Qanunların aliliyi Əli İbrahimovun təqdimatında

0
4002

Qanunu bilməmək məsuliyyətdən azad etmir. AMMA…

Qanun cəmiyyətdə ictimai münasibətlərin nizamlanmasında, ölkənin iqtisadi, sosial və s. problemlərinin həllində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında və onların məsuliyyət hissinin artırılmasında mühüm əhəmiyyət kəsb edən yazılı hüquqi sənəddir. Bu baxımdan qanunların hazırlanması, qəbul edilməsi və onun dərc olunub icra edilməsi, qanunla müəyyən edilən qaydada ümumi diqqətə çatdırılması əsas şərtdir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin əsas qanunu olmaqla ən yüksək hüquqi qüvvəyə malikdir. Qanunlar dərc edildiyi gündən hamı üçün məcburi xarakter daşıyır.
Qəbul olunmuş qanunların tətbiqi və icrası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuşdur. Həmin maddənin III hissəsində qeyd edilir : «… Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir».
Qanunun və digər normativ – hüquqi aktların dərc edilməsi və icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi əhəmiyyət kəsb edir.
Avropa Məhkəməsinin təcrübəsinə görə qanun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə dəqiq və dürüst ifadə edilməli, həmçinin onun təsiri altına düşən şəxslərlə rəftar zamanı özbaşınalığa rəvac vermə təhlükəsinə qarşı təminatları özündə cəmləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07 sentyabr 2004-cü il tarixli qərarında bəyan etdiyi hüquqi mövqeyinə görə, ümumiyyətlə, şəxsin hüququ, azadlıq və vəzifələrinə toxunan hər bir normativ hüquqi akt ictimaiyyətin nəzərinə çatdırılmaq üçün dərc edilmədikdə tətbiq və icra edilə bilməz.
Yalnız dərc edilmiş qanun tətbiq və icra edilə bilər. Əks halda, dərc olunmamış qanunun tətbiqindən, icrasından və onun yaradacağı məsuliyyətlə əlaqədar məsələlərdən danışmaq mümkün deyildir.
Ali Qanunumuz olan Azərbaycan Respublikası Konstitusiyanın 72-ci maddəsində təsbit olunmuşdur ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Yəni, Qanunu bilməmək və ya onu yanlış başa düşmək Qanunun tətbiq edilməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa (azad olmağa) əsas verə bilməz. Konstitusiyanın bu müddəasının hüquqi mənası ondan ibarətdir ki, hər hansı şəxs qanun pozuntusuna yol verərsə, məsuliyyətdən yaxa qurtarmaq üçün qanunu bilməməsinə və ya onu yanlış başa düşməsinə əsaslanıb müdafiə oluna bilməz, şəxsin qanunu bilməməsi və ya onu yanlış başa düşməsi onu qanunla müəyyən edilən məsuliyyətdən azad etmir.
Qanunu bilmək üçün isə qanunun mətnini əldə etmək zəruridir. Bildiyimiz kimi, qanun bir tərəfdən vətəndaşlara müəyyən hüquqlar verirsə, eyni zamanda, onlar üçün müəyyən vəzifələr və məsuliyyət də yaradır. Bu mənada qanunla üzərinə vəzifə qoyulan şəxs həmin qanunun mətni ilə tanış olmaq imkanı əldə etməlidir ki, öz fəaliyyətində müəyyən hərəkətləri yerinə yetirərkən öz vəzifələrini də bilsin. Konstitusiyanın ümumi tələblərindən irəli gələrək qanunvericilik məhz bu vəziyyəti də tənzimləyir.
Konstitusiya qanunu olan ”Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsində əks olunmuşdur ki, normativ hüquqi aktların (qanun, fərman, qərar və s.) rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, İctimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, qanunverici normativ hüquqi aktı bilmək üçün onun ümumi diqqətə çatdırılmasının yolunu həm rəsmi mətbu nəşrdə dərc edilməsi, həm də İctimai radio və televiziya kanallarında onun mətninin səsləndirilməsi formasını müəyyən etmişdir. Çox təəssüf ki, bu vaxtadək İctimai radio və televiziyada normativ hüquqi aktın mətninin səsləndirilməsi təcrübəsinə rast gəlməmişik. Rəsmi mətbu nəşr olan “Azərbaycan” qəzeti cəmi 10-11 min tirajla dərc edilir ki, bu da özlüyündə yalnız bu sayda insanların orada dərc olunan normativ aktlarla tanış olmaq imkanı qazanması deməkdir. Deməli, rəsmi mətbu nəşrdə qanunun dərc edilməsini onun ümumi diqqətə çatdırılmasında səmərəli vasitə hesab etmək mümkün deyil.
Azərbaycan Respublikası Konstitusiyasına və mövcud qanunlara əsasən qanunların, digər normativ hüquqi aktların tələblərinə əməl etmək hər bir kəsin vəzifəsidirsə və dövlət hər bir kəsdən bu vəzifəsinə riayət etməyi tələb edirsə, onda qanunların və digər normativ hüquqi aktların qanunla müəyyən edilmiş qaydada ümumi diqqətə çatdırılmasının təmin edilməsini tələb etmək də vətəndaşlarımızın hüququdur ki, onların bu hüquququn təmin edilməsi də dövlətin üzərində olan vəzifədir. Konstitusiyamızın və mövcud qanunvericiliyin tələbinə görə, dövlət bu vəzifəsini qanunla müəyyən edilmiş qaydada həyata keçirməlidir. Yuxarıda ”Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsinə əsasən dövlətin bu vəzifəsini həyata keçirmək formasını xatırlatdıq.
Təcrübədən görürük ki, bəzən vətəndaşlar tərəfindən qanunun pozulması, onların bu qanundan xəbərsiz olması, onun tələblərini bilməməsi səbəbindən baş verir. Yəni, normativ hüquqi aktların tələblərinin pozulması subyektiv amillərlə yanaşı obyektiv amillər səbəbindən də yəni, normativ hüquqi aktların mətninin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 82.2, 85.2-ci maddələrində təsbit edilən müddəaların tələblərinə əməl edilməməsi səbəbindən meydana gəlir. Odur ki, aidiyyatı dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər ki, normativ hüquqi aktların tələbləri obyektiv səbəbdən pozulmasın və vətəndaşlarımız obyektiv amillərdən yaranan səbəblərdən məsuliyyətə cəlb edilməsinlər. Düşünürük ki, qanunların ümumi diqqətə çatdırılmasına məsul olan aidiyyəti dövlət qurumları onların rəsmi dövri mətbu nəşrdə dərc olunması ilə yanaşı, onun mətninin İctimai televiziya və radio efirində səsləndirilməsini də təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.

Əli İbrahimov ,

Hüquqşünas