Qəbul edilən kalori ilə sərf olunan arasında tarazlıq pozulursa…

0
478

Ekspertlər deyirlər ki, endokrinoloji xəstəliklərin bir çoxu ekoloji problemlər, qidalanma və passiv həyat tərzi ilə bağlıdır

Antalyada keçirilən EndoBridge (Endokrinoloqlar arasında körpü) VII Beynəlxalq illik konfransda dünya səhiyyəsini ciddi narahat edən mühüm mövzulardan biri ətrafında müzakirələr aparılıb. Bu konfransda Azərbaycan mütəxəssisləri də iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Endokrinologiya Mərkəzinin (REM) direktor müavini, Azərbaycan Endokrinologiya Cəmiyyətinin vitse-prezidenti Babək Salek bildirib ki, endikrinologiya – daxili sekresiya vəzlərinin (hormon ifraz edən orqanlar) xəstəlikləri bütün ölkələrdə sürətlə artmaqda davam edir. Ona görə də, dünya səhiyyəsi qarşısında təxirəsalınmaz vəzifələrdən biri də endikrinologiya xəstəliklərinin müayinəsi və müalicəsi sahəsində yeniliklər əldə etmək və geniş şəkildə təcrübə mübadiləsi aparmaqdır.

Qeyd edək ki, ölkəmizdə ən çox yayılan endokrinoloji xəstəliklər şəkərli diabet və qalxanvari və böyrəküstü vəzin xəstəlikləridir. Endokrinoloji xəstəlikləri yaradan səbəblər hansılardır? Sürətlə yayılan bu xəstəliyə qarşı necə mübarizə aparmalı? İnsanlar bu xəstəliklərdən qorunmaq üçün necə bir həyat tərzində üstünlük verməlidirlər?  Bu suallara cavabları mütəxəssislərdən öyrənməyə çalışdıq.

Endokrinoloq Fərhad Burzu deyir ki, endokrin orqanın zədələnməsi, funksional zəifliyin baş verməsi endokrinoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur: “Endokrin sistem ayrı bir sistemdir. Necə ki, qan-damar sisteminin əsas orqanı ürək, damarlar və s. olduğu kimi, endokrin sistemin də orqanları var. Bura mərkəzi və periferik orqanlar, hipotalamus, epifiz böyrəküstü, qalxanvarı vəz, yumurtalıqlar, mədəaltı vəzin bir hissəsi daxildir. Hər bir endokrin orqanın zədələnməsi, funksional zəifliyin baş verməsi endokrinoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Burada qidalanma, şüalanma və ya həyat tərzi faktorları da müəyyən dərəcədə rol oynayır. Ən çox rast gəlinən endokrinoloji xəstəlik diabetdir. Şəkərli diabet deyəndə daha çox 2-ci tip diabetdən söhbət gedir. Bu, şəkər mübadiləsinin pozulması nəticəsində yaranan metabolik pozğunluqdur. Qeyd edilən xəstəlik bölgədən asılı olaraq dəyişir. Bəzi ərazilərdə qadınlarda, bəzilərində isə kişilərdə daha çox rast gəlinir. Tip-1 diabetə daha çox gənclər arasında rast gəlindiyi halda, tip-2 xəstəliyi əsasən yaşlılar arasında üstünlük təşkil edir. Əslində, endokronoloji xəstəliklər çoxdur. Hər birinin də özünün spesifik müalicə üsulları var. Amma xüsusi olaraq tip-2 diabet xəstəliyindən danışası olsaq, həmin xəstələrə sağlam qidalanmanı, stresssiz və daha aktiv həyat tərzi keçirməyi məsləhət görürük.

Həkim-endokrinoloq Aysel Həmidova bildirdi ki, böyrəküstü vəzlərin problemləri ən çox arterial təzyiqlə ortaya çıxır: “Simptomlarından birincisi elə arterial təzyiqin qalxmasıdır. Əgər biz böyrəküstü vəzlərin şişlərindən danışırıqsa, burda həmin vəzlərin həm qabıq qatı, həm də beyin qatının şişlərindən söhbət gedir. Amma anadangəlmə böyrəküstü vəz hiperplaziyasından danışırıqsa, qızlarda bu, aybaşının pozulması, oğlanlarda isə cinsi inkişafın daha tez getməsi və boyun inkişafdan qalması ilə müşayiət olunur. Bu da yeniyetmə dövründə  özünü göstərir. 10-11 yaşına qədər onlarda inkişaf öz həmyaşıdlarından daha sürətli gedirsə, 11-12 yaşdan sonra əksinə olur. Bu zaman boyun inkişafı dayanır. Böyrəküstü vəzlərin anadangəlmə hiperplaziyası ağırlıq dərəcəsindən asılıdır. Elə uşaqlar var ki, onlarda xəstəlik doğulan gündən bəlli olur. Buna yalançı hermafroditizm də deyilir. 2-3 yaşına qədər bu, özünü mütləq göstərir. Amma bəzən gizli formada da gedir və 10-11 yaşından sonra bəlli olur. Bu proses qızlarda tüklənmə, aybaşı pozğunluğu və yaxud aybaşının olmamağı ilə ortaya çıxır”.

Tibb üzrə ekspert Adil Qeybulla vurğuladı ki, qəbul edilən kalori ilə sərf edilən arasında tarazlığın pozulması insanlarda diabet xəstəliyinə, metobalik sindromun inkişafına səbəb olur: “Günümüzdə, hansı xəstəliklərin sayı artmır ki? Hazırda demək olar ki, bir çox xəstəliklər öz coğrafiyasını genişləndirib. Dünyanın bir sıra ölkələrində eyni xəstəlikdən əziyyətdən çəkən insanlar var. Xəstəliklərin bir çoxu ekoloji problemlərlə, qidalanma və passiv həyat tərzi ilə bağlıdır. İnsanlar çox tənbəlləşib. Texnologiyanın inkişafı, oturaq həyat tərzi bir sıra endokronoloji xəstəliklərin yaranmasına səbəb olur. Qəbul edilən kalori ilə sərf edilən arasında tarazlıq olmalıdır. Təəssüflər olsun ki, həmin tarazlıq pozulub. Bu tarazlığın pozulması isə zamanla insanlarda diabet xəstəliyinə, metobalik sindromun inkişafına gətirib çıxardır. Oturaq həyat tərzi damarların vaxtından əvvəl kirəcləşməsinə səbəb olur. Damarlar da kirəcləşdikcə daxili orqanların fəaliyyəti çətinləşir. Bu da endokrin xəstəliklərin yaranmasına şərait yaradır. Bunu da qeyd etmək lazımdır ki, dünyada əhali sayı da artır. Bu da, adam başına düşən xəstəlik sayının çoxalmasına səbəb olur”.