“Boşanma zamanı əsas qadınlar əziyyət çəkir deyirlər, əslində elə deyil”

0
3901

Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?

Əmlak bölgüsü zamanı birinci növbədə rəsmi nikahın olması şərtdir: “Qanunvericiliyə görə dini nikah rəsmi nikah sayılmır. Ailə dediyimiz nikah bağlandıqdan sonra kişi və qadın arasında qarşılıqlı ittifaqın qurulmasıdır. Nikah pozulduqdan sonra əmlak bölgüsündən danışdıqda burada bölünən əmlaka baxmaq lazımdır. Buna evi, maşın, torpaq sahəsi və s. misal çəkmək olar. Nikah pozulması zamanı əmlakın bölünməsi zamanı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. O daşınan və daşınmaz mülkiyyət bölünür ki, həmin mülkiyyət birgə nikah dövründə alınıb və bu mülkiyyət evdirsə, mütləq mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınmalıdır. Əmlak bölgüsü zamanı paylar bərabər tutulur. Bərabər bölünməyə də bilər, bu isə boşanma zamanı ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: “Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, onda əmlakın deyil, o evin tikilməsinə sərf olunmuş pulun bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir”.

Nikah dövründə ər arvada hədiyyə olunan əmlak və vərəsəlik qaydasında keçən əmlak birgə əmlak sayılmır: “Lakin bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur. Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər və arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb və mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir”.

Boşanma zamanı əsasən qadınların əziyyət çəkdiyini deyirlər, əslində belə deyil: “Hər iki tərəf bu işdə əziyyət çəkir və mübahisəli məsələlərin həllində hər ikisi məhkəmə prosesində iştirak etməyə məcbur olurlar. Əslində isə ailə həyatı quran cütlük vaxtında nikah müqaviləsi bağlasa, mülkiyyətlə bağlı mübahisəli məsələlər baş verməz. Bəs Nikah müqaviləsi nədir? Ailə Məcəlləsinin 38.1 maddəsində göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.: “Əgər öncədən yuxarıda qeyd olunan nikah müqaviləsi bağlanmayıbsa, əmlakın bölgüsü zamanı hər iki tərəf əziyyət çəkir. Çünki boşanan cütlüyün hər ikisi məhkəmə prosesində iştirak etmək məcburiyyətində qalırlar. Evlənməmişdən qabaq boşanmanın şərtlərini danışmaq bizim mentatltetə uyğun olmadığına görə nikah müqaviləsi bağlanmır. Nikah müqaviləsinin bütün detalları qabaqcadan yazılı şəkildə evli cütlüklər arasında razılaşdırılaraq tərtib oluna bilər. Bura uşağın kimin himayəsində qalıb qalmaması məsələsi, alimentin ödənməsi ilə bağlı miqdar, birlikdə əldə olunmuş mülkiyyətin bölünməsi barədə, kompensasiya məsələsi, yəni kim əmlakı bütöv halda alacaqsa, mütənasib şəkildə kompensasiyanın ödənilməsi məsələsi və s. burda öz quvvəsini tapır. Nikah müqaviləsi cütlük nikah qeydiyyatından keçdikdən sonra quvvəyə minir və boşanma zamanı müqavilədə yazılmış öhdəliklərin icrasına başlanılır. Nikah müqaviləsi nikah dövründə dəyişdirilə və yenilənə bilər. Çünki birgə nikah dövründə yeni əmlak alına bilər. Və bu müqavilə notarial qaydada təsdiq olunmalıdır və nüsxələrin sayı tərəflərin sayına uyğun olaraq tərtib edilməlidir. Mülkiyyətin bölunməsi həm ailə, həm də mülki məcəllə ilə tənzimlənir. Ümumuyyətlə, mənim həyat praktikamda nikah müqaviləsi ilə bağlı yeni ailə quran cütlüklərin belə bir müqavilə bağlamasına rast gəlməmişəm. Bu müqavilənin olması tərəflərin işini asanlaşdırır. Müqavilə bağlandığı halda tərəflər məhkəməyə müraciət etmədən öz hüquqlarını qorumuş olurlar. Bizdə mülkiyyətin bölgüsü zamanı problem yarananda vəkilə müraciət olunur. Əslində problem yaranmamışdan gəlib məsləhət almaq lazımdır. Sadəcə olaraq vəkillik sahəsi pullu xidmət olduğu üçün çox adam belə məsələlərdə müraciət etmirlər və buradan da qeyd etmək istəyirəm ki, ailə qurmaq fikrində olan cütlüklərə pulsuz məsləhət verə biləcək kifayət qədər təcrübəli hüquqşünaslar var. Təki boşanma prosesi baş verməsin”.

Əli İbrahimov,

Hüquqşünas