyinin seçilməsi, texniki və biznes dizaynı həyata keçirilib. Sonrakı mərhələdə görülmüş tədbirlər nəticəsində peyk layihələrinin gəlirliliyi təmin edilib.

Artıq peyklərin 26 ölkədə sabit müştəri bazası formalaşdırılıb. Ümumilikdə, bugünədək Azərbaycanın peykləri vasitəsilə göstərilən xidmətlərdən 165 milyon ABŞ dolları həcmində gəlir əldə edilib ki, proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir. Belə ki, son illərdə dünya peyk sənayesinin “durğunluğu” fonunda “Azərkosmos”un vəziyyəti daha yaxşı görünür. Dünyada peyk sənayesinin gəlirləri 2015-ci ildən etibarən hər il təxminən 3 faiz ətrafında yüksəlib, sırf peyk xidmətlərinin göstərilməsi üzrə gəlirlər isə daha az sürətlə artıb, hətta 2018-ci ildə azalma müşahidə olunub. Azərbaycanda isə hələ “Azerspace-2” istismara verilməzdən əvvəl hər il peyk gəlirləri 10-15 faiz artmağa davam edib. “Azerspace-2” kommersiya istifadəsinə başladıqdan sonra isə, yəni 2019-cu ilin 10 ayı ərzində gəlirlər ötən ilin eyni ayları ilə müqayisədə 61 faiz artıb.

Xüsusilə qeyd edək ki, “Azərkosmos”un gəlirlərinin 89 faizi məhz xidmətlərin ixracından formalaşır. “Azərkosmos” yüksək rəqabət şəraitinin mövcud olduğu peyk xidmətləri bazarında yeni olmasına baxmayaraq, rəqabətli üstünlüklər əldə edərək artıq bazarda özünəməxsus mövqe qazanıb. Belə ki, iri şirkətlərin müştərilərlə iş prosesini ləng aparması fonunda çevik və müştərilərinə fərdi yanaşma tətbiq etmək imkanına sahib olan “Azərkosmos” rəqiblərə nisbətən sürətli xidmət göstərməyə nail olmuş və beləcə özünün həcmcə kiçik olmasını üstünlüyə çevirə bilib.

Dördüncü vəzifə elmi tədqiqatların aparılmasına dəstək vermək və kadr potensialını inkişaf etdirməkdir. Ötən illər ərzində peyk xidmətləri sahəsində qazanılan təcrübə və bu sahədə formalaşmış insan kapitalı imkan verir ki, kosmik sənaye quruculuğu yolunda daha irəli addımlayaq. Belə ki, artıq “Azərkosmos”da kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayənin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatları, kiçik peyklərin ilkin dizaynı və orbitlərinin stabilliyinin analizi, müxtəlif süni intellekt həlləri və digər istiqamətlərdə tədqiqatlar aparılır.

“Azərkosmos”da çalışan potensiallı gənclərin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevrilmə potensialına sahibdirlər. Dövlətimizin başçısının “Azərspace-2” peykinin orbitə buraxılması münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi: “Bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun dəyərli üzvlərindən birinə çevrilib”.

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi

Hazırda peyklərimizin idarə edilməsi tamamilə Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Əgər “Azərkosmos” kollektivinə nəzər salsaq, orada istər ucqar kənd, istərsə də şəhər mərkəzlərindən olan məktəblərin məzunlarını görmək olar. Bu məqamda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın bölgələrində, ən ucqar yaşayış yerlərində məktəblərin tikintisinin geniş vüsət aldığını xatırlatmaq yerinə düşər. Qısa müddət ərzində müasir tələblərə cavab verən məktəb binalarının istifadəyə verilməsi ilə Heydər Əliyev Fondu müasir gəncliyin savadlı yetişməsinə, ümumən, respublikamızın inkişafına öz töhfəsini verdi. Hazırda bu məktəblərdən məzun olan gənclərin “Azərkosmos” da daxil olmaqla iqtisadiyyatımızın fərqli sahələrində çalışması insan kapitalına qoyulan investisiyaların artıq öz bəhrəsini verməyə başladığını göstərir.

Daha çox gəncin kosmik sahəyə cəlb edilməsi və marağın artırılması məqsədilə “Azərkosmos” Təhsil Nazirliyi ilə birgə 2018-ci ildən etibarən hər il “CanSat Azərbaycan” tələbə model peyk müsabiqəsi keçirir. Bu müsabiqədə Bakı və region universitetlərindən qatılan tələbələrdən ibarət komandalar model peyklər hazırlayır və onları kiçik raketlər vasitəsilə səmaya qaldırır. “CanSat Azərbaycan” müsabiqəsi öz növbəsində Azərbaycanlı gənclərin kosmik texnologiyalar sahəsinə marağının artrılmasına xidmət edir, eləcə də müsabiqə qaliblərinə gələcəkdə ölkəmizi bu tipli beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.

Bundan başqa, bu yaxınlarda ölkəmizdə gəncləri bir araya toplayan “NASA Space Apps Azərbaycan” hakatonu onlara kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara kosmosun gələcəyini daha yaxşı təsəvvür etmək və aktual olan ekoloji problemlərin həllində iştirak etmək imkanı verir. Azərbaycanın Kosmik Proqramına öz töhfəsini verəcək yeni nəsil gənclərin yetişməsi üçün bu cür layihələrin davamlı olaraq keçirilməsi planlaşdırılır. Hətta gələcəkdə analoji regional müsabiqələrin ölkəmizdə keçirilməsi üçün artıq imkan vardır. Bu isə Azərbaycanın kosmik sənaye ölkəsi kimi beynəlxalq nüfuzuna birbaşa müsbət təsir göstərəcək.

Beşinci vəzifə beynəlxalq kosmik təşəbbüslərdə Azərbaycan adından iştirak edərək ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə xidmət etməkdir. Kosmik sahə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmindir. Belə ki, “Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur ki, bu da öz növbəsində Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intelektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

“Azərkosmos” artıq qabaqcıl kosmik ölkələrin – Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Hindistan Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), Pakistanın “Milli Kosmik Agentliyi” (SUPARCO) kimi dövlət agentlikləri ilə kosmik sənayedə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparır. Birləşmiş Millətlər Təşkilatının “Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi” (COPUOS) və “Kosmik Məsələlər üzrə İdarəsi” (UNOOSA) və digər platformalar çərçıvəsində bir sıra dövlətlərlə əməkdaşlıq edilir. “Azərkosmos” 2018-ci ildən artıq Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub, bununla da kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanı əldə edib.

“Azərkosmos” bu il Fransada baş tutmuş 53-cü “Beynəlxalq Paris Aviasiya Şousu” çərçivəsində “Kosmik İqlim Rəsədxanası” (SCO) təşəbbüsünə qoşuldu. Şirkət bununla ətraf mühitin qorumnasına dair fəaliyyətlərə dəstəyini daha da gücləndirəcək və peyk məlumatları ilə iqlim dəyişikliyinin ətraf mühitə və insanlara təsirlərinin müəyyənləşdirilməsinə və konkret həll üsullarının təklif olunmasına öz töhfəsini verəcək.

“Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri və “Azersky” Yer səthinin məsafədən müşahidəsi peyki

Azərbaycan dünya kosmik klubun tamhüquqlu üzvüdür

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”un üzvüdür.

Artıq 6 ildir ki, Azərbaycan öz peykləri ilə məhdud sayda dövlətləri birləşdirən dünya “kosmik klub”unda özünəməxsus yer tutur. Bu, sadəcə 3 peyk demək deyil, yüksək texnologiyaların Azərbaycana transferidir. Qabaqcıl texnologiyalar heç də hər ölkəyə asanlıqla verilmir. Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici və effektiv xarici siyasəti bu məsələdə də həlledici oldu. ABŞ, Fransa, İngiltərə, Yaponiya, Malayziya kimi kosmik sahədə qabaqcıl ölkələrlə əməkdaşlıq nəticəsində peyklərimiz uğurla orbitə buraxıldı. Ümumiyyətlə, biz “Azərkosmos” olaraq dünyanın xidmət göstərdiyimiz istənilən nöqtəsində, ən uzaq ölkələrdə belə dövlətimizin nüfuzunu, dəstəyini hər zaman hiss edir, ondan bəhrələnirik.

“Azərbaycan tarix boyu heç vaxt indiki qədər güclü olmayıb”, – Prezident İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə vurğulayır. Onun prezidentliyi dövründə nail olduğumuz sürətli iqtisadi inkişaf ölkəmizin həm regional, həm də qlobal miqyasda müstəqil siyasət həyata keçirməsinə imkan yaradıb. Ölkəmiz kosmik sahə də daxil olmaqla dünya siyasi xəritəsində aktiv iştirakçılardan birinə çevrilib. Bu nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. Çünki bu gün dünyada gedən ictimai-siyasi proseslər təkcə siyasətdə və iqtisadiyyatda deyil, kosmosda da güclü rəqabət yaradır.

Bu gün peyklərimiz dünyanın müxtəlif regionlarında insanların informasiyaya çıxışını təmin edir, regionlar arasında rəqəmsal uçurumun aradan qaldırılmasına xidmət edir. Məsələn, yerüstü kabel şəbəkəsinin xeyli zəif olduğu Afrika qitəsinin 60 faizdən çoxuna peyk interneti təqdim edir, Mərkəzi Afrika kimi humanitar böhran yaşanan bölgələrdə BMT missiyalarını rabitə ilə təmin edir, dünyanın müxtəlif münaqişə ocaqlarında sülhün bərqərar olunması təşəbbüslərinə töhfə veririk. Meşə yanğınları və neft çirklənmələri kimi təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına köməyimizi göstəririk və dünya “kosmik klubu”nun üzvüyük dedikdə bütün bu fəaliyyətlərdə iştirakımızı nəzərdə tutulur.

Kosmik sahədə yeni üfüqlər

ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar olaraq bu il oktyabrın 29-da Prezident İlham Əliyev “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizin enerji, nəqliyyat və telekommunikasiya sahələri ilə yanaşı kosmik sahədə də regional mərkəzə çevrilməsi vəzifəsi qarşıya qoyulub. Qeyd olunub ki, ötən illər ərzində bu vəzifənin həyata keçirilməsi üçün artıq ölkəmizdə lazımi insan potensialı yetişib. Lakin bu məqsədlə kosmik sahədə böyük iştirakçıların, xüsusilə qlobal səviyyəli özəl sektorun və investisiyaların ölkəmizə cəlb edilməsi üzrə də işlər görülməlidir.

Müasir dövrün tendensiyası onu göstərir ki, daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli həllər təklif edən özəl şirkətlərin kosmik sənayedə əhəmiyyəti və bazar payı ildən-ilə artır. “Yeni Kosmos” adlanan bu sektor son dövrlər əhəmiyyətli investisiyalar cəlb edir – yeni texnologiyalar və metodlar köhnəlmiş sistemləri sıxışdırdıqca ənənəvi kosmik sənaye böyük dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin mahiyyəti kosmosu və kosmik xidmətləri daha ucuz, sadə və əlçatan etməkdən ibarətdir. Buraya təkrar-təkrar istifadə oluna bilən raketlər, kosmik aparatlarda elektrik mühərriklərindən istifadə edilməsi, kosmik aparatların çəkisinin azaldılması, daha çevik və uyğunlaşa bilən kosmik avadanlıqların istifadəsi və sair aiddir. Son nəticədə, bu texnoloji dəyişikliklər kosmik sənayeni ənənəvi peyk mirasından qurtulmağa, çox sayda – minlərlə kiçik və ucuz peyklərə – kubsat və nanosatlara istiqamətləndirir və ya tam əskinə, çox iri tutumlu və ən yüksək texniki göstəricilərə sahib olan və buna görə də dəfələrlə bahalı olan, milyard dollarlar sərf edilən super peyklərin orbitə buraxılmasını tələb edir.

Bu cür texnoloji dəyişikliklər sayəsində kosmosun getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir, əlçatan “əmtəə”yə çevirir (burada hər birimizin smartfonunun daxilində istifadə olunan naviqasiya və sair peyk xidmətlərini yada salmaq yerinə düşər). Artıq bu məqamda deyə bilərik ki, yaşadığımız rəqəmsal dövrün əhəmiyyətli bir reallığı kosmos bazarında da özünü göstərmiş olur – yeni dəyərlər artıq sektorun infrastruktur (raketlər, peyklər, yerüstü stansiyalar və sair) tərəfində deyil, həmin infrastruktur vasitəsilə əldə edilən informasiyanın emalı nəticəsində yaradılır. Buna bir nümunə göstərək, məsələn, bu gün dünyada bahalı optik peyklər vasitəsilə hər gün, hər saat çox böyük həcmlərdə peyk təsvirləri çəkilir, serverlərdə saxlanılır və müştərilərə satılaraq böyük məbləğlərdə gəlirlər əldə edilir. Lakin qabaqcıl proqram təminatı vasitəsilə həmin təsvirləri emal edərək hazırlanan müxtəlif analitik təhlillər, tətbiqetmələr və texniki həllər – bir sözlə “informasiya məhsulları”nın bazar dəyəri həmin peyk təsvirlərinin özünün satışından daha çoxdur, onun bazar dəyərini bir neçə dəfə üstələyir. Yəni artıq kosmik sektorda da digər sahələrdə olduğu kimi “informasiya məhsulu” ən dəyərli məhsul hesab edilməyə başlayır.

Qeyd edilən istiqamətləri nəzərə aldıqda görə bilərik ki, artıq Azərbaycan kosmik sənayesinin qarşısında fərqli vəzifələr dayanır və buna uyğun yeni strategiya tətbiq edilməlidir. Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi də öz növbəsində ölkəmizin kosmik sahədə üfüqlərini genişləndirməkdə bir vasitə olacaq.

Bakı möhtəşəm beynəlxalq tədbirə hazırlaşır

Oktyabrın 21-26-da Vaşinqtonda keçirilən 70-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi

Bu il oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Dünyanın kosmik sahəsindəki aparıcı agentliklər, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr yarım əsr fasilədən sonra yenidən Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində bir araya gələcəklər.

Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində bu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Təbliğat-təşviqat kampaniyası çərçivəsində “Azərkosmos” bu il martın 26-dan 28-dək Parisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları”nda, daha sonra aprelin 24-dən 26-dək Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələrin kosmik sahə üzrə qlobal konfransı”nda təmsil olunub.

Bakının namizədliyinin uğur qazanmasında bir sıra qurumların, ələxüsus, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin məsuliyyətli, gərgin əməyinin və təcrübəli komanda işinin xüsusi payı var. Namizədliyimizin elan edildiyi ilk gündən etibarən aparılan uğurlu təbliğat işi, şəhərimizin turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdimatı yekunda Bakının digər namizəd şəhərlər üzərində qələbəsi ilə nəticələnib.

Qeyd etmək yerinə düşər ki, Bakı bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.

Konqresin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilməsi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Ölkəmiz kosmik sahədə fəaliyyət göstərən, kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi”nin (NASA), “Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES), “Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), “Yaponiyanın Aerokosmonavtika üzrə Tədqiqat Agentlyi” (JAXA) və sair qurumların 7000-dək nümayəndəsini və bu sektorun Elon Musk və Ceff Bezos kimi parlaq simalarını bir araya toplayan qlobal konqresə ilk dəfə ev sahibliyi edəcək.

Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin kosmik sahədə yeni üfüqlərini açmaqda bir vasitə olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi konqresin Azərbaycanda keçirilməsindən çox böyük dividendlər əldə etməliyik, beynəlxalq əməkdaşlıq daha da geniş vüsət almalıdır.

Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında ən sabit, ən çox islahatların aparıldığı, beynəlxalq aləmdə mövcud olan demokratik dəyərlərə xüsusi önəm verilən bir dövlətdir. Digər bir məqam isə, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında yekdilliklə Bakı şəhərinin seçilməsi, 40 ölkədən və 100-dan çox şirkətdən aldığımız dəstək məktubları, belə nüfuzlu tədbirə MDB məkanını cəlb etmək iqtidarımız Azərbaycanın regionda lider olduğunun aşkar sübutudur. Həmçinin, regionda cərəyan edən hadisələr fonunda ölkəmizdə bərqərar olan sabitlik beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə mühüm zəmin yaradır. Bu baxımdan, yarım əsrlik sükutdan sonra Beynəlxalq Astronavtika Konqresinə MDB məkanında yenə də Bakı şəhərinin ev sahibliyi etməsi heç də təsadüfi hal deyil.

Regionun ən qüdrətli ölkəsi, dünyada söz sahibi olan ölkəmiz genişmiqyaslı forum, konfrans və simpoziumlar, mədəniyyətlərarası dialoqlar, eləcə də mötəbər qurumların tədbirlərininin yüksək səviyyədə keçirilməsi ilə beynəlxalq aləmdə müsbət imic qazanıb. Paytaxt Bakımızın günü-gündən müasirləşməsi, ultra-modern infrastrukturun qurulması sayəsində Azərbaycan regionda biznes tədbirlərin keçirildiyi unikal mərkəzə çevrilib.

Dünya ictimaiyyətinin yaxşı yadındadır ki, 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı yarışması, 2015-ci ildə keçirilən I Avropa Oyunları, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla başa çatıb, dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı və ölkəmizdəki əmin-amanlıq hələ də aidiyyəti dairələrdə nümunə olaraq göstərilir.

Ötən günlərdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın platformasına çevrilən Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birinə – Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. Eləcə də, ötən bir neçə ildə paytaxt Bakımızda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumları kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirilib. 2017-ci ilin may ayında Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutub.

Beynəlxalq ekspertlər bu fikirdədirlər ki, Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Çünki bu ölkədə multikulturalizm və tolerantliq tarix boyu davam edən həyat tərzidir. Bakıda “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu fikirlər dəfələrlə dilə gətirilib. Artıq sayca 6-cı olan Bakı Qlobal Forumu hər il çox sayda rəsmi nümayəndələri, eləcə də tanınmış alimləri, nüfuzlu şəxsləri bir araya gətirir. Burada qlobal miqyasda önəm kəsb edən məsələlər müzakirə edilir.

İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə dünya və Avropa miqyaslı yarışlar keçirilib. “Formula-1” yarışlarının Azərbaycan Qran Prisi 2016-cı ildə olduğu kimi, sonrakı illərin də maraqlı tədbirlərindən olub. Bu yarışda bütün dünya bir daha paytaxtımızın gözəlliyi, ölkəmizin inkişafı, Azərbaycan insanının qonaqpərvərliyinin şahidi olub.

Tam məsuliyyətlə deyə bilərik ki, Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər tədbirin də öhdəsindən layiqincə gələcək.

Sonda onu da vurğulamaq yerinə düşər ki, Beynəlxalq Astronavtika Konqresi ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını dünyaya nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.