M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi beynəlxalq “Coğrafi imla” keçirilib

0
672

Oktyabrın 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Rus Coğrafiya Cəmiyyətinin “Coğrafi imla” beynəlxalq maarifləndirmə aksiyası keçirilib.
MDU-nun Bakı Filialında üçüncü dəfədir təşkil edilən bu tədbirdə iştirakçılar üçün bütün zəruri şərait yaradılıb, texniki cəhətdən yüksək səviyyədə təchiz edilmiş auditoriyalar ayrılıb. Tədbir məktəblilər, tələbələr, habelə müxtəlif nəsildən olan insanlar və ayrı-ayrı ixtisas sahibləri tərəfindən böyük maraqla qarşılanıb. “Coğrafi imla”ya M.V.Lomonosov adına MDU-nun professorları və dosentləri moderatorluq ediblər. İmlanın iştirakçıları və moderatorları tədbirin yüksək səviyyədə təşkil edildiyini və layihənin reallaşdırılmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar.
İmlanın moderatorlarından biri – M.V.Lomonosov adına MDU-nun Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko deyib: “Coğrafi imla” nəinki beynəlxalq miqyasa malik hadisədir, həm də bu sahədəki yenilikləri və maraqlı olanları öyrənməyə, dünyagörüşünü genişləndirməyə imkan yaradan maarifləndirici tədbirdir. “Coğrafi imla” böyük uğur qazanıb. Bunu tədbirə gələnlərin sayının artması da göstərir. Məktəblilər, tələbələr, orta və hətta yaşlı nəsildən olan insanlar bu tədbirə böyük həvəslə qoşulurlar. Düşünürəm ki, “Coğrafi imla”nı hər il keçirmək lazımdır”.
Digər moderator – M.V.Lomonosov adına MDU-nun Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqori Çeçkin deyib: “Coğrafi imla”nın keçirildiyi yer – MDU-nun Bakı Filialı çox böyük məkandır. Artıq üçüncü dəfədir burada keçirilən imlada iştirakçılar üçün yüksək şərait yaradılıb. “Coğrafi imla”nın Bakı Filialında reallaşdırılması riyaziyyat, kimya və digər elmlərin dünya səviyyəsində tədris olunduğu bu ali təhsil ocağının imicinə böyük təsir göstərir. “Coğrafi imla”, həmçinin ölkələr arasında münasibətlərdə, o cümlədən dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynayır”.
Qeyd edək ki, “Coğrafi imla”da yaşından, sosial mənsubiyyətindən, dinindən və vətəndaşlığından asılı olmayaraq hər kəs iştirak edib. Ən gənc iştirakçı 11, ən yaşlı iştirakçı 75 yaşında idi.
Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbi kafedrasının professoru Rüfət Qasımov deyib: “75 yaşım var. Burada iştirak etmək mənə stimul verir. Heç kəs deyə bilməz ki, o, hər şeyi bilir. İnsan yaşından asılı olmayaraq ömürboyu öyrənməlidir ki, öz biliyini və təcrübəsini gələcək nəsillərə ötürsün. Böyük sayda məktəblilərin və tələbələrin bu imlada iştirak etməsi çox sevindirici haldır, çünki onlar bizim gələcəyimizdir. İntellektuallar çox olduqca Azərbaycan daha da yaxşı inkişaf edəcək”.
“Coğrafi imla”nın ən gənc iştirakçısı – Bakı şəhərindəki 18 nömrəli məktəbin V sinif şagirdi Anar Əsgərov deyib: “Altı yaşından coğrafiyaya marağım var. Xəritəyə və ya qlobusa baxanda xəyalən ölkələrə, şəhərlərə səyahət edirəm. Ölkələri, dənizləri, dağları, çayları öyrənmək çox maraqlıdır. Coğrafiya bizim planetimizin, insanların həyatının parlaq təsviridir”.
Paytaxtımızdakı 134 nömrəli məktəbin şagirdi, 15 yaşlı Selin Məmmədova bildirib: “İlk dəfədir “Coğrafi imla”da iştirak edirəm. Bunun mənim üçün böyük mənası var. Coğrafiya məktəbdə sevimli fənnimdir. Coğrafiyanın sayəsində biz planetimiz, onun iqlimi, bitki və heyvanlar aləmi haqqında maraqlı məlumatları öyrənirik. Coğrafiyanı bilmədən bir çox suallara, hətta gündəlik həyatımızda rast gəlinən suallara belə cavab vermək çətindir. Buna görə də “Coğrafi imla”nın keçirilməsini təhsil həyatımızda mühüm hadisə hesab edirəm”.
Qeyd edək ki, “Coğrafi imla”da iştirak etmək könüllü və pulsuzdur.
MDU-nun Bakı Filialında keçirilən tədbirdə imla başlanmazdan əvvəl nümayiş etdirilən Rus Coğrafiya Cəmiyyətinin videomaterialları böyük maraqla qarşılanıb.
İmla başlanmazdan əvvəl hər bir iştirakçıya imlanı yazmaq üçün blank, tapşırıqların mətni yazılmış blank paylanıb. İmlanın hər variantı 40 sualdan ibarət olmaqla çətinlik dərəcəsinə görə fərqlənən iki hissədən ibarətdir. Birinci hissə baza səviyyəsində (“coğrafi likbez”) 10 sualdan ibarət olub. Bu hissə coğrafiya haqqında hamıya məlum olan faktlar əsasında tərtib edilib. İkinci hissə (30 sual) iştirakçıdan obrazlı düşünmə, sistemli məntiq və erudisiya tələb edib. İştirakçıların təlimatlandırılması vaxtı da nəzərə alınmaqla imla üçün ümumilikdə 60 (15 dəqiqə – təlimatlandırma, 45 dəqiqə imla üçün) dəqiqə ayrılıb.
İmlanın tapşırıqlarının işlənib hazırlanmasında və yoxlanmasında coğrafiya üzrə və intellektual oyunların yaradılması sahəsində mütəxəssislər iştirak edirlər.
İmlanın nəticələri http://dictant.rgo.rusaytında yerləşdiriləcək. Hər bir iştirakçı 11 işarəli eyniləşdirmə nömrəsinə əsasən 2019-cu il noyabrın 29-da öz nəticəsini öyrənə biləcək.
Xatırladaq ki, fəaliyyət göstərməsinin 11-ci ildönümünü bu il qeyd edən MDU-nun Bakı Filialı, həmçinin beynəlxalq layihələrin və tədbirlərin yüksək səviyyədə və uğurla həyata keçirildiyi məkandır. Bu illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayevanın böyük zəhməti sayəsində universitet bir çox uğurlara imza ataraq Azərbaycanın ən yaxşı ali məktəblərindən birinə çevrilib. Filialda altı fakültə – tətbiqi riyaziyyat, kimya, filologiya, psixologiya, iqtisadiyyat və fizika fakültələri fəaliyyət göstərir. Universitetin zəngin kitabxanası, tədris prosesinin təmin edilməsi və elmi tədqiqat işləri aparılması üçün zəruri olan, demək olar ki, istənilən dərəcədə mürəkkəb eksperimental araşdırmalar aparmağa imkan verən ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları var.
Filialda həm tələbələr, həm də müəllimlər üçün lazım olan bütün şərait yaradılıb. Tədris 2012-ci ildən əsasən Bakı Filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Kampusun yataqxanalarında 200-dən çox tələbə və ali təhsil ocağının 80 müəllimi yaşayır. Bakı Filialı həm humanitar, həm də fundamental elmlər sahəsində gənc tədqiqatçıların sayının artmasına xüsusi diqqət yetirir. Artıq dördüncü ildir ki, Moskva Dövlət Universitetinin əyani aspiranturasında Bakı Filialının məzunları üçün yer ayrılır.
Filialın nisbətən qısa müddətdə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tədris və elmi-akademik fəaliyyətin bütün sahələrində qazandığı nailiyyətləri çox sadalamaq olar. Rus Coğrafiya Cəmiyyətinin rəhbərliyi məhz Filialın bütün uğurlarını və nailiyyətlərini nəzərə alaraq bu imlanın məhz MDU-nun Bakı Filialında keçirilməsi təşəbbüsü ilə Filialın rektoru akademik Nərgiz Paşayevaya müraciət edib.
1845-ci ildə yaradılmış Rus Coğrafiya Cəmiyyəti coğrafiya və digər əlaqəli elmlər sahəsində mütəxəssisləri, habelə entuziast səyahətçiləri, ekoloqları, ictimai xadimləri bir araya gətirir.
2015-ci il də Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilk dəfə Ümumrusiya “Coğrafi imla” tədbiri keçirilib. 2017-ci ildən tədbir beynəlxalq miqyas alıb və bununla əlaqədar tədbirin keçirildiyi regional məkanlar formalaşıb. Həmin il bu tədbirdə 270 min nəfər, 2018-ci ildə 376 min nəfər iştirak edib. Aksiya 97 ölkədə keçirilib.