Qaraciyər sirrozu dünyada çox rast gəlinən xəstəliklər sırasındadır. Sirroz qaraciyərdə fibroz toxumanın inkişafı və düyünləşmənin əmələ gəlməsi ilə xarakterizə olunur. El dili ilə desək sirroz qaraciyərin bərkiməsi, hüceyrələrin düzülüşünün pozulmasıdır. Dünyada get-gedə bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır. Əvvəllər sirrozun əsas yaranma səbəbi hepatit B və C virusları, metabolik xəstəliklər idi. Bu da sirrozun təxminən 50-60 faizini təşkil edirdi. Qalan 40 faizinin səbəbi məlum deyildi. Buna kriptogenik, yəni səbəbi bilinməyən sirroz deyilir. Son vaxtlar hepatit B-nin peyvəndinin, effektiv dərmanlarının olması ilə əlaqədar ona yoluxanların sayı xeyli azalıb. Hepatit C-nin müalicəsində son dövrlərdə demək olar ki, inqilab gerçəkləşib. Hazırda hepatit D-nin müalicəsində çətinliklər var. Hepatit viruslarının müalicəsində əldə edilən uğurlar sirrozun əmələ gəlməsinin azalacağına güman yaratsa da bilinməyən səbəblər buna imkan vermədi. Bunun da əksəriyyətinin təməlində yağlı qaraciyər adlanan patologiya dayanır.
Bu barədə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov məlumat verib.
“Qaraciyər yağlanması dünyada, o cümlədən Azərbaycanda da sürətlə artan bir xəstəlikdir, piylənmə həyat tərzi və ətraf mühitin vəziyyəti ilə sıx bağlıdır. Burada qidalanmanı xüsusi qeyd etmək istərdim. Çox, yağlı və karbohidratlı qida qəbulu, qida maddələrinin tərkibində olan müxtəlif qatqılar qaraciyərin yağlanmasına səbəb olur. Həmçinin ətraf mühitin, torpağın, suyun, havanın çirklənməsi də qaraciyərin yağlanmasının səbəblərindən biridir. Qaraciyər orqanizmin filtridir. Orqanizmə zərər verə biləcək bütün dərmanlar, maddələr əvvəlcə qaraciyərdən keçir, təmizlənir. Xeyli miqdarda zərərli maddələr qaraciyərdə təmizlənərkən orqanı da zədələyə bilir. Qaraciyərin zədələnməsinin formalarından birincisi qaraciyərin yağlanmasıdır. Yağlanma vaxtında aradan qaldırılmazsa, iltihaba, sonra isə sirroza keçir. Nəticədə qaraciyərin normal toxuması azalır, funksiyası pozulur, fibroza bağlı qan təchizatı dəyişir. Yağlanmanın səbəbini gecikmədən bilib tədbirlər görüləndə isə qaraciyər nisbətən bərpa olunur. Əgər səbəb vaxtında aradan qaldırılmasa, sirroz inkişaf edir, geriyə dönmür və özündən sonra daha ciddi digər xəstəliklərə səbəb olur, yəni qaraciyər xərçənginə, mədə-bağırsaq sistemində və digər orqanlarda ağırlaşmalara gətirib çıxara bilir. Nəticədə qaraciyərin dəyişdirilməsinə ehtiyac yaranır. Qaraciyər transplantasiyası cərrahiyyədə ən böyük, çətin, bahalı, təhlükəli əməliyyatdır. Bir transplantasiya əməliyyatında təxminən 30 tibbi personal fəaliyyət göstərir və cərrahi müdaxilə 10-15 saata qədər çəkir”, – deyə N.Bayramov diqqətə çatdırıb.
Professorun sözlərinə görə, təbabətdə diaqnostika üsulları yaxşılaşdığı üçün sirrozu erkən mərhələdə belə aşkarlamaq mümkündür: “Əgər əvvəllər sirrozu müəyyən etmək üçün biopsiya çox istifadə olunurdusa, hazırda bu üsula ehtiyac 80-90 faiz azalıb. Bunun üçün qeyri-invaziv, çox rahat elestroqrafiya deyilən bir cihaz var. Son 5 ildə bu cihazdan daha geniş istifadə olunur. Həmin cihaz Azərbaycanda da istifadə edilir və 4 mindən çox xəstədə tətbiq olunub. Ümumiyyətlə, digər orqanlar nə qədər vacibdirsə, qaraciyər də bir o qədər əhəmiyyətlidir. Onu zədələnmədən qorumaq lazımdır. Sirrozun kimdə nə zaman üzə çıxacağı bəlli deyil. Həmin xəstəlik, anadangəlmə metobolik xəstəliyi olanlarda uşaq yaşında da rast gəlinə bilər. Əgər insan gənc yaşlarında hepatit B və ya C-yə tutulub və müalicə olunmayıbsa, 20-30 ilə sirroza çevrilə bilər. Kişilərdə alkoqol mənşəli, qadınlarda isə piylənmə və qaraciyər yağlanması ilə əlaqədar sirroza çox rast gəlinir. Erkən mərhələdə diaqnozu qoyularsa və səbəbi aradan qaldırılarsa, sirrozu sağaltmaq mümkündür”.