Hansı davranışdan sonra iş dəyişmək barədə düşünmək lazımdır?

Toksik rəhbəri işin ilk günlərində tanımaq həmişə asan olmur. Çünki belə insanlar əvvəlcə çox diqqətli, mehriban və dostyana görünə bilərlər. İş münasibətlərində rəhbərlə hər məsələdə ortaq fikir tapmamaq və zaman-zaman işlə bağlı mübahisə etmək normaldır. Lakin bəzi davranışlar daha ciddi problemin, yəni toksik iş mühitinin göstəricisi ola bilər.

Psixoterapevtlər toksik rəhbərin ilk əlamətlərindən biri kimi  həddindən artıq cazibədar və xoş münasibət göstərməsini qeyd edirlər. 

İşin başlanğıcında belə rəhbər yeni əməkdaşı davamlı tərifləyə, ona xüsusi diqqət göstərə və aralarında çox yaxşı münasibət yarandığı təəssüratını formalaşdıra bilər. İlk baxışdan bunda problem görünmür. Problem bu davranışın yalnız işçinin etimadını qazanmaq üçün istifadə olunması və sonradan münasibətin qəfil dəyişməsi ilə başlayır.

Psixoterapevtlərin sözlərinə görə, əvvəlcə çox müsbət münasibət görən əməkdaş sonradan daim həmin “qızıl günlərə” qayıtmağa çalışa bilər. Bu isə insanın rəhbərin növbəti tərifini və təsdiqini gözləyərək həmin münasibətə daha çox bağlanmasına səbəb ola bilər.

Rəhbər gah tərifləyir, gah da uzaqlaşır

Toksik rəhbərin başqa bir xarakterik xüsusiyyəti münasibətin gözlənilmədən dəyişməsidir. Bu gün rəhbər mehriban və müsbət davrana, sabah isə heç bir aydın səbəb olmadan soyuq, məsafəli və ya həddindən artıq tənqidi münasibət göstərə bilər.

Psixoterapevtlər  bunu psixologiyada “fasiləli möhkəmləndirmə” adlandırılan prinsiplə əlaqələndirir. İşçi rəhbərin rəğbətini və təsdiqini yalnız müəyyən vaxtlarda görür. Lakin bu, onun yenidən müsbət münasibət qazanmaq üçün daha çox səy göstərməsinə kifayət edə bilər.

Nəticədə əməkdaş rəhbərlə münasibətinin hansı səviyyədə olduğunu və ondan nə gözləməli olduğunu daim anlamaqda çətinlik çəkə bilər.

Rəhbərin hansı sözləri narahatlıq yaratmalıdır?

Psixoterapevt rəhbərin istifadə etdiyi bəzi ifadələrə də diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, rəhbər əməkdaşa mütəmadi olaraq “çox emosional” və ya “həddindən artıq həssas” olduğunu deyirsə, bu, diqqət edilməli əlamətlərdən biri ola bilər.

“Əgər bu iş sənin üçün həqiqətən vacib olsaydı, bunun öhdəsindən gələrdin” və ya “Burada işlədiyin üçün şanslısan” kimi ifadələr də narahatedici siqnallar hesab olunur.

Belə sözlər əməkdaşın öz hisslərindən və bacarıqlarından şübhələnməsinə, şirkət üçün dəyərini daim sübut etməyə çalışmasına səbəb ola bilər.