Bakıda keçirilən 10-cu yubiley Azərbaycan Qran-prisi xarici azarkeşlərin sayı və bilet satışı üzrə rekord göstəricilərlə yekunlaşıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Məlumata əsasən, yarış tarihində ilk dəfə 17 mindən çox xarici azarkeş Formula 1 həyəcanını Bakı Şəhər Halqasının tribunalarından canlı izləyib. Qran-pri üçün satışa çıxarılan bütün biletlər tam satılıb və dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb. Biletlər 120-dən çox ölkənin vətəndaşları tərəfindən alınıb, xüsusilə Çindən gələn azarkeşlərin sayında kəskin artım müşahidə olunub.
Artan tələbatı qarşılamaq üçün son üç ildə dörd yeni tribuna quraşdırılıb və tribunaların ümumi tutumu 6 mindən çox artırılaraq 21 mini keçib. Bakı Bulvarındakı əyləncə zonasını gündəlik 25 mindən çox azarkeş ziyarət edib, ikigünlük konsert proqramı isə 40 minə yaxın tamaşaçı toplayıb.
Yubiley yarışını 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, mətbuatda Azərbaycan mədəniyyəti və milli ənənələri haqqında da reportajlar təqdim olunub. Qran-pri 56 xarici televiziya kanalı və platformada canlı yayımlanıb.
Nəqliyyatın hərəkətini təmin etmək üçün mərkəzdə yeni tranzit dəhliz istifadəyə verilib, yarış başa çatdıqdan dərhal sonra isə söküntü işlərinə başlanılaraq yollar mərhələli şəkildə açılıb.



