Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi baş tutub

2 oktyabr 2026 — Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində növbəti konsert proqramı Gəncə şəhərində təqdim olunub.

YAP Gəncə şəhər təşkilatının Böyük zalında keçirilən konsertdə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli opera ifaçısı Fidan Hacıyeva, akademik opera ifaçısı, respublika və beynəlxalq müsabiqə və festivalların laureatı Altun Süleymanov, eləcə də gənc solistlər Nəzrin Rəcəbzadə, Zeynəb Abdullayeva, Ləman İsmayılova və İslam Abdullayev, Nilay Qasımova çıxış ediblər.

Konsert proqramında Azərbaycan və dünya klassik vokal repertuarının seçilmiş nümunələri, opera və operetta əsərlərindən ariyalar və duetlər təqdim olunub.

Gecənin xüsusi sənət məqamlarından biri Fidan Hacıyeva və Altun Süleymanovun Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin duetini birgə ifa etmələri olub. Müəllim–tələbə əməkdaşlığının səhnə ifadəsi olan bu ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onları Mezzo kamera orkestri müşayiət edib.

Festivalın Gəncə mərhələsi klassik vokal sənətinin bölgələrdə təbliği, gənc ifaçıların yaradıcılıq imkanlarının dəstəklənməsi və Azərbaycan musiqi irsinin peşəkar səhnə ənənələri çərçivəsində təqdim olunması baxımından əhəmiyyətli mədəni tədbir kimi yadda qalıb.

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı klassik musiqinin təbliği, vokal sənətinin inkişafı və gənc nəslin peşəkar sənət mühitinə inteqrasiyasına xidmət edən mühüm mədəni layihələrdən biri kimi fəaliyyətini davam etdirir.