NATO-dan Rusiyaya mesaj: Son 20 ilin ən böyük hava-desant əməliyyatı keçirildi

Minlərlə Britaniya və Fransa əsgəri NATO ərazisi sayılan bölgələri hücumlardan qorumaq üçün genişmiqyaslı hava-desant təlimlərində iştirak edib.

Bu barədə DPA nəşri məlumat yayıb.

Mediada yayılan xəbərlərdə qeyd edilir ki, “Rhino Titan” adlanan təlim son 20 ilin ən böyük hərbi-hava əməliyyatlarından biri olub və bu təlimlərdə Britaniya və Fransa desant qüvvələri Almaniya üzərindən paraşütlə tullanıblar. Desant qüvvələri Britaniya nəqliyyat təyyarələrindən istifadə ediblər.

Həmçinin Böyük Britaniyanın 16-cı Hava-Desant Briqadası da dronlar və digər radioelektron mübarizə sistemləri ilə təchiz olunmuş düşmənə qarşı döyüş imkanlarını sınaqdan keçirib. Nəşr qeyd edib ki, Rusiya bu cür texnologiyalardan NATO-ya qarşı istifadə edə bilər.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq məlum təlimlərlə bağlı deyib: “Fransa və Almaniyadan olan müttəfiqlərimizlə birlikdə təşkil olunan bu genişmiqyaslı təlim NATO ərazisini müdafiə etmək üçün lazım olan hər yerdə hava qüvvələrini tez və effektiv şəkildə yerləşdirə biləcəyimizi nümayiş etdirir”.

Təlimlərdə ümumilikdə 600 Britaniya və Fransa desant qüvvəsi də daxil olmaqla, təxminən 2500 hərbçi iştirak edib.

Qeyd edək ki, “Rhino Titan” təlimləri ümumilikdə 7 həftə (təxminən ay yarım) davam edən genişmiqyaslı bir hərbi proqramdır. Təlimlər 2026-cı ilin sentyabr ayının ortalarında başlayıb və oktyabr ayı boyunca aktiv şəkildə davam edir.

Təlimlərin kulminasiya fazası 600 britaniyalı və fransalı paraşütçünün kütləvi şəkildə Almaniya səmalarından atlandığı əməliyyatlarla oktyabrın 20-dən 25-nə qədər olan günlərdə icra edilib.

Bu hərbi manevrlər oktyabrın sonuna qədər davam edəcək və təlim yekunlaşmaq mərhələsindədir.