Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü Ermənistanı işğalçı ölkə kimi tanıdı

0
471


Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü işini uğurla başa çatdırdı. Bu tədbirin əhəmiyyətini qiymətləndirmək çətindir, çünki paytaxtımızda 120 tamhüquqlu üzvü, 17 müşahidəçi dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən qurumun dövlət və hökumət başçıları toplaşmışdı.

Hərəkat böyüklüyü və nüfuzuna görə BMT-dən sonra ikinci təşkilat hesab olunur. Şübhəsiz ki, bu tədbir ölkəmiz üçün əlamətdar oldu. Ölkə rəhbərliyinin ağıllı və uzaqgörən siyasəti sayəsində Azərbaycan ağlasığmaz irəliləyiş edərək xaos və vətəndaş müharibəsi ərəfəsindəki sovet respublikasından dünyanın güc mərkəzləri tərəfindən tanınan iqtisadi dayanıqlı və siyasi stabil ölkəyə çevrilib. Azərbaycan bir daha sübut etdi ki, ən yüksək səviyyəli beynəlxalq tədbirləri qəbul etmək və trans-sərhəd nəqliyyat-enerji layihələrini həyata keçirmək iqtidarında olan bərabərhüquqlu və etibarlı tərəfdaşdır.

Sammitin Bakıda keçirilməsi və Hərəkatda sədrliyin 2022-ci ilədək Azərbaycana keçməsi faktının özü Azərbaycanın artan beynəlxalq rolunun tanınmasının, etibarlı tərəfdaş və nüfuzlu iştirakçı, müasir təlatümlü dünyada sabitlik və təhlükəsizlik adası qismind ölkəyə dərin hörmət və etimadın göstəricisidir.

Azərbaycan Qoşulmama Hərəkatında da sürətli inkişaf nümayiş etdirib. 2011-ci ildə təşkilata üzv olduqdan sonra Azərbaycan artıq 8 ildən sonra onun sədrinə çevrildi və ölkə tarixində ən iri tədbirlərdən hesab olunan bu cür mühüm beynəlxalq siyasi tədbiri parlaq şəkildə təşkil etdi.

Eyni zamanda sammitin yekunları gözləntiləri aldatmadı. Bakıda dörd sənəd qəbul edildi. Bunlardan biri tərəflərin təşkilatın rolunun yeni geosiyasi reallıqlara uyğun aktivləşdirilməsinə və Hərəkatın üzv dövlətlərin dəstəklənməsində daha dinamik və səmərəli mexanizmə çevrilməsinə razılıq verən bəyannamədir. Sənədin müəllifləri BMT-nin daha da möhkəmlənməsinə və yenilənməsinə, Təhlükəsizlik Şurasının islahatına çağırış edib. Hərəkatın üzvləri terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə əməl olunması, yoxsulluğun aradan qaldırılması və iqlim dəyişikliklərinin qarşısının alınması məsələlərinə tərəfdar çıxdılar.

Bundan başqa, tədbir iştirakçıları Qarabağ məsələsində Azərbaycanı yekdilliklə dəstəklədilər və yekun sənəddə erməni qoşunlarının Azərbaycanını işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin qəbul olunmasından 25 ildən çox müddətdən sonra da Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmadığını vurğuladılar. Sənəddə həmçinin üzv ölkələrin güc tətbiq etməmək prinsipinə və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh danışıqları yolu ilə həllinə dəstəyi təsdiq olunub. Bununla bağlı olaraq üzv ölkələrin dövlət və hökumət başçıları heç bir dövlətin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımasının, həmçinin bunun dəstək, o cümlədən iqtisadi dəstək göstərməklər dəstəklənməsinin mümkünsüzlüyünü vurğulayıb.

Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə yekun sənədə sammit iştirakçılarının üzv ölkələrin məcburi köçkünlərin hüquqlarının təmin olunması, müdafiəsi və bərpa olunması, o cümlədən onların öz evlərinə layiqli və təhlükəsiz qayıdışı sahəsində nizamlama yollarının təşviqində məsuliyyətini tanıdığını ifadə edən müddəa salınıb. Sənəddə həmçinin istənilən formada nasist və neonasist xarakterli ideologiyaların qəhrəmanlaşdırılması, “Vaffen SS” silahlı birləşməsinin keçmiş üzvlərinə abidələr ucaldılması, onların şərəfinə yürüşlərin keçirilməsi, eləcə də onların milli-azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsinin sammit iştirakçıları tərəfindən pislənməsi barədə müddəalar da daxil edilib. Mahiyyət etibarilə bu müddəada, Prezident İlham Əliyevin Aşqabadda MDB sammitində səsləndirdiyi Qaregin Njdenin Ermənistanda qəhrəmanlaşdırılması ilə bağlı tezislərinə beynəlxalq səviyyədə dəstək bəyan edilir.

Yekun sənəddə sammit iştirakçları 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işə salınmış “Bakı prosesi” nümunəsində səmərəli mədəniyyətlərarası və sivilizasiyalararası milli, regional və qlobal təşəbbüslərə yüksək qiymət verib.

Bundan başqa, Bakıda müzakirə olunmuş əsas məsələləri ümumiləşdirən yekun sənəd və Azərbaycan xalqının ünvanına təşəkkür məktubu ünvanlanıb. Sammit iştirakçıları göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürünü bildirib və Prezident İlham Əliyevi Qoşulmama Hərəkatının tarixi Sammitinin uğurlu keçməsi üçün sərgilədiyi yüksək liderlik keyfiyyətləri xüsusi qeyd olunub. Bəyannamədə həmçinin, Bakı sammitinin iştirakçıları Azərbaycan Respublikasının Hərəkatın təməl prinsiplərinə, o cümlədən Bandunq prinsiplərində əks olunan ideya və məqsədlərə, həmçinin BMT-nin Nizamnaməsində əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini yüksək qiymətləndirib:

“Biz çoxtərəfliliyin təbliği, ədalət və bərabərhüquqlu beynəlxalq düzənə əsaslanan dinc və inkişaf edən dünyanın təşəkkül tapması istiqamətində Azərbaycan Respublikasının yorulmaz səylərini alqışlayırıq… Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Sonda qeyd edək ki, Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.